Son vaxtlar gənclərin evlilik yaşı getdikcə artır və bunun səbəbini gənclər müxtəlif amillərlə izah edirlər.
Bəlkə, daha yaxşısına rast gələrəm?
Bu gün dünya ölkələrinin bir çoxunda gənclərin evlilik yaşının yuxarı olması bir faktdır və analoji hal ölkəmizdə də özünü büruzə verməkdədir. Bunun səbəblərinə gəldikdə isə evliliyi bir başqasının məsuliyyətini öz üzərinə götürmək kimi qəbul edən gənclər düşünürlər ki, evli olarkən insan sadəcə özü üçün yaşamır. Bir qrup gənc isə belə fikirdədir ki, evlilik insanların bir tərəfdən də müstəqilliyinin əldən getməsidir. Beləliklə, yemək ehtiyacını restorandan sifariş verməklə həll edən, çirkli paltar və qabların yuyulmasını evə gələn xidmətçi vasitəsilə həyata keçirən gənclər evliliyə ehtiyacı olmadıqlarını düşünürlər.
Burada digər amillər də rol oynayır ki, bunlardan biri də evliliklə bərabər, psixoloji olaraq ailəyə bağlılıq qorxusudur. Mütəxəssislərin fikrincə, bəzi evliliklərdə həyat yoldaşlarının bir-birinə qarşı olan sevgi hissləri ən çoxu iki il yarımdan sonra keçir və demək olar ki, başa çatır. Bundan sonra isə onların aralarındakı münasibətlər dostluğa çevrilə bilməmişsə, bu zaman evlilik çətinləşir. Bu da bir faktdır ki, hazırkı dövrdə internet texnologiyasının inkişafı ilə sosial şəbəkələrdə insanların bir-birilə asan əlaqə yaratmaları evlilik üçün cütlüklərin bir-birinə duyduqları hissləri minimuma endirib. Qarşılarında sərhədsiz bir seçim olan, davamlı olaraq “bəlkə, daha yaxşısına rast gələrəm” düşüncəsi insanların evlilik qərarını sonrakı mərhələyə keçirmələrinə səbəb olur. Bundan başqa, “evi bu cür istəyirəm, mebellər bu markadan, bu qədər qızıl olmalıdır” kimi istəklər gəncləri evliliyə qarşı daha ehtiyatlı davranmağa vadar edir.
Həmçinin insanın valideynlərinin, yaxud ətrafında yaşayan evlilərin davalarına, yaxud mübahisələrinə şahid olmaları gənclərdə evlilik mövzusunda tərəddüd və şübhə oyandıra bilər. Evlilik qorxusu xoşbəxt bir ailədə yaşamış uşaqlarda da müşahidə edilə bilər. Belə bir ailədə böyüyən uşaq başqa ruhda olur və qarşı tərəfdən də bunu gözləyir. Münasibətlərində yaşanan ən kiçik münaqişədə belə onun ana və atası qədər xoşbəxt evliliyinin olmayacağını düşünməyə başlayır. Bundan başqa, nişan və toy mərasimi adətlərinin tətbiqi və bunların yaratdığı stress də gəncləri evlilikdən uzaqlaşdırır. Beləliklə, evlilik fəlsəfəsində iqtisadi, fiziki, yaş, təhsil, etibar, mədəni uyğunluq kimi faktorlar önəmlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb ki, bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. Bu ilin əvvəlindən isə 16,1 min nikah qeydə alınıb.
Ailə = biznes razılaşması?
Psixoloq Tariyel Faziloğlu bildirdi ki, gənclərin evlənmək istəməməsinin bir çox səbəbləri var: “Sosioloji, iqtisadi, psixoloji nüanslar gənclərin evlilik qərarına böyük təsir göstərir. Sosioloji nüanslara ünsiyyət zamanı ortaya çıxan problemlər və cəmiyyətdəki doqmalar daxildir. Bunlardan ən böyüyü, məncə, insanlararası etibar hissinin həddən artıq aşınmasıdır. Yəni insanlar artıq bir-birinə etibar etmir, daim hər kəsdən şübhə edirlər. Bu da qarşı tərəfdə də adekvat reaksiyanı ortaya çıxarır. Nəticədə ünsiyyət daha dərinləşməyə macal tapmamış bitir”.
Psixoloq deyir ki, bundan başqa, Azərbaycanda son vaxtlar ailə modelində baş verən bəzi dəyişikliklər onunla nəticələnir ki, qurulan ailələr heç bir ciddi sosial dayaqlara malik olmur və ancaq emosiyalar üzərində qurulur. Buna görə də belə ailələr kiçik bir problemlə qarşılaşan kimi ya dağılır, ya da sadəcə iki fərqlli adamın bir yerdə yaşamasına çevrilir ki, bu da tamamilə ailə statusunu itirir. Hər bir xalqın gen yaddaşında olduğu kimi, Azərbaycan xalqının genofondunda özünün əxlaq və mental dəyərləri öz varlığını qoruyur və bu, insanların altşüurunda hakimdir. T.Faziloğlunun fikrincə, təbliğ olunan dəyərlərlə genofondda qorunan əxlaqı dəyərlər bir-biri ilə təzad təşkil edir ki, bu isə insanlarda fikir qarışıqlığı yaradır və nəticədə insanlar normal sosial münasibətlərə girməkdə çətinlik çəkirlər:
“Buna görə də gənclərdə evliliklə bağlı qorxu hissi yaranır. İqtisadi problemlər də gənclərin evlənmək qərarına çox ciddi təsir edir. Çünki maddi problemlərin bir çox ailələrin dağılmasında əsas faktor olduğunu gənclər daim eşidirlər. Bu da onlarda daha da çox xof yaradır. Buna görə də insanlar maddi cəhətdən tam təmin olunduqdan sonra və ya tam maddi təminatı olan biri ilə ailə qurmaq istəyirlər. Nəticədə qurulan ailələr ailədən çox biznes razılaşmalarına bənzəyir ki, bu tip ailələr də kiçik bir maddi problemlə qarşılaşdıqları zaman ailədaxili münaqişələr başlayır. Nəticədə isə çox zaman bu tip ailələr dağılır”.
Psixoloji nüanslara gədikdə isə T.Faziloğlu deyir ki, daha ciddi problemlər ortaya çıxır: “Sosial və iqtisadi problemlər eyni zamanda insanlarda psixoloji problemlərin yaranmasında da rol oynayır. Hər iki halda insanın psixikası pozulur ki, nəticədə psixoloji problemlər yaranır. Stres, depressiya, özünəinam hissinin itməsi və s. psixoloji problemlər gəncləri ailə qurmaq istəyindən daşındırır. Bundan başqa, gənclər uşaqlıq zamanı valideynlərinin münaqişəsi zamanı aldıqları psixoloji travmalar da gənclərin evlənmək istəklərinə böyük təsir edir. Amma ən əsas psixoloji problem isə gənclərin bu gün güclü şəkildə təbliğ olunan yeni yaşam tərzi ilə yaşamaq istəyi ilə altşüurunda olan mental dəyərlərin yaratdığı təzaddır. Bu zaman gənclərdə bu təzaddan doğan stres əvvəl ozünə qarşı aqressiya, sonra ərtafına qarşı aqressiya yaradır. Nəticədə həmin insan əvvəlcə özünəinam hissini itirir və bu da onun depressiya kecirməsinə səbəb olur. Depressiya kecirən insan isə əlbəttə ki, evlənmək barəsində düşünməyəcək. Ətrafının təzyiqi ilə evlənsə belə, bu evlilik sadəcə sənəd üzərində olacaq”.
Bütün bu problemlərin həllinin kompleks tədbirlər tələb etdiyini deyən psixoloqun fikrincə, buraya Azərbaycanın tarixən olan milli və mental dəyərlərinin, əxlaq kodeksinin və ailə institutunun ciddi şəkildə təbliğinin təşkili, internet resurslarında Azərbaycanın milli və əxlaqi dəyərlərinə zidd informasiya və görüntülərin qarşısını alan filtrasiya sisteminin tətbiqi və bu tip bir çox tədbirlər daxil edilməlidir. Bu kimi tədbirlər nəticəsində bir çox problemləri, o cümlədən də gənclərin evlənmək xofunu ortadan qaldırmış olarıq.
Gənclərdə ailəni dolandıra bilməmək qorxusu var
Sosioloq Əhməd Abbasbəyli isə bildirdi ki, bu gün xarici ölkələrdə evlənmə yaşı çox yüksək, təqribən 30-40 yaş arası təşkil edir: “Bu da onunla bağlıdır ki, ali təhsil almış, öz karyerasını qurmaq istəyən insanlar çalışırlar ki, müəyyən problemlərini nizama saldıqdan sonra ailə qursunlar. Amma bizdə adətən ailə ənənələrini davam etdirərək tez evlənmək ailədəkilərin təkidi ilə olurdu. Çalışılıb ki, gənclər tez evlənsinlər, bir çox hallarda bu, həqiqətən, uğurlu alınıb. Tez evlənən ailələrə hər iki tərəfin valideynləri tərəfindən daim yardım göstərilirdi. Beləliklə, gənc ailələr nə ev, nə də maliyyə problemi ilə üzləşirdilər. Yeni evlənənlər adətən oğlan evində yaşayırdılar. Uşaqların tərbiyəsi, baxılmasında valideynlərin müstəsna rolu var. Valideynlər könüllü olaraq hər zaman yardımçı olublar”.
Sosioloqun fikrincə, təəssüflər olsun ki, son vaxtlar bu məsələlərdə bəzi dəyişikliklər olub və artıq bu gün gənc ailələr daha çox müstəqil yaşamağa üstünlük verirlər. Bu zaman isə uşağa özləri baxmalı olurlar, bununla bağlı həm maliyyə, həm də digər problemlər mövcuddur. Bildirildi ki, həmçinin bu sahədə gənc ailələrin işsizlik problemi də özünü göstərir: “Yəni ailəni dolandıra bilməmək qorxusu olur. Digər aktual məsələ isə karyeradır ki, son vaxtlar gənclər bu məqsədlə xaricə üz tuturlar. Eləcə də son dövrlər bir-birini bəyənmə məsələsi var ki, müəyyən vaxt keçəndən sonra gənclər evlənməyə qərar verirlər. Həmçinin gənclər qarşılıqlı anlaşma şəklində “institutu qurtaraq, iş tapaq” kimi amillərlə bağlı razılığa gəlirlər. Valideynlər isə hazırda ancaq evlilik mərasimlərində iştirak edirlər. Bütün mövcud amillər bizdə də Qərbdə olduğu kimi evlilik yaşının artmasına gətirib çıxarır”. /milli.az/