Harada neçəyə təhsil ala, yaşaya bilərik? – ARAŞDIRMA

Baxış sayı: 2. 212

Yüzlərlə gənc xaricdə oxumaq üçün çalışıb-vuruşur. Bəzən qarşılarını dil proseduru kəsir. Bəzən isə bu tələbə cavab versələr də, xaricdə oxumağın neçəyə başa gəlməsi barədə məlumatsız olduqlarından arzularından vaz keçirlər.

Almaniyada pulsuz təhsil

Keçmiş SSRİ, həmçinin Azərbaycanda tələbələrin təhsil üçün ən çox üz tutduğu məkan Almaniyadır. Avropada ən çox beynəlxalq tələbə qəbul edən ölkə də Almaniyadır. Səbəb odur ki, Almaniyada təhsil pulsuzdur.

Kaspi Təhsil Mərkəzinin xaricdə təhsil meneceri Rahid Zərbiyev bizimlə söhbətində bildirdi ki, əgər tələbə bakalavr, yaxud magistratura pilləsində alman dilində təhsil almaq istəyirsə, təhsil haqqı ödəmədən arzusunu reallaşdıra bilər. İngilis dilində sözügedən ölkədə təhsil almaq istəyən isə İELTS-dən aşağısı 6.5 bal yığmalıdır. İngilis dilində olan ixtisaslarda semestrə 250-300 avro təhsil haqqı verilməlidir. Bu da ilə 500-600 avro edir. Bu, dövlət universitetlərindəki ingilis dilli bölmələrə aiddir. Özəl ali məktəblərdə isə qiymət dəyişir. Belə ki, illik təhsil haqqı 25 min avro olan universitetlər də var. Buna görə Almaniyada özəl universitetlərə sənəd verən çox azdır.

R.Zərbiyev deyir ki, Almaniyaya tələbələrin ən çox üz tutduğu ixtisas tibdir.

Almaniya miqrasiya xidmətinin müəyyənləşdirdiyi rəqəmə görə, sözügedən ölkədə bir tələbənin normal yaşam standartı üçün ilə aylıq 680 avro lazımdır. Buraya ev kirayəsi, yaxud yataqxana pulu, qidalanma və nəqliyyatdan istifadə daxildir. Müsahibimiz deyir ki, Kaspi Globalın xətti ilə sözügedən ölkəyə göndərilən elə tələbə var ki, ayı 450 avro ilə də yaşaya bilir, özü də bu pula heç də digərlərindən pis gün keçirmir. Amma elə tələbə var ki, onlara aya 2500 avro da bəs etmir.

Tələbə Almaniyaya getməmişdən qabaq Almaniyadakı bankların birində hesab açmalıdır. Bank hesabına 8050 avro pul köçürülməlidir. Bir il ərzində hər ay kartınızdan 680 avrodan çox olmamaq şərtilə pul çıxara bilərsiniz. Bundan artıq pul çıxarmaq mümkün deyil.

Almaniyada ictimai nəqliyyatdan istifadə etmək üçün tələbələrə xüsusi güzəştlər var. Belə ki, tələbə 25-30 avroya aldığı kartla ay ərzində limitsiz olaraq ictimai nəqliyyatdan istifadə edə bilər.

Yataqxana haqlarına gəlincə, bu, universitetdən-universitetə dəyişir. Aylıq 150-250 avroya yataqxanada qalmaq mümkündür. Qiymətlər yataqxanaların universitetə və ictimai nəqliyyata yaxınlıq dərəcəsinə görə dəyişir.

İngiltərədə bir tələbə aya 1300 funt xərcləməlidir

İngiltərədə isə bakalavr və magistratura pilləsində təhsil haqqı 11-18 min funt (1 AZN 2.28 funtdur) arasında dəyişir. Sözügedən ölkədə bütün universitetlərin yataqxanası var. Yataqxanalarda həftəlik qiymətlər 150-250 funta başa gəlir ki, bu da aya 450-1000 funt edir. Aya 550-600 funta ortabab yataqxana tapmaq mümkündür.

İngiltərənin miqrasiya xidmətinin 2016-cı il üçün müəyyənləşdirdiyi rəqəmə görə, Londonda bir tələbənin ortabab yaşaması üçün ayda minimum 1300 funta ehtiyac var. Bura qalma, gediş haqqı və qidalanma daxildir.

İngiltərədə tələbələr üçün ictimai nəqliyyatdan istifadə güzəştlidir var.

Polşa ucuzluğuna görə fərqlənir

Hazırda postsovet məkanından tələbələrin nisbətən ucuzluğuna görə ən çox axışdığı ölkələrdən biri də Polşadır. Polşada təhsil əsasən iki – polyak və ingilis dilində – verilir. Müsahibimizin dediyinə görə, polyak dilində təhsil ingilis dilindəki təhsildən daha ucuz başa gəlir. Polşada illik təhsil haqqı 2-6 min avro arasında dəyişir. Universitetlərin 95 faizində təhsil haqqı 2-3 min avrodur.

İngiltərədə ingilis dilində təhsil almaq istəyənlər İELTS-dən minimum 6 bal yığmalıdır. Əgər polyak və ingilis dilini bilmirsinizsə, Polşaya gedib bir il təhsil almaq istədiyiniz bu iki dildən biri üzrə hazırlıq keçə, sonra təhsilinizi davam etdirə bilərsiniz. Polyak və ingilis dili kursları üstünüzə illik təxminən 3 min avroya oturur.

Almaniyaya nisbətən Polşada yaşam bir az ucuzdur. Onlar bütün alış-verişlərini milli valyutaları olan zloto ilə edirlər. Bir tələbənin aylıq yaşamı üçün 450-550 avro kifayət edir.

Macarıstan: illik 6-7 min avroluq yaşam

Macarıstanda oxumaq istəyən əcnəbi tələbələrin əksəriyyəti sosial yönümlü ixtisaslara üz tuturlar. Burada təhsil haqları əsasən 2500-4000 avro arasında dəyişir. Amma 6 min avroya olan universitetlər də var.

Sözügedən ölkədə də macar və ingilis dilini bilənlər ali təhsil ala bilərlər.

Ümum yaşam xərci demək olar, Polşa ilə eynidir. Bir tələbənin normal yataqxana daxil, yemək, nəqliyyat və akademik xərcləri aya 500-600 avroya başa gəlir.

Türkiyə – attestatla qəbulun səbəbi

Türkiyədə dövlət universitetlərinin əksəriyyəti beynəlxalq tələbələri attestatla qəbul edir. Buna səbəb ölkənin beynəlxalq tələbə kontingentini artırmaqda maraqlı olmasıdır. Attestatın qiymətinə uyğun olaraq, ixtisas seçmək mümkündür.

Türkiyədə təhsil almaq istəyən tələbə universitetə qəbul olması ilə bağlı məlumat alandan sonra qeydiyyatdan keçir və türk dili imtahanına girir. Türk dili imtahanından keçəndən sonra bakalavr, magistr, yaxud doktorantura təhsilinə başlayır. Amma imtahandan keçmirsə, bir il hazırlıq bölməsində türk dilini oxuyur. İngilis dilli universitetlərdə də vəziyyət eynidir. Yəni tələbə qəbul olunandan sonra ingilis dilindən imtahan verməlidir. Əgər imtahan cavabı yetərli olmasa, hazırlıq kursunda ingilis dilini öyrənməyə başlayır.

Türkiyənin dövlət universitetlərində təhsil haqqı 200-700 dollar arasında dəyişir.

Attestatla qəbul aparan özəl universitetlərdə təhsil haqqı ildə 5500-6000 manatdır. Yalnız Türkiyədəki “top-10” universitet öz daxilində YÖS imtahanı keçirərək tələbə qəbulu aparır.

R.Zərbiyev deyir ki, İstanbul, Ankara, İzmir və Antalyada yaşam xərcləri daha yüksəkdir. Sözügedən şəhərlərdə bir tələbənin yaşaması 600-650 dollara başa gəlir. Digər əyalətlərdə isə 300-400 dollar civarındadır.

Qeyd edək ki, İstanbulda ictimai nəqliyyatdan istifadədə tələbələrə güzəşt edilir.

ABŞ – ili 60 min dollar olan təhsil

CELT Colleges-in Xaricdə təhsil üzrə direktoru Elgün Kərimov çoxlarının imkanlar ölkəsi adlandırdığı ABŞ-da təhsil və yaşam haqqı barədə bizi məlumatlandırdı. Öyrəndik ki, Azərbaycandan ABŞ-a gedib təhsil almaq istəyənlər o qədər də çox deyil. Yaxınlıq baxımından namizədlər əsasən Avropa ölkələrini seçirlər.

ABŞ-da bakalavr təhsili üçün SAT və TOEFL imtahanı mütləqdir. Təhsil haqlarına gəlincə, bakalavr pilləsi üzrə ən ucuz təhsil haqqı olan universitetlərdə illik 5-6 min dollar ödəmək lazımdır. Amma yaxşı universitetlərdə təhsil haqları 10 min dollardan başlayır. Pulu çox olanlar isə ili hətta 60 min dollara olan universitetdə də təhsil alıb özlərini inkişaf etdirə, gələcəklərini qura bilərlər.

Fransa – dövlət tərəfindən imkansız tələbələrə ev yardımı edilir

Edu-Unionun direktoru Xətai Kərimli 2009-2011-ci illərdə Fransada təhsil alıb. Deyir ki, Fransada fransız dilində təhsil həm yerli, həm də xarici tələbələr üçün pulsuzdur. Bu, yalnız dövlət ali məktəblərinə şamil edilir. İllik yalnız qeydiyyat və məcburi tibbi sosial sığorta üçün 450 avro civarında pul ödəyirsən. Fransa hökuməti dövlət ali məktəblərində təhsil alan bütün yerli və xarici tələbələr üçün il ərzində 13 min avro pul ayırır. Bu, bir tələbəyə ayrılan məbləğdir.

Dövlət ali məktəblərində oxumaq üçün isə əsas şərt fransız dilindən imtahan verib TCF sertifikatı almaqdır. Bu sertifikat müxtəlif səviyyələr üzrə verilir. B2 səviyyəsi ilə dövlət ali məktəbində oxuya bilərsiniz. Amma ölkənin baş şəhəri Parisdəki universitetlərdə təhsil almaq üçün daha yüksək səviyyə tələb edilir.

Özəl universitetlərdə isə təhsil haqqı müqabilində oxumaq mümkündür. Bakalavr və magistratura pilləsində təhsil haqları əsasən illik 3-4 min avro arasında dəyişir. Amma MBA təhsili üçün illiyi 10 min avroya olan universitetlər də var.

Fransada bir tələbənin aylıq yaşamı 450-650 avroya başa gəlir. Bu qiymətə yataqxana, ev kirayəsi, qidalanma, nəqliyyat pulu daxildir. Paris və Nisdə yaşamaq üçün isə aya bir az çox, 700-1000 avro xərcləməlisiniz.

X.Kərimli onu da qeyd etdi ki, Fransa sosial yönümlü dövlət olduğu üçün imkanı olmayan tələbələrə ev yardımı edilir. Fransa hökumətinin rəsmi dövlət qurumu olan CAF sosial baxımdan imkansız tələbələrin kirayə haqqının 20-50 faizini ödəyir. Bunun üçün sənədlərinizi sözügedən quruma təqdim etməlisiniz. Onlar sizin sosial durumunuzu, təqaüd alıb almadığınızı, işləyib işləmədiyinizi, evli, yoxsa subay olduğunuzu və s. göstəricilərinizi nəzərə alaraq kömək edir.

Belə. Özünü inkişaf etdirmək, yaxşı təhsil almaqla yanaşı, dünyagörüşünü artırmaq istəyənlər xaricdə təhsilə baş vura bilərlər. Təbii ki, əvvəlcə büdcələrinə nəzər salmaq şərtilə..

“Kaspi.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir