Bu gün bir vaxtlar pıçıltı ilə danışdığımız söhbətlər açılıb-ağardılıb. Xüsusilə, qadın–kişi münasibətlərində ağılagəlməz müşahidələr yaranıb. Anormal ailə bağları, vətəndaş nikahının rəsmi nikahı üstələməsi, istəyənin kefinə görə boşanması və. s. Bir dəb də son vaxtlar üçün xarakterizə olunur. Bu da gənc oğlan və qızların özlərindən yaşca böyük, və ya çox böyük əkscinsi ilə sevgi yaşamasıdır, yaxud belə münasibət qurmağa meyilli olmasıdır. Məşhurlar arasında da bu, sanki dəb halını alıb. Məsələn, Maksim Qalkin və Alla Puqaçova cütlüyü, Madonnanın və Cenifer Lopez kimi ulduzların özündən 20 yaş kiçik sevgilisi ilə eşq yaşamaları buna nümunədir. Görəsən bu nə ilə bağlıdır?
Kişilərin gənc qızlarla oturub-qalxmasının necə deyərlər, tarixi kökləri var. Amma indiki qızların yaşlı kişilərlə lap məşuqə statusu ilə yaşamaq istəməsi xeyli maraq doğurur. Eləcə də gənc oğlanlar ailəli və ya özlərindən 15-20 yaş böyük xanımlarla sevgi münasibətləri qurmaqdan çəkinmirlər. Zəif ictimai qınaq qarşısında vəziyyət xeyli dərinləşib.
“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri, ekspert Zenfira Mustafayeva bildirdi ki, bölgələrdən müxtəlid ad altında şəhərə axışıb gələn qızların çoxu yüngül qazanc, rahat yaşayış və maddiyat axtarırlar: “Müxtəlif insanlarla cinsi əlaqəyə girirlər. Düşünürlər ki, həkim bakirəliklərini bərpa edəcək və ailə quracaqlar. Elə yalanlar buradan başlayır. Xəyanətin təməli hələ ailə qurulmamışdan qoyulur. Fahişəliyə cəlb edilən qadınlar sonradan, hətta onlara iş təklif edildikdə belə bu peşələrdən əl çəkmək istəmirlər. Çünki belə qadınlar bədənlərini çox asanlıqla hərraca qoyurlar. Yalanlar onların əsil həyatına çevrilib.”
Z. Mustafayevanın qənaətinə görə, özlərindən yaşca böyük qadınla münasibət yalnız məqsədli ola bilər. Keçmiş zamanlarda da yaşlı dul qadınlar gənc oğlanlarla izdivaca giriblər: “Məsələn, Edit Piaf 90 yaşında 23 yaşında gənclə ailə qurmuşdu. Bəzi insanlar öz yaşları ilə barışmaq istəmirlər. Daxili enerji və istəkləri çox olur. Alfonsların sayı artmaqdadır. Asan qazanc, asan yaşayış, maddiyat axtarışında olan gənclər bu yolu tuturlar.”
Filosof Müşfiq Şükürov hesab edir ki, insanlara öz həyatlarını istədikləri kimi yaşamağa, həyat təcrübələrini toplamağa mane olmaq yaxşı hal deyil: “Təkcə ona görə ki, bunlar bizim estetik dəyərlərimizlə ziddiyyət təşkil edir? Əgər mənə real əngəl yaratmayan bütün təcrübələrə qınaqsız yanaşa bilirəm. İndi azadlığın çoxaldığı zamandır. Sosial eksperimentlər artıb bir az. Hərçənd tarixi heç nə
ilə təəccübləndirmək mümkün deyil. Bunlar da olub həmişə. Gənclər fərqlidir. Hər cür gənc var. Qalkinin seçimi mənim üçün anlaşılmaz olsa da, bu başqasının həyatıdır və məni narahat etmir.”
Onun sözlərinə görə, burada bir sıra məqamlar var ki, o da narahatçılıq törədir: “Ümumiyyətlə, burda narahatedici əksinə odur ki, ictimai rəy və qınaq deyilən bir şey var ki, o insanların həyatlarına müdaxilə etməyə meyllidir. Yeri oldu, olmadı. Məsələn bu cür müzakirələr Tv-də də aparılır. Mən başqa insanların şəxsi həyatlarına və seçimlərinə hörmət edirəm. Əgər onlar mənə öz seçimlərimi etməyə mane olmurlarsa. Bu halda Qalkin mənə qətiyən mane olmur öz estetik dəyərlərimi seçməyə. Ona görə bunda problem görmürəm.”
Psixoloq Samirə İsmayılova isə bildirdi ki, əvvəl nadir hallarda şahidi olduğumuz bu kimi hadisələrə indi Azərbaycanda “epidemiya” kimi daha çox rast gəlinir: “Bu sual çox zaman məni düşündürdü. Görən nədən kişilər yaşca özlərindən böyük qadınlara üstünlük verirlər. Bir çoxları ilə psixoloji konsultasiya zamanı bunun bir çox səbəblərinin olduğunun şahidi oluruq. Cəmiyyətimizdə bir çoxları qınaq obyektinə çevrilməmək üçün bu münasibətləri gizli saxlayırlar.”
S. İsmayılova qeyd etdi ki, hansı bir oğlanda EDİP kompleksi (oğul övladının anaya qarşı duyduğu şüursuz sevgi) nə qədər güclüdürsə o zaman özündən yaşca böyük qadına meylilik daha güclü olur: “Məsələn, anasından gördüyü qayğını, diqqəti, təmizliyi hətta bişirdiyi yeməklərdə də belə qadından gözləyir və tələb edir. Bunları görmədikdə anası ilə müqayisə etməyə başlayır. Oglanın yaşca özündən böyük qadınla olmaq istəməsi şüuraltı olaraq ananın oğluna verdiyi qayğını həmin adında axtarmaq istəməsidir. Sevdiyi qadın yaşca böyükdürsə o həm kişinin məşuqəsi, həm sevdiyi qadın, həm də onun anası rolunu oynayır. Digər bir misal kimi qeyd etmək olar ki, bir oğlanın ailədə ərköyün böyüməsi, istəklərinə asanlıqla çatması daha sonradan onda böyük çətinliklər törədir və özündən yaşca böyük qadından həm diqqət, həm qayğı, həm də maddı cəhətdən ona kömək olması ondan maddı cəhətdən asılı düşməsinə və öyrəşməsinə səbəb olur. Sənəddə 25 yaşı göstərsə də intelekt səviyyəsi, dünyagörüşü onun öz yaşıdı olan qadınla münasibət qurmağa böyük çəıtinliklər yaradır. Bu da ki, yenə də özündən böyük qadına meyilliliyi yaradır.”
Psixoloq sözlərinə onu da əlavə edib ki, bütün bu problemlərin əsasını sevgi təşkil edir: “Əgər iki şəxs arasında mənəvi münasibətlər fizioloji münasibətlərdən üstündürsə yaşın heç bir fərqi yoxdur.”
Ramil Zeynallı