vesiqe

Hansı xəstəliyi olanlara sürücülük vəsiqəsi verilməməliidir?

Baxış sayı: 2. 106

“Sürücünün sükan arxasında ürəyi dayanıb” kimi xəbərlər artıq auditoriya üçün adi hala çevrilib. Son dövrlərdə artan qəzalar bunu deməyə əsas verir ki, həqiqətən də sürücülərin öz sağlamlıqlarına göstərdikləri məsuliyyət azdır. Mütləqdir ki, həm öz təhlükəsizliyimiz, həm də avtomobilimizdə əyləşən kəslərin mühafizəsi üçün səhhətimizə daim diqqət ayıraq.

Bir çoxlarımıza bəlli olduğu kimi, nəqliyyat vasitələrini idarəetmə hüququ sağlamlıq cəhətdən sürücülüyə yararlı olan insanlara verilir. Nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyinin müvafiq təşkilatları müəyyən edir. Bəs sizlərin həmin xəstəliklərdən xəbəriniz varmı?
Gəlin əvvəlcə tibbi arayış üçün hansı həkimlərdən keçməli olduğumuzu müəyyənləşdirək.

Bu barədə danışan Sürücülük Komissiyasının üzvü Mehriban Səidi sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşların həkim psixiatr, nevropatoloq, lor, okulist (göz müayinəsi), cərrah, ginekoloq, terapevtin yoxlanışından keçməli olduqlarını bildirdi. Onun sözlərinə görə, həmin kəslər həm də, narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidirlər. M.Səidinin dediyinə görə, hazırda müraciət edənlərin arasında daha çox psixi durumu ilə əlaqədar olaraq vəsiqə əldə etməyənlərin sayı çoxdur: “Xüsusən də? son dövrlər artan psixoloji gərginliklər müxtəlif şəkildə özünü büruzə verir. Özünə nə vaxtsa qəsd edən kəslərə, həkim psixiatrın yoxlanışından keçməyənlərə isə vəsiqə verilmir. Bir də onu qeyd edim ki, şəkər xəstəliyi olan istər qadın, istərsə də kişilərə sürücülük vəsiqəsi əldə etmək olmaz. Terapevtin müayinəsindən keçən  zaman təzyiqi yüksək olan kəslər isə narahat olmasınlar. Çünki, həkim o kəslərin işlərini sadəcə olaraq müvəqqəti olaraq dayandırır, bir neçə gündən sonra yenidən gəlmələrini deyir. Yaxud da 10-15 günlük müalicə yazaraq yenidən təzyiqini ölçür. Ötən günlər ərzində təzyiqi normallaşan insanlara sürücülük vəsiqəsi verilir”.

Ətraflı məlumat üçün 7 nömrəli poliklinikanın həkimləri ilə söhbətləşdik. Kardioloq İradə Hacıyevanın sözlərinə görə, infarkt, təzə infarkt, hədsiz dərəcədə yüksək hipertoniklərə az müddətə sürücülük vəsiqəsi verilir. Revmakarditlərə (aktiv fazada), ürəyin işemik xəstəliyi olanlara, stenokardiyalı insanlara ümumiyyətlə sürücülük vəsiqəsi verilmir.
Oftamoloq Şəfəq Həmidzadə isə tibbi yoxlanışdan keçərək, vəsiqə ala bilməyənlər arasında daha çox görmə qabiliyyəti zəif olan insanların üstünlük təşkil etdiyini bildirdi. Onun dediyinə görə, uzağı zəif görən insanlara vəsiqə verilmir: “Həmçinin gözlərindən biri görüb, digəri görməyən vətəndaşlar da vəsiqə ala bilməzlər. Yaxud da gözlərindən birinin görmə qabiliyyəti 100% , digərinin isə 10-20% təşkil edirsə, bu halda da sürücülük vəsiqəsi verilmir. O cümlədən, görmə sahəsinin 20 dərəcədən çox məhdudlaşması, çəpgözlük (cütləşmə ilə müşahidə olunan) vəsiqə əldə etməyə əks göstərişlərdən hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 1 milyon insan öz həyatına son verir. Necə deyərlər, hər 40 saniyədə 1 adam intihar edərək ölür. Bunların baş vermə səbəbi isə psixoloqların da qeyd etdiyi kimi, stress faktoru, psixoloji gərginlik, özünə qapalılıq kimi məqamlardır. Sözsüz, belə xoşagəlməz hallar ölkəmizdə də baş verir. Ümumiyyətlə, son illərdə insanların psixoloji durumunda xeyli mənfiyə doğru gedişlər mövcuddur. Elə həkim psixiatr Elnarə Hüseynova da bu faktı təsdiqlədi. Onun sözlərinə görə, fərdi söhbətdən, testdən keçməyən insanlar sürücülük vəsiqəsi əldə edə bilmirlər: “Tibbi yoxlanış zamanı bizim rəyimiz mütləqdir, çünki psixoloji durumu normal olmayan insan heç cür avtomobil idarə etməsi düzgün deyil. Əvvəlcə müraciət edənlərin qeydiyyat bazasında olub-olmamasını yoxlayırıq. Növbəti mərhələdə o insanlarla söhbət etdikdən sonra əgər danışıqlarından və ya davranışlarından şübhələniriksə başqa bir yerə müayinəyə göndəririk. Həmin insanların göstəriciləri Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş əmrə əsasən normaları aşdığı təqdirdə sürücülük vəsiqəsi əldə etmirlər”.
Odur ki, əziz oxucularımız mümkün qədər öz sağlamlığınıza vaxt ayırın. Həmçinin də vəsiqə əldə etmək istəyən insanlar da qeyd edilən nüanslara diqqət yetirərək, faydalana bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir