“Müxtəlif cəmiyyətlərdə bu birgəlik rəsmi olmasa da, bizim mental dəyərlərimizə görə, evlilik hardasa bir məcburiyyətdir. Belə olan halda isə insanlar buna zövq kimi yox, yük kimi baxır. Bu isə özlüyündə mənəvi yorğunluq gətirir. Xəyanətlərin başlıca səbəbi də buna bağlıdır”. Bu sözləri psixoloq Əfsanə Rüstəmova deyir.
Nəzərə alsaq ki, ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. O zaman bu addımı elə atmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxu isə bir-birini yetərincə tanımadan verilən qərarlardan yaranır. Bəs ailə quracaq gənclər bir-birini daha yaxşı tanımaq üçün nə etməlidirlər? Seçdiyi adam, “həyatımın eşqi” dediyi adamla eynidir? Bunu necə bilmək olar?
Psixoloq deyir ki, insanın təbiəti gərəyi yaranan müxtəlif ehtiyacları var. Bu ehtiyacların ödənməsi üçün də maddi və mənəvi bütün resurlarını sərf etməyə hazırdır. Çünki yaşamın motivi də ehtiyac təmin etmədən duyulan həzzdən ibarətdir. Ac ikən yemək yemək, isti ikən sərinləmək ehtiyacını təmin etməkdir:
“İnsanlar cinsəl və duyğusal ehtiyaclarının vəhdətindən ailə-evlilik məhfumu yaratmışdır. Belə ki, bu akt zamanı insanların təməl missiyası olan nəsilartırma da yerinə yetirilə bilir.
Mental məcburiyyət olmasa insanlar istədikləri zaman (yaşda), istədikləri insanla (fərqli nəsildən, kökdən, irqdən olan) insanla həyatını birləşdirə bilər. Lakin ailələrin “sümüyümüzü it sümüyünə calama!” deyə gənclərdə yaratdığı psixoloji basqı onlara məcburi (könülsüz, cəmiyyət üçün) evlilik etməyi, xoşbəxtliyi isə kənarda axtarmağı təlqin edir”.
Psixoloq ailə qurmaq qərarı vermiş gənclərə evliliyə gedən yolda əməl etməli olduqları 5 qızıl qaydanı açıqladı:
1) Şəxsiyyətimizin formalaşdığı yaşlarda evlənməməliyik. Düşünün ki, özünü tanıma, kəşf etmə aşamasında, daha həyatdan və özündən gözləntilərinə belə qərar verməmişkən başqa birini kəşf etmək çətinlik yarada bilər. Ya çox gənc yaşda (18) ailə qurib birlikdə formalaşmaq lazımdır. Ya özünükəşf dönəmindən sonra. (Bu yaş hər kəs üçün dəyişə bilər. Şərti olaraq, 27 yaş adlandıraq.
2) Münasibətdə basqın olan duyğunun hansı olduğuna qərar verib o duyğu üzərindən seçim etmək.Məsələn, sən nazik biləkli qadın da sevə bilərsən, enli kürəkli kişi də. Amma bu münasibəti davam etdirmək üçün təkbaşına bəs edəcək bir özəllik deyil. 1ci qayda da qeyd etdiyimiz kimi, bu duyğunun nəliyinə özümüzü tanıdıqdan sonra qərar verə bilərik.
3) Fikrini, həyat təcrübəsini önəmsədiyiniz insanlarla məsləhətləşin.Çünki münasibəti yaşayan insan özü qüsurları görməyə bilir. Buna görə də 3-cü bir adamdan (yaxşı olar ki, bu tərəfsiz biri olsun) məsləhət alsın.
4) O şəxslə zaman keçirin.Əsəbi olanda, xoşbəxt olanda və s. situasiyalarda reaksiyalarına baxın. Bu reaksiyaları sizə göstərmiş olsa, həzm edə bilərsinizmi? (Kiçik bir qeyd: Oğlanların anasına qarşı münasibəti necədirsə, müəyyən zaman sonra xanıma qarşı da münasibəti eyni olacaqdır).
5) Güzəştə getmək duyğunuzu inkişaf etdirin .Uzun müddətli bərabərlik üçün insani keyfiyyətlər önəmli rol oynayır. Səbr, xoşgörü, tolerans duyğunuz nə qədər çoxdursa, o qədər uğurlu münasibət yaşayacaqsınız”.
Sonda qeyd edək ki, heç nə dünyanın sonu deyil. İmtina etmək şansınızın da olduğunu, xoşbəxtlikdən dəstək alan münasibətlərdə var olma şansınızı olduğunu həmişə bilin. Lakin imtina etməyə də tələsməyin. Çünki həyat daim yeni axtarışlar edəcək qədər uzun, biz isə o qədər gənc deyilik. Özünüzü tanımaq və duyğularınıza əmin olmaqla uzunömürlü münasibətlər yaşaya bilərsiniz.