evlilik

Evlənmək xətrinə evlənənlər

Baxış sayı: 802

Bu yaxında bir oğlan tanışımla görüşmüşdük. Çay içə-içə, ordan-burdan danışırdıq. Qısa bir pauza yaranmışdı. Birdən dərindən ah çəkib qəmli-qəmli dedi ki, ‘iyirmi yeddi yaşım var, evlənmək vaxtımdır, ancaq hələ də evlənə bilmirəm.’

Həmin sözləri deyəndə üzündə o qədər qəm-kədər var idi ki, ona yazığım gəldi. Sanki Xoşqədəmin itkin insanlarla bağlı verilişində öz doğmasını axtaran zavallı şəxs danışırdı.

Soruşdum “niyə evlənə bilmirsən, nə olub?”

Cavab verdi ki, Bakıda şəxsi evim yoxdur, kirayədə qalıram. Hələ ki işdən aldığım maaş ürəyimcə deyil. Bizim rayonda mənim yaşda subay adama rast gəlməzsən.’

Bir anlıq istədim ‘evlənmə proqramının’ aparıcısı olub, televiziya efirindən həmin dərdli iştirakçıya tezliklə onun kimi evlənmək arzusuyla alışıb-yanan qadın namizədlərə çağırış edim. Ağlımdakı təsvirlər qəfil gülüşümə səbəb oldu. Xəyallara dalıb qəmlənən tanışım yaxşı ki, bunu tam sezmədi. Özümü yığışdırdım və ona arzusuna çatmağı dilədim.

Yuxarıda ‘alışıb-yanmaq’ ifadəsi işlətdim. Dərinə varmadım. Bəlkə də nə bilmək olar cavan oğlandır, elə intim tələbatlarını daimi ödəyən qadına ehtiyacı var. Və ya şəfqət, qarşı cinslə isti yuva, həmçinin, ailə və uşaq arzusundadır. Onsuz da bizimkilərin çoxu evlənmək və pulsuz seks xətrinə evlənirlər.. Seks tələbatı olduqca təbii və normal tələbatlardır. Ancaq işin bir ‘əmması’ var.

Diqqətlə ətrafımızda olan evli insanlara baxaq. Axı, onların neçə faizi xoşbəxtdir və eləcə də nə qədəri sırf evli olduğu üçün özünü bədbəxt hiss edir?!

Mən ailə və evlilik məsələləri üzrə ekspert deyiləm, ancaq bu mənim ətrafdakı evli insanların xoşbəxt və ya bədbəxt olmasını aydın şəkildə müəyyən etməyimə əngəl yaratmır.

Əminliklə deyə bilərəm ki, bu gün ölkəmizdəki evli cütlüklərin böyük çoxluğu qətiyyən xoşbəxt deyil. Bu acı bir həqiqətdir və mən buna görə çox üzgünəm.

Vəziyyətin bu cür pis olmasının aşkar səbəbləri var. Heç kimə sirr deyil ki, ölkədə boşanmaların sayı rekord həddə çatıb. Boşanmaların sayı kəskin şəkildə artıb. Bu hal ailə inistitutunun nə qədər zəif olmasını sübut edir. İnsanlar bir-biri ilə yola gedə, dolana bilmirlər. Əlbəttə ki, boşanmaların müxtəlif səbəbləri olur. Bura iqtisadi göstərici də aiddir.

İnsanın rahat yaşaması,  tələbatlarını ödəməsi üçün maddiyyat çox önəm daşıyır. Pul olmayanda adamların üzü gülmür. Düşdükləri vəziyyətin ağırlığı onları emosianal və aqressiv edir. Birinci elə yanlarındakı adama ‘hücum’ edirlər. Daimi gərginlik və narahatçılıq qarşı tərəfə də ötürülür və insanlar bir-birini ‘didməyə’ başlayırlar. Bu əsas səbəbdir.

Digər ciddi və önəmli nüans məhz insanların bir-birini tanımadan evlənməsidir. Bu bilə-bilə uçuruma getməyə bənzəyir. Həyatın digər məqamlarında risk etməyə hünərləri çatmayan adamlar, evlilik məsələsində asanlıqla riskə gedirlər. Azərbaycanlıların cəsarətlə risk etdiyi bəlkə də yeganə hal bir-birlərini tanımadan evlənmək riskidir. Elmdə, təhsildə, şəxsi inkişafda, iş həyatında, məntiqi yeniliklərə yaxın olmaqda belə risklərə 50 ildə çətinliklə rast gəlmək olar. Bu hal da elə bizi geri atan mövcud durumlardan biridir.

Nə isə. Adamların bir-birini tanımadan evlənmək ‘ənənəsi’ həm də Sovet vaxtından qalma mental ənənədir. Sovet dövründə ölkəmizdəki insanlar arasında boşanma halları çox az rast gəlinən olaylardan idi. Xoşbəxtliyin illuziya kimi cərəyan etdiyi  Sovet hökümətinin dövründə insanlara psixoloji basqı ilə onların fərd olaraq müstəqil qərar verməsi və seçim imkanlarını məhdudlaşdırması halı çox qabarıq idi. Alternativ yanaşma, fikir, rəy, nümunə görməyən informasiya blokadasındakı cəmiyyət inqubator formasındakı ailələrdən ibarət idi. Sonra Sovet dağıldı, müstəqillik əldə etdik. Müstəqillik isə informasiya ‘nəfəsliyini’ açdı. İnsanlar saxta mentalitetin sırıdığı çeynənmiş ənənələrə qarşı çıxmağa başladılar. Ən əsas da müti olmağa alışdırılan qadınlar ailə içində fərdi müstəqilliklərinin fərqinə vardılar. Təbii ki, informasiya bolluğu öz əks təsirlərini də göstərdi, ancaq, yenə də daha çox rasionallıqdan uzaq olmaq boşanma məsələsində əsas faktor olaraq qalır.

Mənə görə sevmədən evlənmək inanmadan ibadət etməyə bənzəyir. Bəs bir-birini sevən insanlar heç boşanmırlar?

Əlbəttə boşanırlar. İnsan mürəkkəb varlıqdır. Alınmayanda, alınmır.

Ümumiyyətlə gərək aşiq olarkən o dəqiqə evlənməyəsən. Eşq görməni məhdudlaşdırır. Müəyyən vaxt keçirməli, qarşı cinsi tanımalıyıq. Bu gün nünasibətlərdə ən az rast gəlinən praqmanı(məntiqi) işə salmaq vacib və mütləqdir!

Özümüzü psixoloji olaraq zəif hiss etdiyimiz vaxtlarda da evlənməməliyik. Bu da fəlakətə gedən yolun başlanğıcıdır. Belə problemləri həll etmədən, nə istədiyini bilmədən evlənmək də bura aiddir.

İnsan mütləq nə istədiyini bilməlidir. Məhz qarşı cinsdə də görmək istədiyi nüansları mütləq müəyyən etməlidir.

Münasibəti yeni bitənlə, qarşı cinsə əsəbi və kini qalan şəxslə də evlənmək düzgün deyil. Belələri keçmişdə ilişib qalanlardır. Onun, sizi əvvəlki münasibətdə olduğu adam ilə müqayisə etməsinə dözümlü yanaşa biləcəyiniz inandırıcı deyil.

Məsuliyyətdən qaçan, qərar qəbul edə bilməyən, vermədən almağa öyrəncəli adam sizlik deyil!

Ən əsası özünüzü xoşbəxt edə bilmirsinizsə və qarşı tərəfdə bu cür hal sezmisinizsə, evlənməyin. Evlənmək xətrinə evlənib, neqativ statistikanın bir hissəsinə çevirilməyin!

 

Orxan Adıgözəl




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir