ipoteka-ev

İpoteka kreditlərinin verilməsiylə bağlı narazılıqlar

Baxış sayı: 633
 Milli Məclisin iki gün öncə keçirilən iclasında “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.Bununla yanaşı, ipoteka ilə bağlı Vergi Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər təklif edilir. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirir ki, ipoteka kreditlərinin verilməsində ilk olaraq şəffaflığa ehtiyac var. O qeyd edib ki, bu günləri bir çox vətəndaşlarımızın ipoteka kreditləri ilə bağlı şikayətləri var:

“Vətəndaşlarımız şikayət edir ki, ipoteka krediti ala bilmirlər. Şikayətlərdən biri də budur ki,  kimisi rahat aldığı təqdirdə, o birisi çox çətinliklə əldə edir, yaxud da ki, etmir. Çox təəssüf ki, bu qərarların hansı meyarlar əsasında verildiyi məlum deyil. Yəni niyə birinə verirlər, birinə vermirlər? İstisna deyil ki, o, təyinatı üzrə istifadə edilmir. Məsələn, hansısa bir sahibkara pul lazımdır. Bildiyimiz kimi, bu kreditin də maksimal faizi 8-dir. Yəni sahibkara ucuz kredit lazımdır. O gedir kimləsə danışır və guya ki,  qohumunun, tanışının, dostunun evini alır. Məlumdur ki, adətən həmin evi formal alırlar. Əslində isə aldıqları pulu başqa yerə istifadə edirlər, yəni evi faktiki əldə eləmirlər. Nəticədə əldə etdikləri pulu gətirib banka 12 faizlə qoyurlar. Burada qalan 4 faizi də qoyurlar cibinə. Nəticədə xoşagəlməz mənzərə ortaya çıxır”.

Ə.Həsənov vurğulayır ki, bu prosesdə şəffaflığa xüsusi diqqət yetirilməli və mühüm qaydalar tətbiq olunmalıdır:

“Hesab edirəm ki, hər bir ipoteka krediti verilən şəxs haqqında İpoteka və Kredit Zəmanət Fondunun saytında məlumat olmalıdır. Yəni filankəsə nə qədər pul verildi, ev alındı, həmin şəxs harada işləyir  və s. bütün bu kimi şərtlər öz həllini tapmalıdır. Bu halda müraciət edib kredit ala bilmədikdə nə səbəbə kredit almadığını anlayacaq. Ona görə də hesab edirəm ki, bu işdə tam şəffaflığa ehtiyac var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir