9 may

“Alman faşizmi” doğrudurmu? – 9 MAY DÜŞÜNCƏLƏRİ

Baxış sayı: 2. 254

Bu gün Sovet İttifaqının Böyük Vətən Müharibəsində qələbəsinin növbəti ildönümüdür. O müharibədən az sayda vətəndaşımız bu günədək həyatdadır. Onları ürəkdən təbrik edirəm. Onların buna haqqı çatır. Amma həmin müharibəyə hələ də “Vətən müharibəsi” deməyi anlaya bilmirəm. Bu, Kremlin siyasəti idi, belə təqdimat ona əl verirdi. O Kreml ki, bizim vətənimizi erməniyə pay verib. Nə qədər veteranımız var, şəhidimiz var! Biz ondansa Azərbaycanın həmin müharibədə verdiyi insan itkisi, Azərbaycan nefti sayəsində sovet cəbhəsinin uğurları, neftçilərin gecə-gündüz gərgin əməyi, Azərbaycanda baş verən ümumxalq səfərbərliyi haqqında dünyaya geniş informasiya verməliyik.

Yəqin ki, yenə də 9 May tarixindən bəhs edərkən ki, Sovet İttifaqının “alman faşizmi” üzərində qələbəsi kimi ifadələr işlənəcək. Sovetlərin həmin təbliğatı hələ davam edir.  Bəli, 1945-ci ilin aprelində sovet ordusu Berlinə yaxınlaşır,  şəhərdən bütün çıxışlar,  yollar bağlanır. Bunu anlayan Hitler aprelin 30-da rusların əlinə keçməyin qorxusundan özünün və xanımının canına qəsd edir. Lakin nədən Almaniyanın üzərində qələbə? Niyə Nasizmin üzərində  qələbə deyilmir, “alman faşizmi” deyilir?

I Dünya müharibəsi (1939-1945) dünyanın müxtəlif yerlərində aparılan bir neçə kiçik və böyük münaqişələri əhatə edir. Müharibə iki blok arasında gedirdi. Bir tərəfdə Almaniya, İtaliya və Yaponiyadan ibarət Axis idi (Axis Powers), digər tərəfdə Britaniya, Fransa, Sovet İttifaqı və ABŞ müttəfiqləri.

I Dünya Müharibəsindən sonra acınacaqlı hala qalmış Almaniyada insanların duyğularından sui-istifadə edərək, əsasən Adolf Hitlerin ritorikası nəticəsində səs qazanan və 1933-cü ildə onun liderliyi ilə hakimiyyətə gələn Nasistlər (1920 ildə yaranmış NSDAP, Nationalsozialistische Deutsche Arbeiterpartei,  Milli Sosialist Alman İşçilər partiyası) Nazism – nationalsocialism – ideologiyasını daşıyırdı. Bu ideologiyaya Böyük Almaniya yaratmaq xülyası daxil idi. Savaş torpaq savaşı idi. Bu səbəbdən də 1939-cu ildə Molotov-Ribbentrop paktı, Almaniya və Sovet İttifaqı arasında razılıq imzalanmışdı, yəni Polşa Almaniya və Sovet İttifaqı arasında bölünəcəkdi.

1939-cu ilin 1 sentyabrda Almaniya Polşaya hücum etdi. Böyük Britaniya və Fransa Almaniyaya savaş elan etdilər. Sovet ordusu Polşaya girəndə Polşa artıq almanlar tərəfindən alınmışdı. Polşa kapitulyasiya edəndə ərazisi Almaniya və Sovet İttifaqı arasında bölündü. Hitlerin məqsədi əzəldən Almaniyanın İ Dünya Müharibəsi nəticəsində (Versal Sülh müqaviləsinə əsasən) itirdiyi torpaqları qaytarmaq və bütün almandilli xalqları bir millət adı altında toplamaq idi. Bu hədəfə çatmaq üçün əsas məqsəd şərqdə yerləşən təbii yataqları əl keçirmək və Almaniyanı xammalla təmin etmək idi. Bu sırada əsas yerdə neft gəlirdi. O səbəbdən də Hitler Sovet İttifaqına hücum planlaşdırmışdı.

Lakin ondan öncə Polşa alman dövlətinə daxil olmalı idi, oradan Şərqi Prussiya və sonra üzü şərqə doğru getmək lazım idi. Əlbəttə, müharibənin gedişatında çox şey dəyişir.

Yaxşı, bəs nədən rusdilli mətnlərdə və müəyyən səbəblərdən oradan qaynaqlanan Azərbaycan mətnlərində “alman faşizmi” termini işlənir?

Faşizm ilə nasizmin bir neçə ortaq yönləri var, bəli. Amma Sovet İttifaqı məhz faşizmə qarşı mübarizə aparmayıb. Faşizm İtaliyada 1921-ci ildə Benito Mussolinin liderliyi ilə yaranan, İtalyan millətçi sindikalizmində köklənən Parito Nazionale Fascista adlı faşist partiyasının siyasi ideologiyası idi. Onların nasistlərlə ortaq, oxşar cəhəti fərdin dövlətə tabe olduğu, liderə, elit qrupa tabe olduğu bir dövlət quruluşu yaratmaq idi. Faşizm güclü bir milli kimlik yaratmaq istəyirdi. Kommunizmə, konservatizmə, siyasi və iqtisadi liberalizmə qarşı. Faşizmin məqsədi qeyri-ənənəvi olan, bir milli və totalitar rejim yaratmaq idi ki, elə Sovet İttifaqının özü bunu yaratmışdı. Faşizmin məqsədi dövlət nəzarətində olan siniflərüstü (class-border economy) iqtisadi sistem yaratmaq idi (korporativ, milli sosialisti) ki, elə Sovet İttifaqı da belə bir sistem yaratmışdı. Faşizm yeri gələndə zorakılıq və şiddətlə məqsədlərinə nail olmağı etiraf edirdi.

Faşist kültürü qəhrəmanlıq, manşovinizm, xarizmatik lider sifəti və lider şəxsin kultu kimi ünsürləri özündə əks etdirirdi ki, bunları elə Sovet İttifaqı özü tətbiq edirdi.

Faşizm etiraz nümayişləri, sərbəst bazar, azad satış və azad sahibkarlığı qadağan edirdi ki, elə sovet rejimi özü bunları ləğv etmişdi. Faşizm azad mübahisələri, öz düşüncələrini irəli sürən çıxışları qadağan edirdi, yəni söz azadlığı kəskin məhdudlaşmalı və mütləq liderin iradəsinə və zəka gücünə tabe olmalı idi. Faşizm demokratiyanı, parlamentarizmi və ya hakimiyyət gücünün paylanmasını tamamilə rədd edirdi. Bu da sovet rejiminin bizə ən aşkar olan cəhətidir. Sonradan İspaniyada yayılan faşizm özünü iqtisadiyyat baxımından bir az fərqli göstərmiş oldu. İspanlar monarxiyanın saxlanılmasını istəyirdilər. Nasizmə aid olan antisemitizm faşizm ideologiyasına aid deyildi. Nasizm ilə faşizm arasındakı ən böyük fərq isə dövlət quruluşuna baxış idi. Faşizm dövləti qismən metafizik fenomen kimi, hər bir siyasətin təməli kimi görürdü. Nasistlər isə “xalq dövləti” yaratmaq istəyirdilər. Adolf Hitler özünün “Mein Kampf” (“Mənim mübarizəm”) adlı kitabında yazırdı ki, xalq dövlətinin başlıca işi xalqın mənşəyinin irqi elementlərinə aid kültürü qoruyub saxlamaq olmalıdır.

O xalqa öncə irqi nöqteyi-nəzərdən baxırdı. Nasistlər üçün “qan və torpaq” ən əsas deviz idi. Ona görə də  nasizm bir neçə ideologiyaların kombinasiyasından ibarət idi. 1941-ci ildə Sovet İttifaqına hücuma irqi müharibə kimi də baxılırdı. Nasizm ideologiyasının əsası yəhudilərə nifrət, onların Almaniyadan, mümkündürsə yer üzündən silinməsi, həm də slavyanlara, romanlara, kommunizmə, əlillərə nifrət idi. Alman xalqının hər cəhətdən digər xalqlardan üstün olması  və bütün almanların gözəl həyatı haqq etmələri vurğulanırdı.

Bu səbəbdən bütün almanların iş və dolanışıqla təmin olunması başlıca məqsəd idi. “Volkswagen” maşınqayırma şirkəti 1932-ci ildə Nasist Partiyasının hakimiyyəti dövründə təsis olunub. Bu, maşın və nəqliyyat sənayesində insanlara iş yeri açmaq, ölkənin qazancını artırmaq və əhalinin yaşayış səviyyəsini qaldırmaq məqsədilə həyata keçirilən başlıca projelərdən biri idi…

Bəs nəyə görə hələ də “Alman faşizmi” ifadəsi işlədilir, anlaşılmır. Bu gün postsovet ölkələrindən başqa heç bir yerdə bu ifadəyə rast gəlinmir.

 

Səadət Kərimi – fəlsəfə doktoru, İsveçin Umea Universitetin dosenti




1 şərh ““Alman faşizmi” doğrudurmu? – 9 MAY DÜŞÜNCƏLƏRİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir