Hepatit B çox yayılmış virusdur. İnsan orqanizminə düşdükdən sonra virus qan axını ilə qara ciyərə çatır və burada qara ciyər hüceyrələrinə (hepatositlər) daxil olaraq çoxalmağa başlayır.
Orqanizmin immun sistemi buna cavab olaraq virusa yoluxmuş hepatositləri məhv etməyə başlayır. Məhv olunmuş hepatositlər çapıq toxuması ilə əvəz olur. Təbii ki, çapıq toxuması hepatositlərin funksiyalarını yerinə yetirə bilmir və bu da müxtəlif pozulmalara səbəb olur. Bu proses sürətlə getdikdə insanda qara ciyər sirrozu kimi ağır pozulma inkişaf edə bilər ki, bu pozulma insanın həlak olmasına səbəb ola bilər.
Hepatit B qan vasitəsilə xəstə insandan sağlam insana keçir. Lakin hepatit B xəstə insanın digər bioloji mayelərində də (sperma, göz yaşları, ağız suyu, sidik, nəcis) aşkar olunur və bu o deməkdir ki, bu mayelər sağlam insanın zədələnmiş dərisinə və ya selikli qişalarına və ordan da qana düşdükdə, virus sağlam insana keçə bilər. Virus hətta gözə görünməyən mikrotravmalardan sağlam insanın orqanizminə daxil ola bilər. Dərinin və selikli qişalarının tamlığı pozulmadıqda, bu mümkün deyil.
Həmçinin hepatit B cinsi yolu ilə xəstə insandan sağlam insana keçə bilər (30% hallarda). Hamiləlik zamanı virus xəstə anadan dölə doğuş zamanı və ya hamiləlikdə ciftin tamlığı pozulduqda (məsələn, amniosentez zamanı) keçə bilər.
Bu virus çox davamlıdır və xarici mühitdə uzun müddət ərzində (1 həftəyə kimi) qala bilir. Virus hətta qurumuş və görünməyən qan ləkələrində – ülgücün, qayçıların, tibbi alətlərin üzərində, iynələrin ucunda və s. – qalır. Məhz virusun belə davamlılığına görə hepatit B-yə yoluxanların sayı da çoxdur və artmağa davam edir. Son illər hepatit B-yə qarşı peyvənd vurulur ki, bu da xəstəliyin yayılmasını azaldır.
Əksər hallarda hepatit B 20-49 yaş arası insanlarda aşkar olunur. İnkişaf etmiş ölkələrdə uşaqlar və yeniyetmələr hepatit B-dən peyvənd olunur və bu da xəstəliyin azalmasına səbəb olur.
İnsan bu virusa pirsinq, tatu, manikür, pedikür zamanı yoluxa bilər.
Hepatit B-yə həmçinin xəstəxanalarda və stomatoloji kabinetlərdə yoluxmaq mümkündür.
Hepatit B orqanizmə düşdükdən sonra müəyyən müddət ərzində (2 aydan 6 aya kimi) özünü heç bir simptomla büruzə vermir. Buna inkubasiya dövrü deyilir. Lakin bu müddət ərzində bu insan digərləri virusa yoluxdura bilər. Daha sonra infeksiya özünü bu kimi simptomlarla büruzə verir:
– yorğunluq, halsızlıq
– hərarətin artması
– iştahanın azalması
– sarılıq (dəri və göz almaları sarı rəng alır)
– sağ qabırğaaltı nahiyəsində diskomfort
– oynaqlarda ağrılar
– sidiyin rəngi tündləşir (tünd çaya oxşayır, köpüklüdür), nəcisin rəngi açıq olur.
Bu simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır. Həkim xəstəyə qanın xüsusi analizlərini təyin edəcək. Kəskin hepatit B əksər hallarda sağalma ilə nəticələnir. Adətən kəskin hepatit B zamanı xüsusi virus əleyhinə preparatlar təyin olunmur. Həmçinin kəskin hepatit B xroniki formaya keçə bilər.
Bəzi hallarda virus orqanizmə düşdükdən sonra kəskin hepatit B inkişaf etmir, infeksiya dərhal xroniki formaya keçir. Bu əksər hallarda immun sistemi zəif olan insanlarda baş verir.
Xroniki hepatit B zamanı simptomlar adətən daha az ifadə olunur. Xəstə yorğunluq, halsızlıq, qara ciyər nahiyəsində diskomfort hiss edə bilər, dərinin saralması meydana çıxa bilər. Bu halda mütləq hepatoloqa müraciət etmək lazımdır. Hepatit B müasir virus əleyhinə preparatların köməyi ilə çox uğurla müalicə olunur.
Xroniki hepatit B zamanı qara ciyərin funksiyaları saxlanılıbsa, virus əleyhinə müalicə təyin olunmur. Əks halda xəstəyə virus əleyhinə müalicə təyin olunur. Nəzərinizə çatdıraq ki, belə müalicə uzunmüddətli və bahalıdır. Belə xəstələr daim hepatoloqun nəzarəti altında olmalı və qan analizləri verməlidir.
Müalicəsiz buraxılmış hepatit B gecikmiş mərhələlərdə qara ciyərin sirrozuna və qara ciyərin xərçənginə səbəb ola bilər.
Hal hazırda bu virusa qarşı peyvənd hazırlanıb və bu peyvənd çox yaxşı nəticələr verir. (saglamolun.az)