Feyxoa yalnız ən yaxşı yod mənbələrindən biri deyil, meyvəsində insan orqanizmi üçün lazım olan demək olar ki, bütün vitaminlər var. Feyxoa mövsümü bitənə kimi xüsusi ətri və dadı ilə seçilən feyxoa dolması hazırlamağı məsləhət görürük. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında dadlı feyxoa dolmasının reseptini təqdim edirik.
Tərkibi:
- ½ kq iri feyxoa
- 300 qr qoyun əti
- 50 qr yumru düyü
- 1 xörək qaşığı kərə yağı
- 150 ml su
- duz, istiot
- 2 çay qaşığı şəkər tozu
- ½ dəstə keşniş
- ½ dəstə nanə
Hazırlanma qaydası:
İlk öncə feyxoaları yuyub, saplaq tərəfindən kəsin. İç hissəsini çay qaşığıyla təmizləyin. Əti ətmaşınından keçirin. İçliyi hazırlamaq üçün dərin bir qabda qiymə , duz, istiot, düyü, doğranmış keşniş və nanəni qarışdırın. Bir qabda 2 çay qaşığı şəkər tozu tökülən suyu qaynadın. Feyxoaları qaynayan suya tökün və rəngi dəyişənədək 5-10 dəqiqə bişirin. Daha sonra içliyi feyxoaların içərisinə doldurun. Dolmaları qazana düzün. Üzərinə 1 xörək qaşığı kərə yağı və 150 ml su əlavə edib 20-30 dəqiqə bişirin. Hazır feyxoa dolmasını süfrəyə qatıqla verə bilərsiniz.
Təqdim etdi: İlahə Atəş