kart

Vergidən yayınanların yeni üsulu

Baxış sayı: 350

Hər birimizin bank kartları ilə bağlı ən sevdiyimiz üsul “card to card” əməliyyatıdır. Plastik kart əldə etdikdə, ilk maraqlandığımız nüans “kəşbek”in miqdarı və kartdan karta köçürmələr zamanı nə qədər pulun tutulmasıdır. Elə bu sevgimizi bilən banklar da daim bunlarla bağlı kampaniyalar edir, müştərilərini bu üsulla cəlb edirlər. Təsadüfi deyil ki, Vençur fondunun rəhbəri Məmməd Kərim də “card to card” əməliyyatlarının Azərbaycanda fenomenə çevrildiyini bildirib. Şirkət rəsmisinin sözlərinə görə, ölkəmizdə bu əməliyyatların həcmi milyardlara bərabərdir. Maraqlıdır, nə üçün bu əməliyyatlar ölkədə fenomenə çevrilib? Əhali “card to card” əməliyyatından daha çox harada istifadə edir?

“Card to card” əməliyyatlarından istifadə normadan artıqdır”

İqtisadçı Pünhan Musayev bildirdi ki, əhalinin bank kartlarına marağı artan sürətlə davam edir. İstifadəçi sayı çoxdur və onlar da ən minimal ödənişlərini belə, kart vasitəsilə edirlər: “Əvvəlki illərə nisbətən kart əməliyyatları, insanların kart sisteminə yaxınlığı artıb. “Card to card” əməliyyatlarından istifadə normadan artıqdır. Səbəbləri müxtəlif ola bilər. Məsələn, ehtimallardan biri odur ki, restoran, kafe və ya mağazada pos-terminal olmadıqda, ödənişi kartdan karta köçürmə vasitəsilə edirik”.

 

Tələbələrə pul əvvəl poçtla göndərilirdi, indi isə…

Mütəxəssis deyir ki, “card to card” əməliyyatları valideyn və tələbələr arasında da çox istifadə olunur: “İkinci səbəb əksər ali təhsil müəssisələrinin Bakıda yerləşməsi və burada regiondan gələn minlərlə tələbə kontingentinin təhsil alması ilə izah oluna bilər. Hansı ki, əvvəllər valideynlər övladlarına ay ərzində göndərdikləri pulu poçtla çatdırırdılarsa, hazırda bu, “card to card” yolu ilə həyata keçirilir”.

 

Borclar və nisyələr kartla ödənir?

Üçüncü səbəb isə əhalinin borclanması və paytaxtla region arasındakı disbalansla bağlı ola bilər. Həmsöhbətimiz qeyd edir ki, nağd vəsaitlərdən necə istifadə edilirdisə, indi “card to card” onu əvəzləyir. Üstəlik, bəzi kartlarda heç bir faiz tutulmaması insanların işini daha da rahatlaşdırır: “Regionlarda əhalinin gəlirliliyi arzuolunan səviyyədə deyil. Bəzən borc pul alır, bəzən də nisyə mal almağa üstünlük verirlər. Nisyə ödənişlər əksər vaxtlarda kartdan karta köçürülmələrlə ödənir. Yaxud kiminsə kiməsə borcu varsa, borcunu görüşüb vermir, kartına göndərir. Bundan əlavə, region sakinlərinin paytaxtdan aldıqları xidmətlər də var. Məsələn, pandemiyadan sonra onlayn kurslar kifayət qədər məşhurlaşıb. Təbii ki, onların da ödənişləri “card to card” ilə edilə bilər. Bu da əməliyyatlar üzrə həcmin artmasına gətirib çıxaran faktorlardandır”.

 

“Ödənişi karta göndərə bilərsiniz?”

Maraqlıdır, “card to card” əməliyyatlarının məşhurlaşması vergidən yayınma hallarını stimullaşdırırmı? Məlumdur ki, hökumət son zamanlar kölgə iqtisadiyyatının aradan qaldırılıb minimuma endirilməsi, dövriyyənin “ağardılması” üçün ciddi siyasət aparır. Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Qanunvericilik bazası təkmilləşdirilir, layihələr, tədbirlər həyata keçirilir, sərt qanunlar qəbul edilir. Yaxud vergi ödəyicilərinə nağdsız dövriyyələr nə qədər çox olarsa, o qədər vergi güzəştləri edilir. Həmçinin “ƏDV geri al” kimi layihələrlə nağdsız ödənişlər stimullaşdırılır. Nəticədə ölkədə əməliyyatların əksəriyyəti plastik kartlarla edilir, nağd puldan istifadə getdikcə azalır.

Bu tələb qanunvericiliyə ziddir

Vergi mütəxəssisi Anar Bayramov deyir ki, aparılan “ağartma” siyasətinin nəticəsində bəzi sahibkarlar vergidən yayınmaq üçün alternativ yollara əl atırlar. Post-terminalların çalışmaması əsas istiqamətdir. Onun sözlərinə görə, ictimai iaşə obyektlərində, mağazalarda ödənişin post-terminalla deyil, kartdan karta köçürülmə vasitəsilə tələb edilməsi qanunvericiliyə ziddir: “Son zamanlar ictimai-iaşə, xidmət, hətta ticarət sahəsində belə, post-terminalla ödəniş etmək istədiyinizi qeyd etdikdə, sizə onun xarab olması barədə məlumat verilir. Dərhal “ödənişi karta göndərə bilərsiniz”, – deyə çıxış yolu təklif edilir. Halbuki post-terminal nasaz olduqda belə, dərhal nasazlığın aradan qaldırılması üçün addımlar atılmalıdır. Qanunvericilikdə nəzərdə tutulub ki, vergi ödəyicisi əhalidən ödəniş qəbul edərkən kassa çeki, qəbz təqdim etməlidir. Olmadığı təqdirdə onu cərimə, maliyyə sanksiyası gözləyir”.

 

“Card to card” əməliyyatında vergidən yayınma

Burada sual oluna bilər ki, axı kartdan karta əməliyyat edərkən qəbz təqdim olunur. Bəs bu zaman vergi ödəyicisi vergidən necə yayınır?

Mütəxəssis bildirir ki, əgər bütün ödənişlər post-terminal vasitəsilə olarsa, vergi ödəyicilərinin real dövriyyələri əks olunur. Hətta nağd ödənişdə belə, əgər kassa çeki təqdim olunursa, problem yaranmamalıdır: “Lakin təcrübədə var ki, vergi ödəyiciləri kassaların yaddaşını silir, kassa çeklərini ləğv edir və dövriyyəni gizlədirlər. Amma post-terminalla ödəniş etdikdə, onlar həmin satış məlumatını yaddaşdan silə bilmirlər. Çünki pul artıq satıcının bank hesabına oturur. Hətta bu gün həmin dövriyyəni gizlətsə, kassa çekini ləğv etsə belə, vergi orqanı tərəfindən aparılan yoxlamalar zamanı həmin bank məlumatları əldə edilir və real dövriyyə dəqiqləşdirilir. “Card to card” əməliyyatında qəbz təqdim edilsə belə, bu, nağd ödəniş kimi sayılır”.

 

“Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb”

Həmsöhbətimizin fikrincə, “card to card” əməliyyatlarında vətəndaş çətin vəziyyətdə qala bilər: “Restoranlarda, yaxud ticarət mərkəzlərində bu ödəniş növünün fəsadları ilə tez-tez rastlaşırıq. Məsələn, alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Yaxud rəqəmi səhv yazanda başqasının hesabına da otura bilər. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir