Xuraman Memmedova

Gənclərdə tükənmişlik sindromu: Nələrə diqqət etməliyik?

Baxış sayı: 907

Cəmiyyətdə, xüsusilə gənclər arasında tükənmişlik sindromu geniş yayılmışdır. Bəs görəsən, tükənmişlik sindromu nədir?

Ümidsizlik, özünə güvənsizlik, aşırı yorğunluq, tənbəllik və məqsədsizlik hissidir. Bu sindrom əsasən ailə gözləntilərinin təzyiqindən, yəni ailənin uşaqdan böyük uğurlar gözləməsindən; cəmiyyətin baxış bucağından, məktəbdə sosial və akademik fərqlərdən, iş təzyiqindən, gələcək qayğılarından və sosial medianın təsirindən yarana bilir.

Sindromun qarşısı zamanında alınmadıqda, bu hal ciddi psixoloji və fiziki fəsadlara səbəb ola bilər. Tükənmişlik sindromundan əziyyət çəkən və ya ona meyilli olan gənclərimizə bu problemlə mübarizədə dəstək olmaq hər birimizin borcudur. Tükənmişlik sindromu birdən-birə ortaya çıxan bir hal deyil – zamanla yığılan psixoloji, emosional və fiziki yüklənmənin nəticəsində yaranır. Bu sindromun öhdəsindən gələ bilməyən insanlar bəzən çıxış yolunu intiharda görür. Buna görə də psixoloq və psixiatr kimi mütəxəssislərdən dəstək almaq vacibdir.

 

1) Ailə basqısı

Məsələn, uşaqlardan məktəb qiymətlərinin yüksək olmasının tələb olunması, valideynin istəyinə uyğun hərəkət edilmədikdə psixoloji və emosional zorakılıq göstərilməsi tükənmişliyə yol açır. Bəzən valideynlər öz həyatlarında reallaşmayan arzularını uşaqlarının üzərindən həyata keçirməyə çalışır və bu alınmadıqda psixoloji təzyiq göstərirlər. Hətta bəzi hallarda valideynlər istəkləri baş tutmadıqda övladlarına fiziki zorakılıq tətbiq edir ki, bu da daha ciddi fəsadlara səbəb olur.

 

2) Cəmiyyət basqısı

Cəmiyyət basqısı əsasən insanlar arasında yaranan qısqanclıq, maddi çatışmazlıq və özgüvənsizlikdən qaynaqlanan psixoloji təsirlərdən ibarətdir. Belə ki, fərdlər tez-tez başqaları ilə müqayisə olunur. Bu müqayisələr bəzən qohumlar və ya qonşular tərəfindən yaradılır və ideal obrazlar formalaşdırır. Nəticədə, gənclərdə özünə inam azalır, özünəqapanma, intihara meyillilik və aqressiya yaranır.

 

3) Məktəb basqısı

Məktəb basqısı dedikdə müəllimlərin şagirdlər arasında maddi və mənəvi səbəblərlə ayrı-seçkilik etməsi nəzərdə tutulur. Bu basqı yalnız orta məktəblərdə deyil, bağçalar, kolleclər, peşə məktəbləri, ali məktəblər və digər təhsil müəssisələrində də müşahidə olunur. Belə basqılar uşaqlarda erkən yaşlardan psixoloji zərər yaradır və onların zamanla cəmiyyətdən uzaqlaşmasına səbəb olur.

 

4) İş basqısı

İş basqısı – gənclərin iş mühitində qarşılaşdığı psixoloji təsirlər toplusudur. Buraya işçilər arasında edilən ayrı-seçkilik, vəzifə və səlahiyyətlərin ədalətsiz bölgüsü, təhsil və vəzifə uyğunluğunun olmaması daxildir. Məsələn, işçilərin uğurlarının görməməzliyə vurulması, əməklərinin qiymətləndirilməməsi, balanssız mükafatlandırma və cəzalandırma sistemi kimi hallar bu basqıya səbəb olur.

 

5) Gələcək qayğıları

Gənclərin gələcəklə bağlı daşıdıqları qayğılar – mükəmməllik təzyiqi, yüksək maddi gözləntilər və həyatın planlaşdırıla bilməməsi – tükənmişlik sindromuna səbəb olan əsas amillərdəndir. Məsələn, bu gün bir çox gəncin ailə qurmaqla bağlı heç bir planı yoxdur və ya bu planları mümkün qədər uzaq vaxta təxirə salır.

 

6) Sosial medianın təsiri

Sosial mediada başqalarının “ideal” həyatlarını görən gənclər bu təsvirləri öz real həyatı ilə müqayisə edirlər. Digərlərinin problemsiz, zəhmətsiz, xoşbəxt və zəngin həyatlarını izləmək onların zehində qeyri-real ideallar formalaşdırır və bu da məyusluq, özünə qarşı narazılıq doğurur.

 

7) Mənəvi boşluq və kimlik axtarışı

“Mən kiməm?”, “Niyə yaşayıram?” kimi cavabsız qalan suallar gənclərdə mənasızlıq hissini və tükənmişliyi artırır. Kimlik formalaşmaması onların daxili boşluq hissini gücləndirir.

 

Tükənmişlik sindromunun insana həm psixoloji, həm də fiziki təsirləri olur. Psixoloji fəsadlara depressiya, yaddaşsızlıq, diqqətsizlik, yorğunluq, istəksizlik, iştahsızlıq və yuxusuzluq kimi problemlər daxildir. Bu cür hallar gənclərin intihara meylinin artmasına səbəb ola bilər.

 

Həll yolları

Doğru qidalanma, özünü tanıma və qəbul etmə, vaxtın səmərəli idarə olunması, sosial mediadan istifadəni məhdudlaşdırmaq, kitab oxumaq, zehni və fiziki istirahət, təbiətdə daha çox zaman keçirmək, valideynlərlə dialoqlar vasitəsilə yaranan anlaşmazlıqları empatiya ilə aşmaq faydalı ola bilər. Əlavə olaraq yüngül idman hərəkətləri də tövsiyə olunur.

 

Belə hallarda gənclərlə necə davranmalı?

Əvvəlcə, tükənmişlik sindromundan əziyyət çəkən gənclərlə empatiya qurmaq vacibdir. Onlara aqressiv yanaşmaq olmaz, bacarıqlarından kənar gözləntilər irəli sürülməməlidir. Gəncin vəziyyətini başa düşmək, ona çıxış yolu göstərmək və psixoloji, həmçinin maddi dəstək vermək hər kəsin vəzifəsidir.

 

Unutmayaq!

Gənclik yalnız çalışmaq və uğur qazanmaq deyil, həm də özünü tanımaq, sevmək və yaşamağı bacarmaqdır. Tükənmişlik sindromu bir siqnaldır – gənc nə qədər irəliləmək istəsə də, bəzən dayanmaq, nəfəs almaq və yenidən başlamaq lazımdır. Bu məqalə, həmin dayanmağın və yenidən başlamağın səsini çatdırmaq məqsədi daşıyır.

 

Tövsiyəm

Psixoloq olaraq tövsiyəm budur: həyatda uğurlu və xoşbəxt olmaq istəyirsinizsə, ilk növbədə özünüzü tanıyın, öz dəyərinizi anlayın, duyğularınızı inkar etməyin. Kiçik addımlarla irəliləyin, mütəxəssisdən dəstək almaqdan çəkinməyin, özünüzə qarşı şəfqətli olun və dəyərlərinizi qoruyun. Hər bir insanın inkişaf yolu fərqlidir – başqaları ilə deyil, dünənki “özünüz”lə müqayisə edin.

 

Psixoloq Xuraman Məmmədova




9 şərh “Gənclərdə tükənmişlik sindromu: Nələrə diqqət etməliyik?

  1. Sevda Əliyeva

    Men qizima bu yazini gonderecem. 10 sinifde oxuyur, hele ozu de bilmir ne isteyir. Her seye aglayir, her seyden usenmir. Men dedim bəlkə tükənmişlikdi, o dedi “mama bezmishem sadəcə”. Ay Xuraman xanım, ALLAH sizdən razı olsun ❤️

    Cavabla
  2. Qumru Quliyeva

    Ay bala Allah kömeyin olsun!. Indi usaglar cox cetin veziyyetdedi, kimse dinlemir. Hamisi aciq-açıq telefona, darda qalanda da deyiller depresiyayam. Amma bele yazilar lazimdi, bəlkə bir az dussuneler. Allah canina deymesin senin

    Cavabla
  3. Asif Əhmədli

    valla ay xanim siz yazdiz men ozumu gordum yazida. her gun dururam hec bir heyecan yoxdu. ne ise can atmaq isdemirem. hamisi eyni gelir. bide ne vaxt duzelecem onu da bilmirem.

    Cavabla
  4. Cəmalə Qiyasova

    Çox yaxşı yazıdır, amma məncə, gələcəkdə bu kimi yazılarda gənclərin real təcrübələrindən (anonim olsa belə) sitatlar əlavə etmək, mövzunun daha da canlı və inandırıcı olmasına töhfə verə bilər.

    Cavabla
  5. Kamran

    Men de bu durumdayam hal-hazirda. Nece illərdi ozume gələ bilmirəm. Psixoloqa getmək lazımdır, amma həm vaxt, həm də maddiyyat olmur. Allah hamımıza kömək eləsin.

    Cavabla
  6. Tamam Ağayeva

    bele yazilar cox olmali. bizde kimse psixoloji deyende guluir. ama bu real veziyyetdi. men de bu haldan kecdim. 1 il ozume gelebilmedim. indi psixoloq yardimi aliram.

    Cavabla
  7. Kamilə Fərəcova

    Ay qizim bu cox dərin mevzudu. Esas da ailelerin usaglarin ustune cox getmesi. Men oz oglumda gordum bu halari. Sonra danisdim, bir az rahatladi. Allah size komek olsun, bele yazilarla cox adami ayildirsiz.

    Cavabla
  8. Ramilə Babayeva

    Ən çox “mən kiməm?” hissəsinə toxunmağınız məni tutdu. Bu sual məni aylarla narahat edir. Özümə yer tapa bilmirəm, elə bil içimdə kimlik qalmayıb. Təşəkkür edirəm bu yazıya görə.

    Cavabla

Ramilə Babayeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir