İqtisadçı-ekspert Əkrəm Həsənov bildirir ki, ipoteka kreditlərinin verilməsində ilk olaraq şəffaflığa ehtiyac var. O qeyd edib ki, bu günləri bir çox vətəndaşlarımızın ipoteka kreditləri ilə bağlı şikayətləri var:
“Vətəndaşlarımız şikayət edir ki, ipoteka krediti ala bilmirlər. Şikayətlərdən biri də budur ki, kimisi rahat aldığı təqdirdə, o birisi çox çətinliklə əldə edir, yaxud da ki, etmir. Çox təəssüf ki, bu qərarların hansı meyarlar əsasında verildiyi məlum deyil. Yəni niyə birinə verirlər, birinə vermirlər? İstisna deyil ki, o, təyinatı üzrə istifadə edilmir. Məsələn, hansısa bir sahibkara pul lazımdır. Bildiyimiz kimi, bu kreditin də maksimal faizi 8-dir. Yəni sahibkara ucuz kredit lazımdır. O gedir kimləsə danışır və guya ki, qohumunun, tanışının, dostunun evini alır. Məlumdur ki, adətən həmin evi formal alırlar. Əslində isə aldıqları pulu başqa yerə istifadə edirlər, yəni evi faktiki əldə eləmirlər. Nəticədə əldə etdikləri pulu gətirib banka 12 faizlə qoyurlar. Burada qalan 4 faizi də qoyurlar cibinə. Nəticədə xoşagəlməz mənzərə ortaya çıxır”.
Ə.Həsənov vurğulayır ki, bu prosesdə şəffaflığa xüsusi diqqət yetirilməli və mühüm qaydalar tətbiq olunmalıdır:
“Hesab edirəm ki, hər bir ipoteka krediti verilən şəxs haqqında İpoteka və Kredit Zəmanət Fondunun saytında məlumat olmalıdır. Yəni filankəsə nə qədər pul verildi, ev alındı, həmin şəxs harada işləyir və s. bütün bu kimi şərtlər öz həllini tapmalıdır. Bu halda müraciət edib kredit ala bilmədikdə nə səbəbə kredit almadığını anlayacaq. Ona görə də hesab edirəm ki, bu işdə tam şəffaflığa ehtiyac var”.