Nurane Rufullayeva

“Hər uşaq ən çox ‘Mən səni anlayıram’ cümləsinə ehtiyac duyur”

Baxış sayı: 750

Saytımızın “Bizim qonaq” rubrikasının qonağı “Gencaile.az” saytının Azərbaycanın bölgələrində fəaliyyət göstərən psixoloqlar arasında təşkil etdiyi psixoloji məqalə müsabiqəsinin qalibi psixoloq Nuranə Rufullayevadır.

 

– Nuranə xanım, ötən ay ölkənin yeganə ailə saytı olan “Gencaile.az”ın bölgə psixoloqları arasında keçirdiyi məqalə müsabiqəsində qalib oldunuz. Maraqlıdır, qalib olmaq sizin üçün hansı mənanı daşıyır?

– Əslində, mənim üçün qalib olmaq əsas məqsəd deyildi. Mən yazını insanlara faydalı olmaq, yanlış düşüncələri dəyişmək və münasibətlərə fərqli baxış bucağı qazandırmaq üçün qələmə almışdım. Amma sözlərimin qarşı tərəfə çatması və dəyərləndirilməsi mənə həm sevinci, həm də motivasiyanı yaşatdı. Düşünürəm ki, insanlara toxuna bilmək, onları düşündürmək – bir psixoloq üçün ən böyük qazancdır. Qalibiyyət isə bu yolun gözəl bir hədiyyəsi oldu.

 

– Son dövrlərdə uşaqlar və yeniyetmələr arasında psixoloji problemlərin artması müşahidə olunur. Bunu hansı amillərlə izah edərdiniz və ailələr bu vəziyyətdə necə dəstək ola bilər?

– Son dövrlərdə uşaqlar və yeniyetmələr arasında psixoloji narahatlıqların artması – cəmiyyətin sürətli dəyişməsi, ailə modellərinin zəifləməsi və texnologiyanın həyatımıza güclü təsiri ilə sıx bağlıdır.

Mən öz praktikamda da müşahidə edirəm ki, bu problemlərin əsas səbəbləri sırasında ailədaxili münasibətlərdə sevgi və diqqət çatışmazlığı, sağlam ünsiyyətin olmaması, uşağın ya həddindən artıq qorunması, ya da laqeyd buraxılması ön sıradadır.

Valideynlərin bəzən tənqidi və müqayisəli yanaşması, uşağa yaşına uyğun məsuliyyət verməməsi, ya da onu idarə etməyə çalışması, valideynlərin uşağın əvəzində hər şeyi etməyə çalışması – uşağın özünə inamını və psixoloji dayanıqlığını zəiflədir.

Digər mühüm faktor – telefon, planşet və sosial medianın nəzarətsiz istifadəsidir. Uşaq və yeniyetmələr real həyatla əlaqəni itirib, virtual məkanda tək qalırlar. Uzun müddət telefona məruz qalması, yaşına uyğun olmayan oyunlara və videolara baxması da onların davranış və emosional vəziyyətinə ciddi təsir edir.

Ailələr bəzən uşağın davranışına fokuslanır, amma arxasındakı duyğunu görmürlər. Uşaq əsəbiləşirsə, səbəb çox vaxt onun dinlənməməsi və ya anlaşılmamasıdır.

Dəstək olmaq üçün ailələr ilk növbədə uşağı tənqid etmədən dinləməyi, duyğularını qəbul etməyi, və sevgini yalnız nəticəyə görə deyil, varlığına görə verməyi öyrənməlidirlər. Hər bir uşaq ən çox “Mən səni anlayıram” cümləsinə ehtiyac duyur.

Uşaqlarla vaxt keçirmək, oyun oynayaraq öyrətmək, sərhədli azadlıq vermək, eyni zamanda özlərini də psixoloji baxımdan inkişaf etdirmək valideynin məsuliyyətidir.

Və ən əsası: vəziyyət çətinləşdikdə psixoloq dəstəyi almaqdan çəkinməməlidirlər.

 nURANE rUFULLAYEVA 1

– Azərbaycan cəmiyyətində uşaqların psixoloji sağlamlığının inkişafı üçün nələr edilməlidir? Valideynlər, məktəblər və dövlət orqanları bu sahədə hansı addımları atmalıdırlar?

– Sizin saytdakı müsabiqəyə təqdim etdiyim məqaləmdə də qeyd etdiyim kimi, uşaq ailənin güzgüsüdür. Onun davranışı, duyğuları və münasibətləri, əslində, böyüklərin ona necə yanaşdığını əks etdirir. Bu səbəbdən, psixoloji sağlamlığın inkişafı üçün ilk növbədə özümüzdən – valideyn və böyüklərdən başlamalıyıq.

Valideynlər uşaq tərbiyəsində yalnız ənənəvi üsullara deyil, həm də müasir yanaşmalara açıq olmalı, daim öyrənməli və inkişaf etməlidirlər. Uşağın duyğularını anlamaq, ona fərd kimi yanaşmaq bu dövrdə daha önəmlidir nəinki təkcə qayda qoymaq və itaət gözləmək.

Məktəblərdə isə psixoloji dəstək sistemləri daha güclü olmalı, müəllimlər uşaq psixologiyası və fərdi yanaşma baxımından mütəmadi olaraq təlimlər və hazırlıqlarla dəstəklənməlidirlər. Unutmayaq ki, hər bir uşaq fərqlidir və eyni üsulla hər kəsə təsir etmək mümkün deyil.

Bu sahədə həm valideynlər, həm də uşaqlar və yeniyetmələr üçün maarifləndirici seminarlar, təlimlər, ailə məktəbləri təşkil edilməli, dövlət səviyyəsində profilaktik proqramlar hazırlanmalıdır. Uşaqların psixoloji sağlamlığını qorumaq təkcə ailənin yox, cəmiyyətin bütövlükdə məsuliyyətidir.

Uşaq psixologiyasına yatırım – sağlam və dayanıqlı cəmiyyətə atılan ilk addımdır.

 

– Yeniyetmələrdə artan depressiya və narahatlıq halları barədə nə düşünürsünüz? Bu problemlər cəmiyyətimizdə nə qədər normal qəbul edilir və bunu necə həll etmək olar?

– Son dövrlərdə yeniyetmələrdə depressiya və narahatlıq hallarının artması, təəssüf ki, reallıqdır. Bu, sadəcə yaş dövrünün emosional dəyişkənliyi ilə əlaqəli deyil. Həmçinin yeniyetməlik dövrü öz kimliyini axtarma, dəyərləri sorğulama və “məni anlayan varmı?” sualı ilə yaşanan bir dövrdür.

Bu mərhələdə gəncin ruh halını pozan əsas səbəblər arasında, ilk növbədə ailədaxili yanlış yanaşmalar dayanır. Valideynlərin boşanması və ya ayrı yaşaması, yaxın insanın ölümü, fiziki və ya cinsi zorakılıq, bədbəxt hadisə, valideynin idarə etmək istəyi, sərt və tənqidedici davranışı, qaydaların ya çox sərt, ya da ümumiyyətlə olmaması, uşağın içində ya üsyan, ya da içəqapanma yaradır.

Valideynlər bəzən qaydanı cəza kimi tətbiq edir, bəzən isə ümumiyyətlə heç bir sərhəd qoymur. Halbuki yeniyetmə çərçivə içində azadlıq istəyir – nəzarət yox, yönləndirici bələdçilik axtarır.

Üstəlik, bəzən valideynin özünün də depressiv halı, emosional dalğalanmaları, ümidsizliyi, birbaşa və ya dolayı yolla yeniyetməyə ötürülür. Yeniyetmə bunu anlamasa da hiss edir və bu onun psixoloji dayanıqlığını zəiflədir.

Sosial şəbəkələrdə “ideal həyat” görüntüləri, uğur təzyiqi, gələcək qorxusu və bəzən də real dostluq əlaqələrinin yoxluğu bu gənclərin daxili gərginliyini daha da artırır.

Bu halların cəmiyyət tərəfindən hələ də yetərincə ciddi qəbul olunmaması vəziyyəti daha da çətinləşdirir. Çünki “keçər”, “uşaqdır da” kimi reaksiyalar, əslində, bir yardım çağırışının üstündən xətt çəkməkdir.

Həll yolu isə ilk növbədə qəbuldan və dinləməkdən keçir. Valideynlər və müəllimlər müdaxilə etməkdən çox müşahidə etməyi, tənqid etməkdən çox başa düşməyi öyrənməlidirlər. Yeniyetməyə sağlam sərhədlərlə yanaşmaq, onun duyğularına hörmət etmək və ehtiyac duyduqda mütəxəssis dəstəyinə yönləndirmək vacibdir.

Bir yeniyetmənin səsini eşitmək – gələcəkdə sağlam bir fərdi cəmiyyətə qazandırmaq deməkdir.

 

Uşaqların və yeniyetmələrin daxili dünyalarını daha yaxşı başa düşmək üçün psixoloq olaraq hansı vasitələrdən istifadə edirsiniz?

– Uşaqların və yeniyetmələrin daxili dünyasını başa düşmək üçün ilk və əsas vasitəm – sevgi ilə güvən qurmaqdır. Mənə görə əsas prinsip – uşağı düzəltmək yox, onu başa düşmək və qəbul etməkdir. Onunla eyni tərəfdə olmaq, ona özünü ifadə edə biləcəyi təhlükəsiz, sərhədli, amma sevgi dolu bir mühit yaratmağa çalışmaq – işimin əsas hissəsidir.

Hər bir uşağın öz dünyası var və biz o dünyaya zorla girə bilmərik. Əgər o, səni o dünyaya buraxırsa, bu, artıq çox böyük güvəndir. Mən bu güvəni dəyərləndirərək uşağı “yetişdirmək” deyil, onu özünü tanımağa və anlamağa dəvət etmək üçün çalışıram.

Daha sonra onların yaşına və ehtiyacına uyğun olaraq müşahidə, suallı söhbətlər, oyunlar, rəsm analizi, duyğu kartları, metaforik şəkillər, davranış cədvəlləri və situasiya canlandırmaları ilə işləyirəm.

Yeniyetmələrlə empatik dialoq, bərabər münasibət və sərhədləri qoruyaraq qarşılıqlı güvən qurmağa üstünlük verirəm.

Mənim üçün psixoloq olaraq əsas vəzifə – uşağın və ya yeniyetmənin içində daşıdığı, amma ifadə edə bilmədiyi hissləri duymaq, dəyərləndirmək və ona özünü ifadə etmək imkanı yaratmaqdır. Psixoloq olaraq diqqət etdiyim əsas şey – səssiz mesajları eşitməkdir.

Əslində uşaq bəzən bir rənglə, bir baxışla, bir sözlə içindəki dünyanı açır. Psixoloq olaraq biz bu incə siqnalları dinləməyi öyrənməli və ehtiyac duyduğu anda onun yanında təhlükəsiz bir müşahidəçi kimi durmalıyıq.

Hər uşaq eşidilməyə, başa düşülməyə və olduğu kimi qəbul edilməyə layiqdir. Mənim üçün bu iş – sadəcə peşə deyil, uşağın dünyasına ehtiramla daxil olmaq deməkdir.

 Nurane Rufullayeva

– Psixoloq kimi, sizcə, cəmiyyətdə psixoloji məsələlərə dair ön mühakimələr və stereotiplər nə qədər böyük bir problem təşkil edir? Bunu aşmaq üçün nə təklif edərdiniz?

– Təəssüf ki, bu gün də psixoloji məsələlərə dair cəmiyyətimizdə bir çox yanlış düşüncələr və stereotiplər qalmaqdadır. “Psixoloqa gedən dəlidir”, “psixoloji dəstək problemli, zəif insanlar alır” kimi ifadələr hələ də yayğındır. Bu isə insanların psixoloji problemlərini vaxtında ifadə etməsinə, yardım almasına ciddi mane olur.

Bu yanaşma, xüsusilə uşaqlara və yeniyetmələrə zərər verir. Çünki bir çox valideyn övladında psixoloji narahatlıq və davranış problemi olduğunu gördükdə belə ya laqeyd qalır, ya da tənqid, danlaq və ya cəza ilə “həll” etməyə çalışır.

Halbuki bəzi hallarda problemi yalnız uşaqla deyil, valideynlərlə də işləmək lazımdır. Valideynin yanaşması, ünsiyyət tərzi, tənqidi və ya həddindən artıq qoruyucu davranışı uşağın psixoloji vəziyyətinə birbaşa təsir edir. Bu səbəbdən yalnız uşağın deyil, ailənin bütövlükdə psixoloji dəstəyə ehtiyacı ola bilər.

Bundan əlavə, insanlar psixoloji dəstəyi “tez həll olunacaq bir problem” kimi görür. Ancaq unutmaq olmaz ki, psixoloji dəyişiklik – zaman, davamlılıq və əmək tələb edən bir prosesdir. 2–3 seansla böyük dəyişiklik gözləmək, həm psixoloqa, həm də şəxsə ədalətsiz yanaşmadır. Psixoloji dəstək yalnız problemli insanlar üçün deyil, inkişaf etmək, özünü tanımaq, münasibətləri gücləndirmək istəyən hər bir insan üçün lazımlıdır.

Psixoloji sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir. Psixoloqa getmək zəiflik deyil – bu, özünə və ailənə göstərilən diqqət və qayğının təzahürüdür.

Biz psixoloqlar, ilk növbədə dilimiz, yanaşmamız və empatik münasibətimizlə bu yanılmaları dəyişdirməyə çalışmalıyıq.

Bu düşüncələri aşmaq üçün ilk növbədə maarifləndirmə işi gücləndirilməlidir. İnsanlara psixoloqa müraciətin bir zəiflik yox, şüurlu və inkişaf yönümlü bir addım olduğu izah edilməlidir.

Valideynlərə, müəllimlərə və ümumiyyətlə cəmiyyətə psixoloji sağlamlığın fiziki sağlamlıq qədər vacib olduğu sadə və empatik dillə anlatılmalıdır.

Media dəstəyi, uğurlu təcrübələri paylaşmaq, məktəblərdə və ailələrdə təlimlər keçirmək, psixoloqu yalnız “problem həll edən” yox, “güvənli bələdçi” kimi təqdim etmək – bu stereotipləri qırmaqda təsirli olacaqdır.

Unutmayaq ki, psixoloq “dəli həkimi” deyil, ruhun sağlamlığını qoruyan və dinləyən, dəstək olan bir bələdçidir.

 

– Uşaq və valideyn münasibətlərinin psixoloji inkişafdakı rolunu necə qiymətləndirirsiniz?

– Uşağın psixoloji inkişafında valideyn münasibəti bünövrə rolunu oynayır. Sevgi, dinlənilmək, təhlükəsiz mühit və sərhədli azadlıq uşağın emosional sabitliyi və şəxsiyyətinin sağlam formalaşması üçün vacibdir.

Valideyn uşağa daim tənqidi, müqayisəli və ya laqeyd yanaşırsa, uşaq özünü sevilməz, yetərsiz və dəyərsiz hiss edə bilər. Bu kimi münasibətlər gələcəkdə, xüsusilə yeniyetməlik dövründə depressiya, OKB (obsessiv-kompulsiv pozuntu), aqressiya, özünəqapanma, özgüvənsizlik, dərslərdə və sosial çətinliklər kimi psixoloji narahatlıqların yaranmasına zəmin yarada bilər.

Əksinə, anlayan, dinləyən, qayda qoyan, amma sevgidən imtina etməyən valideyn uşağın həm sosial, həm də psixoloji inkişafına böyük töhfə verir.

Mən öz təcrübəmdə də görürəm ki, bir çox psixoloji narahatlıqların kökündə valideynlə olan münasibətin pozulması və ya zəifliyi dayanır. Bu münasibət düzəldikdə uşaqda çox şey dəyişir.

Valideynin uşağa baxışı, onunla ünsiyyət dili, qoyduğu qaydalar və münasibət tərzi – bunlar uşağın özünə baxışını formalaşdırır. Uşaq bir güzgüdür və özünü ilk olaraq valideynin baxışında görür.

Sağlam münasibət = sağlam uşaq psixologiyası. Valideynlər bu məsuliyyətin fərqində olduqca, cəmiyyət də dəyişməyə başlayacaq.

 

Hazırladı: Tural Məmmədov

nurane Rufullayeva 2




7 şərh ““Hər uşaq ən çox ‘Mən səni anlayıram’ cümləsinə ehtiyac duyur”

  1. Pərvanə Quliyeva

    Cox dogru yazilib. Men de usagima telefon vermekde cox cehd edirem ki, vaxti ile bagli limitsiz istifade etmesin amma dogrusu cox cetindi. Bu yazini oxuyandan sonra bazi seyleri yeniden dusundum.

    Cavabla
  2. Aynur Məmmədova

    Usagda problem varsa birinci ozunden basla – bu fikir menim cox xosuma geldi. Camaat hele de psixoloqa getmeyi utanir, amma men inaniiram ki bele yazarlarla bu fikirler deyisir.

    Cavabla
  3. Məhbubə

    Mektebde psixoloq var amma cox vaxt formal yanaşılır. Bele dusunen psixoloqlar chox olsa, bəlkə nese deyisir…

    Cavabla
  4. Nahidə

    Hecne elave etmeye ehtiyac yoxdu. Oxudum, dusundum, biraz da utandim. Cunki men de o “tənqidi” yanaşan atalardan biriyem…

    Cavabla
  5. Ramilə Salahova

    Men valideynem, usagim 10 yasindadi. Bu yazida deyen her sey sanki menim evimden yazilib. Sag olun, Nurane xanim. Allah yolunuzu achiq elesin 🙏

    Cavabla
  6. Səbinıə Həsənova

    Insanlar hele de psixoloqa getmeyi utanir, sanki guya bu xestelikdi. Halbuki men ozum gedib danisanda ne qeder rahatladigimi hiss eledim. Haminin ehtiyaci var bele desteye.

    Cavabla
  7. Gülnarə Əlizadə

    Men usaq baxcasinda isleyirem, bazi valideynler hele de dusunur ki, usaq danisirsa, demeli her sey qaydasindadi. Amma bir uşaqin gorunmeyen hisseleri var, tam da yazida deyildiyi kimi. Bu yazini butun valideynler oxumalidi.

    Cavabla

Gülnarə Əlizadə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir