“Gözəllik qurban tələb edir” anlayışı aktuallığını bir qədər itirib. Artıq qızlar həm gözəl görünmək, həm də maksimum rahat olmaq istəyirlər.
Dizaynerlər utilitar və dekorativ arasındakı xətti bulandıraraq, funksional dizayn elementlərini sınaqdan keçirməyə davam edirlər. Məsələn, artıq uzun illərdir ki, iri cibli şalvar, köynək, ətək, gödəkçə, hətta çantalar əsas trendlər arasındadır.
Gələn mövsüm cibli geyimlər yenidən dəbin zirvəsinə yüksələcək.
Ən bariz variantı artıq hər kəsin qarderobunda olan karqo şalvarlardır. Üstəlik, bu yaz dizaynerlər onları yalnız rahat köynəklərlə deyil, həm də daha rəsmi və ya incə fasonlarla birləşdirməyi təklif edirlər. İri cibləri olan cins şalvarlar baza geyimləri ilə daha maraqlı görünürlər, həm də kifayət qədər funksionaldılar. Məsələn, “Loewe” onları dəri gödəkcə ilə, “Ferrari” isə cinslə geyinməyi təklif edib.
İri cib dekorlu yubka seçsəniz, daha zərif görünəcəksiniz. İstənilən uzunluqda ola bilər – minidən maksiyə qədər. Və istənilən halda görünüş möhtəşəm olacaq. İş yerinizdə ciddi geyim qaydaları yoxdursa, siz onu ofisə köynək və kurtka ilə birlikdə geyinə, yaxud cəlbedici şəffaf uzun qollu bir bluzla birləşdirib, hətta ziyafətə də gedə bilərsiniz.
Başqa bir seçim daha var, iri cibləri olan paltarlar. Məsələn, “Alberta Ferretti”nin təqdim etdiyi zərif çəhrayı axşam paltarı idealdır. Özünüzlə çanta götürməyə belə ehtiyac yoxdur: lazım olan hər şey ciblərinizə sığacaq.
Böyük cibli üst geyimləri də unutmaq olmaz. Üstəlik, belə üst geyimləri indi populyarlıq zirvəsindədir. Ən yaxşı nümunələrini “Prada”, “Dior”, “Simone Rocha” kimi brendlər təklif edib. Həmçinin iri cib trendini tanınmış mass-market markaların kolleksiyalarında da asanlıqla tapa bilərsiniz.