Azərbaycanda ailə məhkəməsinə ehtiyac varmı?

Baxış sayı: 1. 401

Ailə məhkəmələrinin ölkəmizdə də tətbiq ediləcəyi ilə bağlı fikirlər son vaxtlar tez-tez gündəmə gəlir. Bir çox ölkələrdə tətbiq edilən ailə məhkəmələrinın Azərbaycanda da tətbiq edilməsi təklifi ilə çıxış edən millət vəkili Məlahət İbrahimqızı mətbuata açıqlamasında bu məsələ üzərində müəyyən işlərin aparılmasına başlandığını da bildirib: “Bu istiqamətdə xarici ölkələrin, o cümlədən Türkiyənin təcrübəsini öyrənirik. Biz əvvəl xarici təcrübəni yaxşı öyrənməliyik, ondan sonra Azərbaycanda tətbiq oluna biləcək müvafiq model hazırlamalıyıq. Hesab edirəm ki, ailə məhkəmələrinin Azərbaycanda tətbiq edilməsi mümkündür”. Millət vəkilinin fikrincə, bu model dövlətimiz və cəmiyyətimiz üçün faydalı ola bilər. Yaxın gələcəkdə Azərbaycanda məhkəmə institutunun inkişaf etdirilməsi məqsədilə ailə məhkəmələri ilə bağlı hazırlanacaq təkliflər paketinin Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur: “Ailə məhkəmələrinin tətbiqi boşanmaların sayını xeyli azalda bilər, çünki ailə məhkəmələri nikahın pozulması deyil, daha çox ailə başçılarının barışdırılması missiyası ilə çıxış edir”.

Xarici ölkələrdə fəaliyyət göstərən bu strukturların tərkibinə ailə məsələləri ilə bağlı ixtisaslaşmış mütəxəssislər, o cümlədən psixoloqlar, tərbiyəçilər, sosial məsələlərlə bağlı ekspertlər də daxil edilir. Təcrübəyə əsasən, ailə məhkəmələrinin maliyyə və mülkün bölüşdürülməsi istisna olmaqla ailədaxili məsələlərlə bağlı işlərə baxmaq hüququ var.

Ekspertlərin isə ailə məhkəmələrinin yaradılması ilə bağlı fikirləri birmənalı deyil. Belə ki, ailə məhkəmələrinin boşanmaq istəyən ailələrin problemlərinin həllində, münaqişənin aradan qaldırılmasında böyük rol oynayacağını bildirənlərlə yanaşı, yalnız məhkəmələrin işini asanlaşdıracağını deyənlər də var.

11 ayda 11 min boşanma?

Ailə məhkəmələrinin yaradılmasını qəbul ediləcək Milli Fəaliyyət Proqramının komponentlərindən biri kimi dəyərləndirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, sənəddə məişət zorakılığı ilə bağlı əlverişli strategiyalar yer alıb: “Çoxdandır həmin proqram hazırlanır və yalnız qəbulu məsələsi qalıb. Ailə məhkəmələri də həmin proqramın komponentlərindən biridir. Bu, çox spesifik məsələdir. Ona görə də hər məhkəmə bununla məşğul ola bilməz. Nəzərə alsaq ki, 11 ayda 11 min boşanma baş verir və bu məsələlərə qeyri-mütəxəssis adamlar, hakimlər başdansovdu yanaşırlar, onda vəziyyəti təsəvvür etmək çətin deyil. Tərəflərin problemləri öyrənilmir, sadəcə olaraq 3 ay vaxt verilir və “gedin, düşünün” deyilir. Bəzən adamlar qərarı gərginlik anında verirlər və boşanma qərarında da iddialı olurlar. Bu baxımdan ailə məhkəmələrində bu cür məsələlərə daha dərindən baxıla bilər». İB sədri hesab edir ki, həmin məhkəmələrin yaradılacağı təqdirdə onun fəaliyyətinə peşəkarlar, sosial işçilər, psixoloqlar cəlb ediləcəksə, bu sahədə dəyişiklik olacaq: “Əgər sadəcə məhkəmə olacaqsa, heç bir dəyişiklik olmayacaq».

Gənc Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc hesab edir k, ailə məhkəmələri sadəcə olaraq məhkəmələrin işini bir qədər asanlaşdıra bilər: “Bu, ailələrin dağılması və boşanmaların aradan qaldırılmasına o qədər də müsbət təsir etməyəcək. Ümumiyyətlə, problemi həll etməyə səy göstərmə iki cür ola bilər: birbaşa problemin həll olunmasına çalışmaq, ikincisi də problemlərdən nəticə çıxarıb onun qarşısının alınması üsulunu müəyyənləşdirməyə çalışmaq”.

Cəmiyyətin ciddi yarası

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ceyhun Cəfərlinin fikrincə, ailə məhkəmələri ayrıca struktur kimi yaradılmalıdır: “Məhkəmələrin strukturuna fikir versəniz, görərsiniz ki, dövlət orqanlarına qarşı vətəndaşların tələblərinə dair işlər üzrə ayrıca ixtisaslaşmış məhkəmələr formalaşdırılıb. İcra hakimiyyəti orqanları, inzibati orqanlar vətəndaşların şikayətləri üzrə işlərə baxılarkən ümumi məhkəmələrə çağrılmırlar. Bu məqsədlə ayrıca ixtisaslaşmış inzibati iqtisad məhkəmələri fəaliyyət göstərir”. Hüquqşünasın sözlərinə görə, həmçinin sahibkarların, təsərrüfat subyektlərinin ayrıca ixtisaslaşmış inzibati iqtisad məhkəmələri fəaliyyətdədir. Belə ki, sahibkarların, təsərrüfat subyektlərinin, ayrı-ayrı hüquqi şəxslərin, sahibkarlıqla məşğul olan fiziki şəxslərin öz aralarındakı iqtisadi münasibətlərdən doğan mübahisəli işlərinə yenə də ixtisaslaşmış məhkəmələr baxır. Həmin məhkəmələr regional ərazi qrupları üzrə formalaşıb. Bakı şəhərində bu tip iki məhkəmə fəaliyyət göstərir. Həmçinin Sumqayıt şəhərində regionu əhatə edən bu tip məhkəmə var. Regionlarda da belə inzibati iqtisad məhkəmələri fəaliyyətdədir: “Hesab edirəm ki, qanunvericilik bu tip münasibətlərin xüsusi çəkisini və əhəmiyyətini nəzərə alaraq həmin mübahisələrə baxan ayrıca məhkəmələr formalaşdırıb. Ona görə də vətəndaşların dövlət orqanları ilə mübahisələrdən əmələ gələn, pozulması ehtimal edilən, onların hüquqlarını qorumaqdan ötrü bu bir zərurət kimi ortaya çıxıb. Ailə məhkəmələri də insanların ailə hüquqlarının təminatını yaxşılaşdırmaq üçün formalaşdırılmalıdır. Çünki ailə hüququ da Konstitusiya hüququdur. Burada xüsusilə də azyaşlılar, uşaqlar və qadınlar əziyyət çəkirlər. Qadınlar, analar və uşaqlar isə Konstitusiyaya görə dövlətin himayəsindədirlər”. Hüquqşünas bildirir ki, bir neçə il öncə ölkəmizdə qadınların, anaların və uşaqların ailədə istismarının, işgəncəyə məruz qalmasının qarşısını almaqdan ötrü «Məişət zorakılığına qarşı mübarizə haqqında» qanun qəbul edilib: “Qanun onların hüquqlarını müdafiə etmək üçün qəbul edilib. Fikrimcə, xüsusi himayə xüsusi məhkəmələrin yaradılmasını ehtiva edir. Mən bir hüquqşünas kimi belə məhkəmələrin yaradılmasını alqışlayardım. Burada eyni zamanda, aliment, uşaqla ünsiyyət, uşağın hansı valideynin yanında saxlanması məsələlərinə dair rəy verilməsi problemi də həll olunacaq”. C.Cəfərli uşaqla ünsiyyət, valideyn hüquqlarının məsullaşdırılması məsələsinə dair rəylərin yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi ilə razılaşmır. Belə ki, ailə və uşaq siyasətini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirsə də, qanunvericiliyin yaratdığı qaydalar ziddiyyət meydana çıxarır: “Yerli icra hakimiyyəti həm yol çəkir, həm park salır, həm də uşağın hansı valideynlə qalmasını və ya ünsiyyət məsələsini həll edir. Bu, düzgün deyil. Sanki tamam başqa bir sahədə olan şəxs bu sahə ilə bağlı rəy verir. Komitə isə bu məsələdə kənarda qalır. Ancaq bu rəyi komitə və ya onun yerli şöbələrinin verməsi daha məqsədəuyğun olardı. Düzdür, bunu qəyyumluq və himayəçilik orqanlarının fəaliyyəti ilə əlaqələndirirlər. Qoy bu orqan da komitənin nəzdində olsun və onun da yerli şöbələri fəaliyyət göstərsin. Onda komitə nəyə lazımdır?” Hüquqşünas hesab edir ki, ailə məhkəmələri formalaşdırılarsa, bu tip məsələlər öz həllini tapar, həm də ümumiyyətlə, boşanmaların sosial, hüquqi, əxlaqi səbəbləri araşdırılar. O cümlədən bu məsələdə dövlətin müdaxiləsi təmin edilər: “Düzdür, dövlət barışmaq üçün vaxt verməklə məsələyə müdaxilə edir, ancaq bu, gözləmə mövqeyidir. Real, aktiv müdaxilə deyil. Hesab edirəm ki, ailə məhkəmələri yaradılsa, ailə münaqişələrinin müsbət məcrada həllinə təkan olar».

Ailələrin boşanması məsələsinə toxunan hüquqşünas nikahın pozulmasının Mülki Prosessual Məcəllə ilə tənzimləndiyini qeyd edərək hər bir tərəfin öz iddia və tələblərini sübut etməli olduğunu bildirir. Belə ki, ər və arvad nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırır və sadəcə, «mən ailəmi davam etdirmək istəmirəm» – deyir: “Amma o nəyi sübut edər? Bu, məntiq baxımından kifayət edir, ancaq ailənin dağılması üçün ciddi sosial, hüquqi, bioloji, tibbi əsaslar mövcud olmalıdır. Çünki artıq ər və arvad nikaha girirsə, həm bir-birləri, həm uşaqları, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Axı dövlət hesab edir ki, ailə cəmiyyətin əsasıdır. Əgər ailə dağılırsa, ailənin əsası olan mikromühit də dağılmış hesab olunur. Cəmiyyət qarşısında ailənin məsuliyyəti yaranır. Əlbəttə, kimsəni zorla nikahda saxlamaq olmaz. Ancaq sadəcə «istəmirəm» sözü onun ikinci, üçüncü nikahlarına məhdudiyyət yarada bilər. Yəni sadəcə istəmirsənsə, onda sənin ikinci və ya üçüncü nikahını da qeydə almaq istəmirik. Avropanın bəzi ölkələrində bu cür səbəblərlə boşanmaq gələcəkdə həmin səbəbi əlində əsas tutan həmin şəxsin təkrar nikaha girməsinə əngəl yaradır”. Hüquqşünasın fikrincə, ailə məhkəmələri bu cür boşanmaların statistikasını apara bilər və profilaktik tədbirlərin görülməsinə qapı açar: “Məncə, bu sahə dərindən öyrənilməli və ona hüquqi qiymət verilməlidir. Bunun üçün də ayrıca məhkəmə strukturu yaradılsa, yaxşı olar. Təbii ki, başqa əsaslarda yaranan mübahisələr o qədər çoxdur ki, məhkəmələrin ailə məsələlərinə daha çox diqqət ayırması mümkün olmur. Nəticədə «boşanmadır» – deyə işi kənara atır, məsələni dərindən araşdırmırlar və ailəni barışdırmağa çalışmırlar. Bunun üçün əslində cəmiyyət hamılıqla çalışmalıdır. Çünki bu, ciddi şəkildə sosial və demoqrafik problemlərə yol açır. Nəticədə uşaqlar ailədə ciddi psixoloji travma alır. Bu, gələcəkdə cəmiyyətin ciddi yarasına çevriləcək».

“Kaspi.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir