otel

Bakıda hotellərin qiyməti “əl yandırır”

Baxış sayı: 576

Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar paytaxtın mərkəzində yerləşən hotellərdə qiymətlər artıb. Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir.

Onun sözlərinə görə, yarışları izləməyə bir sıra Avropa ölkələri və digər ölkələrdən turistlər gəlir. Bu da istər hotellərin, istərsə də kirayə mənzillərin qiymətlərinə təsir edir.

Monitorinqlərə əsasən, yarışın keçiriləcəyi yolun üzərində və yaxınlığında yerləşən şəbəkə hotellərdə yer demək olar ki, yoxdur, və satışı dayandırıblar. Beşulduzlu digər hotellərin də bəzilərində qiymət artımı müşahidə olunur. Şəhərin mərkəzində və İçərişəhərdə yerləşən bəzi hotellər adi günlərdəki qiymətlərdən fərqli olaraq yarış günlərinə olan qiyməti hətta on dəfəyədək qaldırıb.

hoteller

Dübəndi vurğulayır ki, belə yarışlarda hotellərin qiymətinin bahalaşması təbiidir. Bu, bütün dünyada belədir. Onun sözlərinə görə, “Formula-1” bahalı idman növü olduğundan bu yarışların fanatları da adətən maddi təminatı yüksək olan şəxslərdir. Bu səbəbdən onlar komfortlu və çoxulduzlu hotellərə üstünlük verirlər. Əvvəlki illərdə ölkəmizdə “Formula-1” yarışları keçirilərkən hotellərdə builki qədər qiymət fərqi olmamışdı. Bunun da əsas səbəbi pandemiya vaxtında hotellərdə müştəri azlığı idi. Pandemiya yumşalandan sonra hazırda turizm bərpa edilir.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir