“Medprosvet” MMC-nin baş direktoru, həkim Zaur Orucov məsələ ilə deyir ki, onun müasir elmi izləyən çoxlu yaşlı həmkarları var: “Həmçinin gənc və orta yaşlı elə həkimləri də tanıyıram ki, necə gəldi işləyirlər. Ona görə də tibbi bilik baxımından 70+ həkimlərin işinə heç bir maneə görmürəm. O, başqa məsələdir ki, həm onlara, həm də gənclərə nəzarət olmalıdır. Amma bu, ümumiyyətlə, yaşla bağlı məsələ deyil”.
“Daha bir məqam var: ölkəmiz pensiyaçılar üçün çox şey etməyə çalışır. Dünən bu gündən daha pis idi və sabah daha da yaxşı olacaq. Amma biz hələ ki, bu sahədə uzun bir yol keçməliyik və əslində indi pensiya ilə yaşamaq son dərəcə çətindir. Təqaüdçü üçün işləmək bəzən sağ qalmaq məsələsidir. Bunu da nəzərə almaq vacibdir”, – deyə Orucov bildirib.
Təhsil eksperti Səbinə Əliyeva da pedaqoji fəaliyyətdə yaş məhdudiyyətinin əleyhinədir. Onun AYNA-ya dediyinə görə, yaşa deyil, işin keyfiyyətinə fikir vermək lazımdır: “Vurğulamaq lazım olan budur. Və təbii ki, ISO 9001 standartı tətbiq edilməlidir. İstedad və peşəyə sevgi həkim üçün vacib olduğu kimi müəllim üçün də vacibdir. Əgər müəllim başqa məsələlərlə məşğul olur və öz işini unudursa, keyfiyyətə ümid edə bilməzsən”.
“Yaşlı müəllimlər çox vaxt pedaqoji universiteti yeni bitirmiş müəllimlərlə müqayisədə öz vəzifələrinin öhdəsindən daha yaxşı gəlirlər. Bu, ilk növbədə, orta məktəbdə müəllimliyə aiddir. Universiteti yenicə bitirmiş qızlar (oğlanlar nadir hallarda məktəb müəllimi olurlar) çox vaxt heç auditoriyanın öhdəsindən gələ bilmirlər. Şagirdlər onu daha çox həmyaşıd kimi qəbul edirlər. Yaşlı nəslin müəllimləri həyat görüblər, daha müdrikdirlər və bu faktoru nəzərə almaq lazımdır”, – deyə həmsöhbətimiz söyləyir.
Əliyeva diqqətə çatdırıb ki, bütün müəllimlərin obyektiv tibbi müayinədən keçirilməsi məcburidir: “Söhbət təkcə flüoroqrafiyadan yox, həm də psixoloji müayinədən gedir. Məktəblərdə müəllimlərin təkcə bilikli deyil, həm də sabit və təmkinli olmaları vacibdir”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov xatırladır ki, hazırda qanunvericiliyə əsasən, pensiya yaşı 65-dir: “Bundan sonra isə pensiya yaşına çatmış müəllimlə beş il müddətinə bir illik əmək müqaviləsi bağlamaq olar. Nəticədə 70-ə qədər işləyə bilər. Əməkdar müəllim adı varsa, 70 yaşdan sonra da işləyə bilər. Mövcud variant ümumən pis deyil – ancaq obyektiv yanaşma olduqda. Hər şey müəllimin hansı nailiyyətlərə malik olmasından, onun işinə nə qədər ehtiyac olmasından və sairdən asılı olmalıdır. Amma təbii ki, əsas meyar müəllimin yaşı yox, yaxşı və ya pis müəllim olması olmalıdır”.
“Əvvəllər pensiya yaşına çatmış bir çox müəllimlər dərhal təqaüdə göndərilirdilər və bununla bağlı çoxlu şikayətlər olurdu. Yeni müddəaya görə, təqaüd yaşına çatmış müəllim dərs ilinin sonuna kimi işdə qalır. Və əgər, məsələn, ibtidai sinif müəllimindən danışırıqsa, o, ilin sonuna qədər sinfinə rəhbərlik etməyə davam edir”, – deyə müsahibimiz vurğulayıb.
“Biz gənc kadrlara yol verməyə çalışırıq, pensiyaçılar da getməli olurlar. Reallıq ondan ibarətdir ki, ölkə universitetləri tələb olunandan 5 dəfə çox pedaqoji kadr heyəti buraxır. Sovet dövründə fakültələr konkret ixtisas üzrə tələbat əsasında formalaşırdı və müəllimlər bu istiqamətdə işləməyə gedirdilər. İndi belə bir şey yoxdur. Bu, yanlış yanaşmadır, bəzən yaxşı müəllimlərin təqaüdə çıxmasına səbəb olur, ona görə də planlaşdırma lazımdır. Təqaüddə olan müəllimləri də unutmamaq, onları məktəblərə dəvət etmək lazımdır ki, onlar öz təcrübələrini bölüşsünlər, onlara ehtiyac olduğunu hiss etsinlər”, – deyə İsrafilov fikrini yekunlaşdırdı.
Elya Belskaya