Hamiləlik dövrü heç də bütün xanımlar üçün rahat keçmir. Gündəlik həyat şəraitinin meydana çıxardığı stressdən tutmuş hər hansı arzulonmaz hadisəyə kimi bir çox məqamlar hamiləlikdə problemlərin yaranmasına səbəb ola bilər. Bindan əlavə, hamiləlikdə ana və körpənin sağlamlığı üçün təhlükəli vəziyyətlərə RH uyuşmazlığı, rentgen,dərman qəbulu, siqaret və alkoqol qəbulu, ananın yaşı və doğum sayı, hamiləlik müddətinin uzanması, erkən doğum, hamiləlikdə qanaxmalar da daxildir ki, bu yazıda ayr-ayrılıqda məhz yuxarıda sadaladığımız problemlərə toxunacağıq.
RH uyuşmazlığı: RH faktoru qanda eritrositlərdə tapılan bir maddədir.İnsanların 85 % də qanda bu faktor mövcuddur. Bu insanlar RH (+) dir. İnsanların 15 % də isə bu faktor yoxdur və bu hal RH ( -) adlanır. Hər iki vəziyyət normaldır. Ananın qanı Rh (-), atanın qanı RH ( + ) olduğu zaman, dölün RH (+) olması nəticəsində qan uyuşmazlığı vəziyyəti ortaya çıxır. Dölün qanı ilə ana qanının təmas etməsi nəticəsində ana qanındakı dölün RH -ına qarşı əmələ gəlmiş antitellər dölün eritrositlərini parçalayır. Döldə patoloji sarılıq ortaya çıxır. Lazımi tədbirlər alınmazsa döl doğumdan öncə və ya doğulduqdan sonra ilk 7 gün içində tələf olur, və ya şikəstlik əmələ gələ bilir. Bunun qarşısını almaq üçün körpənin qanı dəyişdirilməlidir. Bu cür vəziyyət 2-ci hamiləlidə baş verir. İlk hamiləlikdə isə yalnız sensibilizasiya prosesi gedir və döl zədələnmir . Əgər qadın və kişidə RH uyuşmazlığı varsa, hamiləliyin 8 -ci həftəsində Kumbs testi yoxlanmalıdır. Əgər qadınla dölün rezusu uyğun deyilsə, ilk doğuşdan dərhal sonra qadın müalicə olunmalıdır, antitellərin titri azaldılmalıdır. Əks halda ikinci hamiləlikdə qadın orqanizmindəki antitellər dölün eritrositlərini parçalayaraq arzuolunmaz vəziyyət yaradacaq.
Rentgen: Hamiləlik dövründə qadının rentgen şüalarına məruz qalması döldə eybəcərlik, şikəstlik, əqli gerilik kimi problemlərin ortaya çıxmasına səbə ola bilər. Xüsusilə də ilk trimestrdə ( ilk 3 ay ) — bu dövrdə dölün orqanları əmələ gəldiyi üçün rentgen şüaları çox zədələyici ola bilir.
Dərman qəbulu: Hamiləlik dövründə qadının qəbul etdiyi dərmanlar, plasenta vasitəsilə dölə keçərək zədələyici təsir göstərir. Xüsusilə ilk 3 ayda qadınlar həkimin xəbəri olmadan dərman qəbul etməkdən çəkinməlidirlər.
Siqaret və alkoqol: Hamiləlik dövründə siqaret çəkmək, hətta siqaret çəkilən məkanlarda olmaq ( passiv siqaret çəkmə) dölə mənfi yöndə təsir edir. Siqaretin tərkibindəki nikotin maddəsi plaenta ilə dölə keçə bilir, erkən doğuma səbəb olur.Alkoqol da qan dövranı ilə dölə çataraq onu öz zədələyici təsirinə məruz qoyur.
Ananın yaşı və doğum sayı: Bir qadının həm öz, həm körpəsinin sağlamlığı baxımından doğum üçün münasib yaşı 18-35 yaşlardır.18 yaşda qədər qadın orqanizmi öz fizioloji inkişafını tamamlamağa çalışır. 35 yaşdan sonrakı hamiləliklərdə isə bəzi risqlər daşıyır ( çətin doğum,hamiləlik toksikozları) 18 yaşdan kiçik və 35 yaşdan yuxarı hamilə qadınlar mütləq hamiləliyi həkimin daimi kontrolu altında keçirməli və doğumu xəstəxana şəraitində etməlidirlər. Doğuşdan sonra orqanizmin özünü toplaması 2 il çəkir. Bu müddətdən az ara ilə doğumlar anada anemiya, qidalanma pozulmaları, təzyiqin yüksəlməsi, erkən doğumlar, düşüklər, bəzən ölü doğumlar, körpdə inkişaf pozulmaları ilə nəticələnə bilir. Bu baxımdan iki doğum arasında ən az 2 il ara vermək ana və körpənin sağlığı üçün lazımdır.
Hamiləlik müddətinin uzanması: Hamiləliyin normal müddəti 40 həftədir. Bu müddət bir həftə və daha artıq gecikərək doğulan körpələrə postmature körpə deyilir. Bu körpələr 1-3 aylıq uşaqlara oxşayırlar. Səbəblər arasında ananın şəkər xəstəliyi, çox doğuşların olması, plasentanın çatışmazlığı, dölün ana bətnində yerləşmə şəkli vardır.Gözlənən döğum tarixi 7 gün və daha artıq keçərsə, plasentar çatışmazlığa bağlı döl ölümləri və doğulduqdan sonra ilk 7 gün ərzində körpənin ölümü baş verə bilər. Bunun qarşısını almaq üçün gözlənən tarixin 5 günü keçməsi zamanı doğum sancıları süni başladılmalı və ya döl kesar əməliyyatı ilə götürülməlidir.
Erkən doğum: Hamiləliyin 28-38 həftələri arasında doğuş prosesinin başlamasıdır.Erkən doğulan körpələrin çəkisi 2500 qr-dan az olur, bu körpələr premature adlanır. Onlar infeksiyadan qorunmaq üçün küvezə qoylur. Səbəbləri uterusun anomaliyaları, çoxlu hamiləliklər, ananın düzgün qidalanmaması, doğum öncəsi qanxmalar, həddən artıq yorğunluq, siqaret çəkmə, ana qarnına xaricdən travmalar ola bilər.
Hamiləlikdə qanaxmalar: Normal halda hamiləlikdə qanxma olmamalıdır. Qanaxma anormal bir vəziyyət olub, təhlükəlidir. Hamiləliyin ilk yarısında görülən qanamaların səbəbi düşüklər, uşaqlıqdan kənar hamiləlik, serviks və ya vaginadakı yaralardır. Son aylarda görülən qanxmalar plasentar patologiyalardan qaynaqlanır. Bəzilərinin səbəbi bilinmir. Hamilə qadın qanaxma ilə üzləşdikdə təcili həkiminə bildirməlidir.
Yaqut Qasımova
“Kraton” klinikasının mama-ginekoloqu