Son illərdə həkim kimi müşahidə etdiyim mühüm bir hal var:
məktəb ili başlayanda və xüsusilə imtahan dövrlərində (KŞQ, BŞQ, monitorinqlər zamanı) ibtidai sinif uşaqlarında fiziki və psixoloji narahatlıqlar çoxalır.
Valideynlər tez-tez belə deyirlər:
“Uşağım tez tez xəstələnir “”
“İştahı itib.”
“Səhərlər məktəbə getmək istəmir.”
“Gecələr qorxulu yuxular görür.”
Araşdıranda məlum olur ki, uşağın orqanizmi sağlamdır, analizlər normal çıxır, amma narahatlıq və stres bədəndə xəstəlik kimi özünü göstərir.
Uşaqlarda stress nədir?
Stress – təkcə böyüklərin deyil, uşaqların da qarşılaşdığı bir haldır.
Uşaqlar da məktəb, imtahan, müəllim, dost münasibətləri kimi səbəblərlə daxili gərginlik yaşayırlar.
Amma onların emosiyalarını idarə etmə bacarığı hələ formalaşmadığı üçün bu gərginlik bədən reaksiyası şəklində ortaya çıxır.
Yəni uşaq qorxu, narahatlıq və təzyiq hiss etdikdə, bədən buna qarın ağrısı, baş ağrısı, yuxu pozuntusu kimi cavab verir.
Niyə İbtidai Sinif Uşaqları Daha Həssasdır?
İbtidai sinif uşaqları üçün “imtahan” anlayışı yenidir.
Onlar üçün səhv etmək “pis olmaq”, aşağı bal almaq isə “uğursuz olmaq” deməkdir.
Belə düşüncə:
Özünə inamsızlıq yaradır
Uğursuzluq qorxusunu artırır
Beyində gərginlik və qorxu reaksiyasını gücləndirir
Bu zaman beyin stres hormonları (kortizol, adrenalin) ifraz edir və nəticədə uşaqda fiziki və emosional narahatlıq yaranır.
Uşaqlarda stressin əlamətləri
Stress uşaqlarda müxtəlif formalarda özünü göstərə bilər.
Bəzən uşaq “mən qorxuram” demir, amma bədəni danışır.
1) Mədə-bağırsaq şikayətləri
Ən çox rast gəlinən simptomlardır:
Səhər başlayan qarın ağrıları
İştahın azalması və ya çox yemə
Bulantı, qusma (xüsusilə imtahan günlərində)
Qəbizlik və ya ishal
Nümunə
9 yaşlı Zəhra hər test günü səhər ağrı və qusma ilə müraciət edirdi.
Analizlər normal idi. Aydın oldu ki, bu — imtahan qorxusunun nəticəsidir.
Valideynlərlə söhbət və dəstək sonrası şikayətlər yoxa çıxdı.
2) Yuxu pozuntuları
Stressli uşaqlarda:
Yuxuya getmək çətinləşir
Tez-tez oyanma və yuxular olur
Səhərlər halsız qalxırlar
Uzunmüddətli yuxu pozğunluğu diqqət zəifliyi və yorğunluq yaradır.
3) Baş və bədən ağrıları
Gərginlik bədəndə yığılır:
Günortadan sonra başlayan baş ağrısı
Ayaq ağrıları, “böyümə ağrısı” kimi
Boğazda düyün hissi, udqunma çətinliyi
Bunlar çox vaxt “xəstəlik” deyil, emosional ağrıdır.
4) İmmunitetin zəifləməsi
Uzun sürən stress bədəni müdafiəsiz qoyur:
Tez-tez soyuqdəymə, qrip
Uzunmüddətli öskürək, burun axması
Allergiya və ekzema kimi dəri problemlərinin artması
Hətta saç tökülməsi
5) Psixoloji və emosional pozuntular
Davamlı gərginlik uşağın davranışını dəyişir:
Təşviş (narahatlıq)
– Daim gərgin, qorxulu, diqqəti yayılır, tərləyir.
Depressiya
– Kədər, maraqsızlıq, “mən bacarmıram” düşüncələri, yorğunluq.
Tükənmişlik (burnout)
– Dərslərdən bezmə, məktəbə qarşı mənfi münasibət, emosional yorğunluq.
6) Davranış dəyişiklikləri
Uşaq imtahandan qaçmaq, məktəbə getmək istəməmək
Ağlama, aqressiya, əsəbiləşmə
Dırnaq yemə, saç çəkmə, diş sıxma
Bəzən artıq emosional yemək (xüsusilə şirniyyat)
Nadir hallarda — özünə zərər davranışları (böyük yaşlarda)
Yaşa görə atres fərqləri
Yaş qrupu və əlamətlər
6–7 yaş – Məktəbə getmək istəməmə, “xəstəyəm” bəhanələri, ağlama
7–8 yaş – Qarın ağrısı, müəllim qorxusu, “pis oxuyacam” narahatlığı
8–9 yaş – Dost münasibətləri ilə bağlı stres, yuxu pozuntuları
9–10 yaş – Özünü qiymətləndirmə, nəticə qorxusu, halsızlıq və başgicəllənmə
Valideynlər nə etməlidir?
1) Erkən əlamətləri tanıyın
Uşağın davranışı, iştahı, yuxusu dəyişibsə
Xüsusilə imtahan günlərində şikayətlər artırsa — stres ehtimalını düşünün.
2) Təzyiq yox, dəstək verin
Uşağı nəticəyə görə yox, səyinə görə tərifləyin.
“Sən bacaracaqsan” yox, “gəlin birgə öyrənək” deyin.
Sevginizin nəticədən asılı olmadığını hiss etdirin.
3) Gündəlik rejim yaradın
Yuxu: 9–11 saat
Qidalanma: təbii, az şəkərli yeməklər
Hərəkət: hər gün açıq havada ən az 1 saat oyun
Ekran vaxtı: maksimum 1–1.5 saat
Sakitləşmə: musiqi, rəsm, nəfəs məşqləri
Müəllimlər Üçün Qısa Qaydalar
İmtahanları “cəza” deyil, “öyrənilənləri göstərmə” fürsəti kimi təqdim edin.
Qiymət yox, inkişaf və səy əsas olsun.
Uşağa hiss etdirin ki, imtahan onun dəyərini müəyyən etmir.
Müəllimin sakit, anlayışlı münasibəti uşağın beyin gərginliyini azaldır.
Nə zaman mütəxəssisə müraciət etmək lazımdır?
Əgər:
Uşaqda simptomlar 2 həftədən çox davam edirsə,
Kilo itkisi, yuxu problemi, imtahandan qaçma halları varsa,
O, emosional olaraq qapanıbsa,
mütləq pediatr və uşaq psixoloqu birlikdə qiymətləndirməlidir.
Profilaktika – Sağlam Uşaqlar, Sağlam Gələcək
Məktəblərdə psixoloq xidməti aktiv olmalıdır.
Valideyn maarifləndirilməsi – uşaqlarda stresin əlamətləri barədə təlimlər.
Qiymətləndirmə sistemi uşağın yaşına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır.
Yekun söz
Uşaqlıq bir dəfə yaşanır.
Bizim borcumuz onların bu illəri qorxu və narahatlıqla deyil, sevinc, oyun və öyrənmə həvəsi ilə keçirməsini təmin etməkdir.
Unutmayaq:
Sağlam uşaq xoşbəxt uşaqdır.
Xoşbəxt uşaq – uğurlu gələcəyin təməlidir.
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)













































































































































































Mənim uşağım da hər dəfə məktəbə getmək istəmir, hətta baş ağrıları da olur, amma həkimlər heç bir şey deyirlər. İndi anladım ki, bəlkə də uşaqların ruhsal durumu yaxşı olmur.
Mene elə gelir ki,usaqlarin imtahanindan yaranan stressin olmamasi ucun umumen tehsil sistemi deyismelidi. Meselen, men her il imtahan verib sinifden sinife kecen usagin 11-ci sinifde 6-ci sinif dersliyinden test suallarina cavab vermesini anlamiram. Sen onsuz da meni o vaxt imtahan edib yuxari sinife kecirmisen de. Men niye bir de asagi siniflerden imtahan olunuram axı
Mence bele yazilara yer ayirmaq, hekim ve diger uygun mutexessislere daha cox serait yaratmaq lazimdir ki, aileler de maariflensin.
Mənim balam da məktəbə gedəndə həmişə xəstələnir, amma həkimlər heç bir şey demir. İndi düşündüm ki, bəlkə də stressdən ola bilər. Bu barədə heç düşünməmişdim. Çox sağ olun ki, yazdınız