aile

Həyat yoldaşınızı tənqid edirsinizmi?

Baxış sayı: 651

Hər şeydən əvvəl deyək ki, burada müsbət yox, mənfi tənqiddən söhbət gedir…

“Həyat yoldaşınızı tənqid edirsinizmi?” sualına çoxları “Bəli, tənqid edirəm, ancaq həmişə həqiqəti deyirəm”, – cavabını verirlər. İstər yalan olsun, istər həqiqət, mənfi mənada edilən hər bir tənqid çox vaxt qarşılıqlı anlaşmazlığa səbəb olur. Çünki həqiqət dediyiniz şey ancaq sizin üçün həqiqətdir, hamının qəbul etdiyi bir həqiqət deyil. Başqa sözlə, siz hər hansı bir məsələdə özünüzə görə haqlı ola bilərsiniz, həyat yoldaşınıza görə yox.

AILE

İndi isə, gəlin birlikdə bir neçə tənqid cümləsinə və bu cümlələrin daşıdığı mənalara baxaq… “Çox köksən”, “Çox məsuliyyətsizsən”, “Televizora çox baxırsan”, “Nə məni, nə uşaqları düşünürsən” və s. Təbii ki, bu misalların sayını artırmaq da olar. İndi isə bu cümlələrdən bir neçəsini təhlil etməyə çalışaq. Məsələn, mütəmadi olaraq həyat yoldaşına kök olduğunu deyən və ya onu televizora çox baxmaqda ittiham edən tərəf bu yolla həyat yoldaşından onun istədiyi qəlibə girməsini tələb etmiş olur. Bu cümlələr həmçinin “Səni müəyyən şərtlər daxilində sevirəm” və ya “Səni olduğun kimi qəbul edə bilmirəm” deməkdir. Və ya “məsuliyyətsiz”, “düşüncəsiz” kimi ittihamlara məruz qalan tərəf üçün məsuliyyətin və ya düşüncənin standartları başqa ola bilər. Bu isə tərəflərin bir-birilərini anlamamasına və ya bir tərəfin qarşı tərəfin onu yersiz ittiham etdiyini düşünməsinə gətirib çıxara bilər. Bu cür tənqidlərlə hər hansı bir nəticəyə də nail olmaq olmaz.

aile

Əgər bir tərəf qarşı tərəfdə bəzi dəyişikliklərin olmasını istəyirsə, bunu məqsəddən kənara çıxmamaq şərti ilə etməlidir. Bu isə ancaq sərt tənqidləri və ya yersiz ittihamları bir tərəfə qoymaqla mümkündür. Nəyi nə üçün istədiyinizi həyat yoldaşınıza izah edə, qarşılaşdığınız problemlərdə həyat yoldaşınızın köməyinə ehtiyac hiss etdiyinizi deyə bilərsiniz. Hətta bunun üçün bəzi alternativ yollar da təklif etmək olar. Məsələn, həyat yoldaşınızı televizora çox baxdığı üçün ittiham etmək əvəzinə, onunla söhbət etmək ehtiyacı hiss etdiyinizi, ancaq televizorun həmişə açıq olmasının buna mane olduğunu deyə bilərsiniz. Beləliklə, həm həyat yoldaşınızı mühakimə etməmiş, həm də onun köməyini almış olarsınız.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir