xestelik

Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?

Baxış sayı: 1. 775

“Pediatrın və terapevtin xəstəyə baxışı orta hesabla 9-10 dəqiqə, həkimin ümumi müayinəsi isə 12 dəqiqə çəkməlidir” – Rusiyanın Milli Tibb Palatasının ekspertləri ilə Rusiya Səhiyyə Nazirliyinin hazırda xəstələrin yeni qəbul normalarını müəyyənləşdirmək üçün apardıqları bu müzakirə birmənalı qarşılanmır. Sosial şəbəkələrdə isə insanlar artıq narahat olmağa başlayıblar: “Məgər xəstəyə bu vaxt ərzində keyfiyyətli baxmaq və ona dəqiq diaqnoz qoymaq mümkündür?» Pasiyentlər bu müzakirələri həkimlərin öz iş yüklərini azaltmaq istəyi kimi dəyərləndirirlər.

Həqiqətdə həkim xəstənin qəbuluna nə qədər vaxt sərf etməlidir? Ruslar hesab edirlər ki, poliklinikalarda qəbul vaxtı üçün normativlər həmişə olub. Belə ki, sovet dövründə bu vaxt 12 dəqiqə müəyyənləşib. 80-ci illərdə isə bu qayda dəyişdirilib – hər bir region və hər bir tibb müəssisəsi öz qəbulunu necə keçirməyi müəyyənləşdirib. Burada əhalinin sayı, vacib mütəxəssislərin iştirakı və ya yoxluğu rol oynayıb. Eyni zamanda, hər həkimin iş yükü də nəzərə alınıb. İndi hesab edilir ki, həkimlə xəstənin əlaqəsi pediatr üçün – sorğu, baxış daxil olmaqla 9 dəqiqə, həkimin ümumi praktikası üçünsə 10 dəqiqə nəzərdə tutulmalıdır. Bundan əlavə, həkimin əlini yuması, xəstəlik tarixçəsini doldurması, resepti yazması üçün ayrılan vaxt isə 3-4 dəqiqə hesablanır. Bütünlükdə qəbul – 15-18 dəqiqəni əhatə edir. Ancaq Səhiyyə Nazirliyi bunu əmr və ya göstəriş kimi qiymətləndirməyib. Belə ki, heç kim həkimin qarşısına limit qoya bilməz. Bununla belə, poliklinikanın işini planlaşdırmaq, xəstələrin qəbulunu təşkil etmək üçün orta normativlər lazımdır. Həkim isə xəstəyə onun sağlamlıq vəziyyəti nə qədər vaxt tələb edirsə, o qədər baxmalıdır.

«İlkin xəstələr daha çox vaxt tələb edirlər. Təkrar qəbul isə qaydaya uyğun olaraq qısa olur. İnsanlar profilaktik baxışa gəlirlər. Onların arasında xroniki xəstələr, müntəzəm dərman yazdıran pasiyentlər var. Ona görə də sərt reqlament normalarından danışmağa dəyməz. Biz sadəcə bunu müalicə müəssisələrinin öz öhdələrinə buraxırıq ki, öz işlərini planlaşdırsınlar» – deyə Səhiyyə Nazirliyinin Tibbi Təhsil, Sağlamlıq və Kadr Siyasəti Departamentinin rəhbəri Tatyana Semyonova bildirib. Bundan əlavə, nazırlik rəsmiləri bu rəqəmlərin havadan götürülmədiyni qeyd edirlər. Belə ki, bir neçə regionda pediatrların xəstələrlə qısa ünsiyyəti müşahidə olunub: «Həkimlərin iş şəraiti müxtəlif müalicə müəssisələrində fərqlidir. Xəstənin kompyuterlə müayinəsi tələb olunan yerlərdə həkimin xəstə ilə işləməsi daha asandır. Kompyuter həkimi uzun-uzadı yazmaqdan və xəstəyə nələrisə izah etməkdən azad edir”. Səhiyyə Nazirliyi həkimlərin işini asanlaşdırmaq üçün onların funksiyasının bir hissəsini orta tibbi personala həvalə etməyi də düşünür: “Olsun ki, bunun üçün poliklinikalarda həkim qəbuluna qədər “Tibb bacısı kabinetləri” açılsın. Məsələn, həkimə qədər tibb bacısı xəstənin temperaturunu, təzyiqini ölçə, ona ən adi baxış keçirə bilər”. Artıq Samara vilayətində həyata keçirilən belə bir təcrübə həkimlərin işinə xeyli kömək edib. Səhiyyə Nazirliyi də yalnız bu təcrübəni yaymağa üstünlük verir.

Eyni zamanda, qonşu ölkənin Səhiyyə Nazirliyi öz müşahidələrini dərinləşdirmək üçün Avropa dövlətlərinin səhiyyə sisteminin iş metodları ilə də maraqlanıb. Məlum olub ki, Mərkəzi və Şərqi Avropa ölkələrində fəaliyyətdə olan adi dövlət poliklinikalarında həkimin baxışı 15 dəqiqə, ağır xəstələr olanda isə 30 dəqiqə çəkir. Böyük Britaniyada orta hesabla həkim il ərzində təxminən 2000 pasiyentə baxır. Onların da hər biri təxminən 15 dəqiqə vaxt alır. Eyni vəziyyətə Latviyada rast gəlmək mümkündür. «Biz əvvəlcə ailə həkiminə müraciət edirik. O, demək olar ki, ümumi həkim sayılır. O, şikayətləri eşidir, qeyd edir, analizlərə və lazım gələrsə başqa həkimlərin qəbuluna göndərir. Ailə həkiminin qəbulu təxminən 15 dəqiqə çəkir. Bir saata həkim 4 xəstə qəbul edir. Stomatoloq isə xəstəyə ən azı 30 dəqiqə vaxt sərf edir» – deyə latviyalı hüquq müdafiəçisi Aleksandr Qoponenko bildirib. Onun sözlərinə görə, həkimin maaşı da ayda neçə xəstəyə baxmasına görə müəyyənləşir.

Finlandiyada da vəziyyət eyni nümunə üzrə gedir. İnsanlar aylarla həkimin qəbulunu gözləyir, yaxud bir neçə saat növbəsini gözləmək üçün onun qapısında otururlar. Nəticədə yalnız həkimlə 15 dəqiqə ünsiyyətdə olurlar. Bir çox finlilər pulsuz tibbin bu şərtlərinə dözə bilmir və ödənişli həkimlərə müraciət edirlər. Amma əvəzində həkimlə ünsiyyət üçün 50 avro ödəyirlər. Üstəlik, başqa bir həkim yanına göndəriş, yeni qəbul, analizlərin nəticələri, diaqnoz və müalicənin proqramını bilmək üçün 200 avro da ödəməli olurlar.

12-15 dəqiqə – absurd reqlament

“Sağlam bədəndə sağlam ruh olar”- deyə xəstələrə tövsiyələr edilən bizim ölkədə həkimlərin də pasiyentlərə yanaşma metodu fərqlidir. Hansınınsa qəbulunda xəstələr heç dərdlərini axıra qədər söyləyə bilmirlər. Belə ki, bəzən həkimlər nəinki xəstəni yaxşı dinləmir və onun suallarına cavab vermir, ilkin baxışı da başdansovdu həyata keçirirlər. Pasiyentə nəzakətlə yanaşan və işini bilən həkimlər üçünsə həmişə dəhlizlərdə növbə düzülür və xəstələr də onların yanına düşməyə cəhd edirlər.

Professor Adil Qeybulla isə hesab edir ki, xəstələrə baxışa reqlament iki şərtlə qoyula bilər: müəyyən xəstələr var ki, həkimə gələrkən hansısa bir limitin olduğunu nəzərə alırlar. Məsələn, görürlər ki, bəzi xəstələr həkimin vaxtını xeyli alır, növbədə çoxlu insan gözləyir və s. “Digər tərəfdən, sığorta təbabəti tətbiq olunduğu halda, bu, vacibdir. Ancaq fikrimcə, təbabət elə çətin bir sahədir ki, bəzən xəstələrin diaqnozunu müəyyənləşdirmək üçün nəinki 10-15 dəqiqə, heç 10-15 gün də yetərli olmur. Təbabətdə çox çətin məsələlər var. Ona görə xəstə ilə həkimin ünsiyyətinin 12-15 dəqiqə olmasını tətbiq etmək yersizdir”. Bununla belə, professor hesab edir ki, xəstələr çalışmalıdır ki, həkimin vaxtını almasın, yersiz suallar verməsin: “Həkim də mümkün qədər aktiv işləməlidir. Bununla yanaşı, hər şeyin optimal vaxtı var”.

Həkimin bir saatda yalnız 5 xəstəni qəbul etməli olduğuna gəlincə, professor hesab edir ki, həkim bir saat ərzində 5 xəstə də qəbul edə bilər, 2 xəstə də. Belə ki, bu, xəstəliklərin növündən, ağırlıq dərəcəsindən asılıdır: “Yaxşı olardı ki, reqlament fərdi müəyyən olunsun. Əksər hallarda elə xəstələr var ki, həkim onu bir neçə il müşahidə altında saxlayır. Həkim həmin xəstənin analizini yaxşı tanıyır, orqanizminə bələddir. Bəzən də elə xəstə gəlir ki, həkim heç onu tanımır, şikayətini deyənə qədər 15 dəqiqə keçir. Bundan sonra da həkim ona diaqnoz qoymalı, müalicə etməlidir. Ona görə də bu məsələdə reqlament absurddur”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir