İctimai yerlərdə ədəb nədir, niyə vacibdir və ən əsası, niyə qəhətə çıxıb?

Baxış sayı: 615

Cəmiyyətin əxlaqına uyğun davranmaq, mövcud dəyərlərə hörmət etmək, nəzakətli və hörmət çərçivəsində hərəkət etməkdir ədəb. Hər nə qədər son illər yoxa çıxsa da, gənclərin əksəriyyətində müşahidə etməsək də, ədəb, əslində, insana öyrədilən ən vacib xüsusiyyətdir. Gözəl əxlaq, ədəb, həya, mədəniyyət insanın zinətidir.

İctimai yerlərdə siqaret çəkib tüstüsünü qarşıdakının üzünə üfürən, tum çırtlayıb qabığını yerə tüpürənlər, saqqız şişirdib insanlara qarşı şar kimi dolduranlar, içdiyi suyun şüşəsini 2 metr yaxınlıqda olan zibil qutusuna atmaqdansa yerə atanlar, hazır qidanın qablaşdırmasını skamyanın taxtaları arasında dürtənlər … Çox rastlaşmısınız, elə deyil?

natemizlik

Parklardakı skamyaların önündən keçmək mümkün deyil, yer tamamilə tum və qida qalıqları olur. Bir neçə saat müşahidə etsək görərik ki, əksəriyyətini gənc nəsil edir. “Gələcəyimizdir” dediyimiz gənclər bu məsələdə necə deyərlər, “sinifdə qalırlar”. Çox təəssüf ki, bu, belədir…

Qərb alimləri nə sərsəmləyir?

Hələ bir neçə il əvvəl internetdə bir məqaləyə rast gəlmişdim. “British Medical Journal”da dərc olunmuşdu. Məqalənin mövzusu ictimai nəqliyyatda yaşlılara yerməklə əlaqəli idi. Alimlər, doktorlar, araşdırmaçılar – bu qəbildən bir çox ekspertin fikirləri verilən məqalədə deyilirdi ki, yaşlı insanları aktiv olmağa təşviq etmək üçün ictimai nəqliyyatda yer verilməməlidir. Yazırdılar ki bunu onların xeyrinə edirsiniz, çünki etdikləri daha çox fiziki hərəkət onları başqalarından daha az asılı edəcək.

Alimlər deyirdi ki, yaşlıların ictimai nəqliyyatda ayaqüstə getmələri, əslində, onlar üçün əla fiziki aktivlik hesab olunur. Onların sağlamlıqlarını nəzərə alın və yer verməklə onlara pislik etməyin. Qısası bizim ədəb, nəzakət, hörmət dediyimiz bu incə davranışa qərb alimləri, sözün həqiqi mənasında, “tüpürməyi” məsləhət görürlər.

“Yaşlandıqca hərəkətsizliyi deyil, fiziki aktivliyi artırmalıyıq. Ailənizdəki yaşlıları liftlə deyil, pilləkənlərlə hərəkət etməyə təşviq edin. Yaşlı insanlara metro və ya avtobusda öz yerinizi təklif etməzdən əvvəl iki dəfə düşünün. Ayaqüstə dayanmaq onlar üçün əla məşqdir”.

Lift yerinə pilləkanla hərəkət etmək məsləhəti olduqca məntiqlidir, hər gün gəzintiyə çıxmaq, piyada gəzmək sağlamlıq üçün faydalıdır və bununla bağlı çox ciddi araşdırmalar da var. Lakin ictimai nəqliyyatda outran bir gəncin başı üstündə ayaqüstə getməyə çətinlik çəkən bir yaşlı insana hörmətsizlik etmək ədəb, əxlaq çərçivəsində deyil. Hər “stop”da, avtobusun hər sürət dəyişimində yerində ləngər vuran, ayaqüstə dayanmaq uğrunda mübarizə aparan yaşlı insan üçün bu fiziki hərəkət yox, əziyyətdir. Dəfələrlə şahidi olmuşuq, bu vəziyyətdə müvazinətini saxlaya bilməyib yıxılan sərnişinlər də çox olur.

Gənclər və yaşlıların oturacaq uğrunda mübarizəsi

Əslində, bu mübarizəyə səbəb yollardakı tıxac, avtobusların sayının az olması, interval müddətinin uzun olması, əhali sayına görə marşruta az avtobus buraxılmasıdır. Üstəlik, ictimai nəqliyyatda sıxlıq sağlamlıq problemləri də yaradır, yoluxucu xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Xəttə az marşrut buraxılanda sərnişinlər təbii olaraq tapdıqları ilk avtobusa minməli olurlar, yer olmasa, sıxlıq olsa belə.

Məsələ də buradan başlayır əslində. Oturanlar hamı kimi gediş haqqını ödədikləri üçün oturmaqda haqlı olduğunu düşünür, ayaqüstə qalanlar isə yaşlarına və cinslərinə hörmət tələb edir. Oturanlar irad bildirir, “əgər ayaqüstə getmək istəmirsənsə dolu avtobusa minmə”. Əslində, məntiqlə haqlıdır, amma mental düşüncəyə, ədəb və mədəniyyət qaydalarına görə məntiq bu vəziyyətdə geridə qalır. Axı avtobusda oturan 20-25 yaşlı sağlam bir gəncin başının üstündə dayanmış hamilə qadına, qocaya, uşaqlı anaya “mən yerimin pulunu ödəmişəm” düşüncəsi ilə yer verməməsi normal ədəb, əxlaq qaydalarına da ziddir.

 

Kişilər qadınlardan ədəblidir

Əslində, bir çox qadınlar kişilərdən ictimai nəqliyyatda davranış barədə bir qədər mədəniyyət öyrənsələr, yeridir. Çox təəssüflə hər gün gördüyümüz bir mənzərəni yazım. 19-20 yaşlı gənc bir qız 50 yaşlı kişinin yerindən qalxıb ona yer verməsinə razı olur, bunun məhz elə belə də olmalı olduğunu hesab edir, dilucu bir “sağ ol” da demir, o oturacaqda haqqı varmış kimi oturur.

Əgər yer verməsə kişinin gizlicə şəklini çəkib sosial şəbəkələrə atanlar, xanıma yer verməməkdə qınayanlar basıb cəmiyyəti bit-birə kimi. Qınağa tuş gəlməmək, sosial şəbəkələrdə müzakirə edilməmək üçün o kişilər öz yerlərini diməz-söyləməz gənc qızlara verməli olur.

Maraqlıdır, bir o qədər də təəccüblüdür ki, 50 yaşlı bir kişi özündən gənc qadının yerindən qalxıb ona yer verməsinə isə heç vaxt razı olmur. Hərçənd bu çox rastlaşdığımız vəziyyət də deyil. Bir az məntiqlə düşünsək, ağır fiziki işdən sonra evə yorğun-arğın dönən bir kişi rəfiqələri ilə bulvarda gəzib dikdaban ayaqqabının yorğunluğunu yaşayan bir qıza niyə yer vermək məcburiyyətində olmalıdır?

 

Fiziki problemli kişi avtobusda oturur: Elə şey olar?

Əksəriyyətimiz şahidi olmuşuq, çəliklə və ya qoltuq ağacı ilə yeriyən kişilər avtobusda yalnız öz həmcinsləri tərəfindən oturacaqla təmin olunurlar. Ümumiyyətlə, kişilər avtobusda o qədər sıxışdırılırlar ki, sanki istilaya məruz qalıblar. Avtobusdakı son qalalası – ən sondakı oturacaqlar belə qadınlar tərəfindən işğal edilib.

17 yaşlı autizmli oğlu olan ana ilə həmsöhbət olanda dedi ki, avtobusda oğlumu oturan görən qadınlar gəlib başının üstündə durub çantaları ilə təzyiq edirlər, dümsükləyirlər, oğlum öz dünyasında olur, reaksiya verməyəndə söyüş söyür, təhqir edirlər: “Mən yorulmuşam nəqliyyatda insanlara oğlumun vəziyyətini başa salmaqdan və məni oğlumun vəziyyətindən çox o insanların münasibəti incidir. Adam qalır lal-susqun. Nə deyəsən? Oğlum avtobusda, metroda özündən böyüklərə yer vermək barədə bilmir deyə ona ədəbsiz, mədəniyyətsiz deyirlər. Nə olsun fiziki problemi yoxdur. Sapsağlam qadınlar söz atır, ağız büzürlər. Axı normal sağlamlığın var, şikəstliyin, əlilliyin yoxdur, ayaqüstə getmək ölüm deyil, uzağı 10 dəqiqə ayaqüstə dayanacaqsan, niyə insanların gününü, əhvalını korlayasan ki? Gərək avtobusda oturmaq üçün kişilərin əli-ayağı yerinə olmasın, ayrı cür imkan verməzlər”.

Həmsöhbətimin dediyində həqiqət var. Elə bu günlərdə şahidi oldum, sərnişini olduğum avtobusa qoltuq dəyənəyi ilə 30-35 yaşlarında bir gənc mindi. Sürücü ona qapıdan qalxmağa kömək etdi, oğlan orta sıralardan birindəki boş yerdə oturdu, qoltuq dəyənəklərini də oturacağın altına itələdi. Ayağının biri dizdən qatlanmırdı, qabağa uzatdı. Yolda olduğumuz 20-25 dəqiqə ərzində olduqca çox qadın o gəncə tərs-tərs baxdı, “gənclərdə ədəb-mərifət yoxdur, anası yaşda qadınlara yer vermirlər” kimi tənələr eşidildi. Hələ bilərəkdən onun yaralı ayağına toxunanları demirəm…

“2 uşaqla 30 dəqiqə ayaqüstə gedirəm”

Samirə gənc anadır, 7 yaşlı qızını hər gün avtobusla məktəbə aparır, yanında da 3 yaşlı digər övladı. Əslində, bu yazını yazmağa bir az da onu görməyim səbəb oldu. Eyni avtobusda yol getdik iki gün əvvəl, mən işdən evə, o dərsdən evə. Çiynində uşağın ağır məktəb çantası, hər əlindən bir uşağı tutub, avtobusda bashabasda ayaqüstə getməyə çalışır. Hərəkət boyu ana sağa-sola ləngər vurduqca uşaqlar da onunla bərabər o yana- bu yana sürüklənirdi.

Ayaqüstə dayanan sərnişinlərdən hərəmiz bir uşağı tutduq, anaya kömək məqsədi ilə. Bütün avtobus boyu bir qadın qalxıb o anaya yer vermədi. Anaya yer vermək bir yana, o uşaqları öz qucağına almağı təklif edən də olmadı. Təxminən 30-40 yerli avtobusda bir nəfər də olsun oturmuş kişi sərnişin yox idi, bütün oturacaqlar gənc-yaşlı qadın sərnişinlər tərəfindən işğal edilmişdi. Qadın deməyimə baxmayın, oturanların əksəriyyəti 19-20 yaşlı qızlar idi. Kimisi qulağına qulaqcıq taxıb musiqi dinləyir, kimisi yuxulayır, kimisi kitab oxuyur. Heç biri gözünü qaldırıb baxmır. Dəfələrlə sərnişinlər qızlara müraciət etdi, uşaqlara yer verin dedik, amma eşitməmiş kimi davrandılar. Ananın dayanacağı çatdı, düşdü. Düşərkən “mən alışmışam artıq, hər gün bu yolu 30 dəqiqə ayaqüstə gəlirəm, yer verməklərini gözləmirəm” dedi.

“Bizim vaxtımızda belə deyildi”, “bizim dövrümüzdə ədəb, həya vardı”, “indiki gənclər çox mədəniyyətsidir”, “bu gənclərə heç tərbiyə verməyiblər” deyən qadınlar da vardı o avtobusda. Rahat oturub körpə uşalqarın avtobusda təhlükəli vəziyyətdə yol getməsini kino izləyirmiş kimi izlədilər. Gənc nəsildən ədəb gözləyənlər də o qadınlar olur ən çox. Nə əkmisiniz ki, nə biçəsiniz?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir