9518cd

Bu qrip, o qripdən deyil – Diqqətli olun!

Baxış sayı: 1. 820

“Hazırda əhali arasında yayılmış xəstəlik kəskin respirator infeksiya epidemiyasıdır”. 

 

Bu sözləri movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Hava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova bildirib. Onun sözlərinə görə, hazırda əhali arasında yeni yayılmış xəstəliyin qrip növü olduğu barədə məlumatlar dolaşsa da, bu xəbərlər doğru deyil: “Müraciət edən xəstələrdən götürülən analizlər Respublika Taun Əleyhinə Stansiyada laboratoriyada yoxlanılır. Hələ ki qrip virusunun hansısa növü təsdiqlənməyib”.

Donuz qripindən söhbət getmir

N.Mürsəlova bildirib ki, mətbuatda əhali arasında yayılmış xəstəliyin H3N2 virusu olduğu barədə xəbərlər yayılsa da, belə bir qrip növünün ölkə ərazisində olduğu təsdiqlənməyib: “Yenə də deyirəm, əhali arasında hazırda yayılmış xəstəlik kəskin respirator infeksiya epidemiyasıdır. Xəstəliyin artmasının səbəbi isə tam sağalmamış yataq rejimindən qalxmaqdır ki, bu, xəstəliyin yayılmasına və şiddətlənməsinə səbəb olur. Bu cür xəstələr çalışmalıdırlar ki, tam sağalanadək yataq rejimində olsunlar. Fərdi qorunma üsullarından istifadə etməklə xəstəlikdən qorunmaq mümkündür”.

Qızdırma, kəskin öskürək, halsızlıq…

Terapevt Məlahət Abbasova bizimlə söhbətində bildirdi ki, kəskin respirator infeksiyalar geniş yayılmış, ümumi intoksikasiya, əsasən tənəffüs yolların zədələnməsi ilə xarekterizə olunan xəstəlikdir. Yaranma səbəbi isə müxtəlifdir. Bunlardan biri də qrip viruslarıdır.

M.Abbasovanın sözlərinə görə, qrip virusu orqanizmdə bir sıra hallar yaradır: “Bunlardan biri də yuxarı tənəffüs yollarının iltihabıdır. Bildiyimiz kimi, müxtəlif illərdə qrip virusu qarın ağrısı, yaxud boğaz ağrısı, ya da təngnəfəslik, güclü öskürəklə başlayır. Amma builki qrip virusu yuxarı tənəffüs yollarının respirator xəstəliyini yaradıb və yüksək qızdırma, davamlı, kəskin öskürək, halsızlıqla özünü büruzə verir”.

Xəstəlikdən necə qorunmalı?

Həkim deyir ki, xəstəlikdən qorunmaq üçün ilk növbədə immun sistemini möhkəmləndirmək, immun sistemini möhkəmləndirən dərman preparatlarından və təbii şirələrdən istifadə etmək lazımdır: “Həmçinin isti geyinmək, soyuqdəymədən qorunmaq da vacibdir. Bundan başqa, yeməyə fikir vermək, vaxtı-vaxtında qidalanmaq lazımdır. Qida rasionunda meyvə-tərəvəz, isti yeməklər olmalıdır. Virus elə bir şeydir ki, ailədə, yaxud hansısa müəssisədə bir nəfərə düşdüsə, hamı yoluxur. Elə adam var ki, onda bu virus kəskin halda, elə adam var ki orta halda özünü göstərir. Elə adam da var ki, ümumiyyətlə, heç bir əlamət büruzə vermir. Çünki həmin adamın immun sistemi möhkəm olduğundan bədənində həmin virusu öldürən virus əleyhinə maddə var”.

İş-işdən keçibsə…

M.Abbasova bildirdi ki, artıq iş-işdən keçib, qrip virusuna yoluxduqda, mütləq bu xəstəliyi yataq şəraitində keçirmək lazımdır: “Əgər adam işləyirsə, bülletenə çıxmalıdır. O demək deyil ki, adam işə gedib gəlirsə, yaxşıdır. Özünü qorumadıqda 3-5 gündən sonra adam elə xəstələnər ki, ağciyər virusuna tutular, ağciyərin iltihabı yaranar və işdən 1 ay qalmalı olar. Bir sözlə, ən azı 1 həftə yataq rejimi mütləqdir. Eyni zamanda, xəstələrə keyfiyyətli, vitaminli qidalar, antibiotiklər, orqanizmi gücləndirən preparatlar təyin olunmalıdır. Anti-bakterial müalicə öz yerində, həm də simptomatik müalicə olunmalıdır. Əgər boğaz ağrıyırsa, boğaz, baş ağrıyırsa baş ağrısı dərmanı qəbul edilməlidir. Amma bunlar xəstənin öz təyinatı ilə deyil, mütləq həkimin təyinatı ilə olmalıdır. Çünki ağciyərin vəziyyətini ancaq həkim bilə bilər. Budəfəki qripdə kəskin respirator hallar yarandığına görə onlarda kəskin təngnəfəslik, sinədə xırıltılar olur, hətta ciyərə qulaq asmadan da oradakı xışıltını eşitmək olur. Ola bilər ki, xəstə özbaşına antibiotik qəbul edər, amma lazımi dozada olmadığına görə müalicə effektiv alınmaz”.

Müalicə almadıqda…

Terapevtin sözlərinə görə, xəstəliyin ağır formasını keçirən adam müalicə almadıqda plevrit, ağciyər, limfa vəzilərinin iltihabı yarana bilər: “Ya da həmin virus beyinə, sümüyə, qana keçə, başqa xəstəliklərə təkan verə bilər. Bilirik ki, bədəndə normal halda mikroblar var və heç bir problem yaratmırlar. Amma insan zəifləyən kimi həmin mikroblar baş qaldırırlar. Sözügedən virusa yoluxan insanın böyrəyində, qaraciyərində problem varsa, həmin xəstəliklər proqressivləşə bilər”.

Sözügedən virusun qızdırma ilə müşayiət olunduğunu deyən həkim müalicə almadıqda, qızdırmanın 1 həftə, 10 gün və daha çox çəkə biləcəyini dedi: “Qızdırma bədənin cavab reaksiyası olduğuna görə ondan qorxmaq lazım deyil. Əgər qızdırma qalxıbsa, deməli, bədənin immun sistemi var ki, virusa qarşı qızdırma şəklində baş qaldırıb. Qızdırmanı yaradan səbəbi müalicə etmək, qızdırmanı tez salmaq lazımdır”.

“Kaspi” qəzeti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir