Uşaqlar böyüklərdən asılı olduqlarından və özlərini qoruya bilmədiklərindən məişət tiranlarının və təcavüzkarların asan qurbanı olurlar. Küçədə, məktəbdə və hətta ailə daxilində zorakılıqla üzləşə bilərlər. Valideynlərin uşaqlarına qarşı zorakılıq halları, təəssüf ki, qeyri-adi deyil.
Bu günlərdə hamilə qadının yeddi yaşlı qızını döyülməkdən qorumağa çalışarkən, əri tərəfindən öldürülməsi Azərbaycan cəmiyyətini şoka salıb. Dəmir boru ilə döyülməsi nəticəsində qadın aldığı xəsarətdən yerindəcə keçinib, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qətli törədən şəxs saxlanılıb və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.8-ci (hamilə olduğu məlum olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
“Etibarlı Gələcək” İctimai Birliyinin sədri Kəmalə Haşımova deyir ki, uşaq reanimasiyadan palataya köçürülüb, müalicəsi davam edir. İş müvafiq dövlət orqanlarının nəzarətindədir.
Bir qayda olaraq, məişət zorakılığı kiçik münaqişələrdən, güc tətbiq etmək cəhdlərindən başlayır və sonra heç bir şey edilmədikdə hər şey çox uzağa gedib, faciə ilə bitə bilər. Ona görə də uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün vaxtında görülən iş çox vacibdir.
UNICEF-UNESCO-WHO-nun 2020-ci il üzrə birgə hesabatına əsasən, hər il 2-17 yaş arası hər ikinci uşaq hansısa formada zorakılığa məruz qalır.
Bu ilin on ayı ərzində Azərbaycanda 81 uşaq zorakılığa məruz qalıb. Eyni zamanda, 15 hadisə cinsi zorakılıqla bağlıdır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə keçirilən “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi” adlı regional konfransda açıqlama verib.
Təbii ki, bir çox zorakılıq halları naməlum olaraq qalır, zərərçəkənlər əziyyət çəkməkdə davam edir və cinayətkarlar törətdikləri əməllərə görə heç bir məsuliyyət daşımırlar.
Haşımova xatırladır ki, oktyabrın 20-dən noyabrın 20-dək Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyi gün (20 noyabr) ilə əlaqədar Uşaq Hüquqları Aylığı qeyd olunur. Bu gün çərçivəsində respublika üzrə həm dövlət qurumlarında, həm də qeyri-hökumət təşkilatlarında müxtəlif tədbirlər keçirilir. Uşaqlara təhlükəsiz həyat və hərtərəfli inkişaf üçün şərait təmin etmək barədə daha ciddi düşünmək vacibdir.
“Uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün həm paytaxtda, həm də regionlarda sosial xidmətlərin işini gücləndirmək lazımdır. Amma təbii ki, məktəblərdə uşaqlarla, icmalarda, kəndlərdə əhali ilə maarifləndirici iş lazımdır. Hələlik əhalinin məlumatlılıq səviyyəsi aşağıdır. Bununla bağlı zərərçəkənlər heç yerə getmədiyindən belə halların çoxu aşkarlanmır. Kimsə sadəcə hara müraciət edəcəyini bilmir, kimsə ona kömək olunmayacağından, günahkar cəzalandırılmayacağından qorxur. Amma son illər ölkədə qadın və uşaqların hüquqlarının müdafiəsi, uşaq və qadın “qaynar xətti” ilə bağlı maarifləndirmə işlərinin aparılması üçün çoxlu işlər görüldüyü üçün müraciət edənlərin sayı artır”, – deyə həmsöhbətimiz bildirir.
O vurğulayır ki, əgər uşağın köməyə ehtiyacı varsa, bilməlidir ki, onu mütləq alacaq: “Biz müxtəlif dövlət qurumları – Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları, icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların İşləri üzrə Komissiya ilə işi gücləndiririk. Bu, qurbanlara və zorakılığın qurbanı ola biləcəklərə tez reaksiya verməyə və kömək göstərməyə imkan verir. Bütün dünyada uşaq zorakılığı problemi var və bu kimi faktlar koronavirus pandemiyasından sonra artıb. Məcburi təcrid ailələrdə mövcud olan çətinlikləri daha da artırdı, lakin qurbanlar artıq belə vəziyyətlərə dözmürlər. Pandemiyadan sonrakı dövrdə uşaq “qaynar xətt”inin işi göstərdi ki, zərərçəkənlər daha tez-tez kömək istəməyə başlayıblar. Yanvar-sentyabr aylarında bu xidmətə 424 uşaq zorakılıqla bağlı müraciət edib”.
Haşımovanın sözlərinə görə, uşaqlara qarşı zorakılıq probleminin həlli üçün kompleks yanaşma lazımdır: “Onların məruz qaldıqları zorakılıq fiziki və ruhi sağlamlıqlarına mənfi təsir göstərir. Reabilitasiya və reinteqrasiya vacibdir, bunun sayəsində qurban həyatının kədərli səhifəsini çevirə və davam edə bilər”.
Elya Belskaya