hBv6jr

Fahişə həyatına məhkum olmuş və ana məsuliyyəti arasında qalmış qadınla müsahibə

Baxış sayı: 2. 094

Müsahibimizi təqdim etməyəcəyik – yəni adı və soyadı ilə tanıda bilməyəcəyik. Bircə onu deyək ki, Sumqayıt şəhəri ətrafında yaşayır. Qısaca deyək ki, o, anadır, amma təəssüf ki, əxlaqsız həyat tərzi keçirir. Öz dediyinə görə o, bu həyat yoluna məcburiyyətdən düşüb. Bir qız anasıdır, övladının yaxşı təhsil almasını, belə çirkablardan uzaq böyüməsini arzulayır.

Onunla söhbətimiz bir qadının taleyinə işıq tutmaqla yanaşı, bu dünyanın acı rallıqlarını da əks etdirir.

– Neçə yaşınız var?

– 37.

– Orta məktəbi bitirmisiniz?

– Bəli. 11 il oxumuşam.

– Ali məktəbə sənədlərinizi vermişdinizmi?

– Yox, qəbul oluna bilməyəcəkdim. Yaxşı oxumurdum. Toxuculuqla məşğul idim, bir sexdə işləyirdim. Sonra ordan çıxdım.

– Niyə çıxdınız?

– Müdirlə yola getmədik. Az maaş verirdi, iş də çox idi. Həm də kobud adam idi.

– Sonra başqa yerdə iş axtardın?

– Hə, bir müddət başqa sexdə işlədim. Sonra evdən məni istəmədiyim bir adama verdilər. Yaşlı idi. Onda mənim 25 yaşım var idi, onun isə 45. 5 il evli olduq.

– Niyə boşandınız?

– Başqa  bir qadınla münasibəti var idi, sonra da onunla da ailə qurdu. Onda artıq bir qızımız var idi. Daha evə həftədə bir dəfə gəlirdi. Sonra ayda bir dəfə. Artıq evə heç nə almırdı, qızına da baxmırdı. Mənim də maaşım cəmi 200 manat idi. Ayrılmaq qərarı verdim. Ayrıldıq. Başqa evə köçdüm, onsuz da o evdə də kirayə qalırdıq. Ehtiyacları ödəmək üçün sexdən işdən çıxdım, keçmiş iş yoldaşımla birlikdə kafe götürüb işlətməyə başladıq.

– Maddi vəziyyətiniz düzəldimi?

– Bir müddət yaxşı idi, sonra zəiflədi, bağlandı kafe. Gecə klublarından birində işə düzəldim.

– Bu yola da elə burada düşdün?

– Hə (ironik tərzdə gülümsəyir). Məcburən. Qızımı bağçaya, sonra məktəbə yola saldım. Ehtiyaclarını ödəyə bilmirdim. Başqa iş də tapa bilmirdim. Bütün işlərin maaşı 150 manat idi. Bu maaşla həm kirayə vermək, həm də dolanmaq mümkün deyildi.

– Tədricən hər şey adiləşdi.

– Hə, yəqin fahişəliyi deyirsiniz. Adiləşdi, çox adiləşdi.

– Qızınızın neçə yaşı var?

– 10 yaşı.

– Harda işlədiyinizi bilir?

–  Yox. Demişəm ki, restoranda işləyirəm. O, heç bilmir gecə klubu nədir.

– Demir ki, məni də iş yerinə apar?

– Deyir bəzən. Amma gətirmərəm axı heç vaxt. Mən qızımın həyatını başqa cür görürəm. O, oxumalı, çox yaxşı təhsil almalıdır. Həkim olmasını arzulayıram.

– Kimlərsə bu həyata nə üçün düşdüyünlə maraqlanırmı?

– Hə. Hərdən olur. Elə müştərilər də olur. Ancaq əksinə, çox murdar niyyətliləri də olur. Biri var idi,  dedi ki, burda 5-10 manata işləyirsən, gəl gedək Türkiyəyə, orda sənin kimi qadınlar daha çox qazanır.

– Nə əcəb getmədin?

– Qızımı düşündüm. Onu uçuruma sürükləyərdim getsəydim. Qızım Türkiyəyə fahişə anası ilə yox, yalnız təhsilinin ardınca gedə bilər.

– Necə olacaq bundan sonra?

– Onu yalnız Allah bilir. Gecə klubunda 18-19 yaşlı uşaqları görəndə yazığım gəlir. Onların valideynləri hardadır?! Çalışacam, qızımın təhsil məsələsini həll edim. Yaxşı iş tapacaq. Təbii ki, yaxşı məvaciblə iş tapsam, ayrılaram bu həyatdan. Ancaq heç kimi qınamıram, ittiham etmirəm. Elə bir bacarığım yoxdur ki, kimsə mənə yüksək maaşla iş versin. Hər kəs layiq olduğu həyatı yaşayır bəlkə də. Ağlı olan oxuyar, ya da yaxşı bir sənət öyrənər.

– Qızınız necə oxuyur?

– Əla oxuyur. Çox məsuliyyətlidir. Müəllim yanına da qoymuşam. Çalışır, müəllimlər də razıdır.

– Sizi gecə evdə görməyəndə nə deyir?

– Mən bura o yatana yaxın gəlirəm. 9-da filan gəlirəm. Deyirəm ki, gecə növbəsi işləyirəm. Gecə saatlarında qayıdıram evə. Səhər evdə oluram. İzah edirəm ki, əziyyət çəkməməyimiz üçün sən oxumalısan.

Söhbətləşdi: Vüqar

_____________________________

Bu yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində “168 saat” qəzeti  və “Xeberle.com” saytı Konsorsiumunun həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində dərc olunur. “Gencaile.az” saytı layihə çərçivəsində hazırlanmış materialların daha geniş auditoriyaya çatdırılmasına dəstək verir. 

Məqalələrdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir