Kamal Q

Kamal Quliyev: “Futbolçu ilə ailə qurmaq hər qadının işi deyil” – MÜSAHİBƏ

Baxış sayı: 2. 654

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Azərbaycanın “Neftçi”, “Karvan” və “Xəzər Lənkəran” kimi iddialı klublarının, eləcə də Ukrayna “Volın”ının, şərəfini qorumuş Azərbaycan yığmasının sabiq üzvü, “Neftçala” klubunun çalışdırıcısı Kamal Quliyevdir.

 

– Futbolçu olmaq istəyərkən valideynlərinizin buna münasibəti necə olmuşdu?

– Mənim atam futbol azarkeşi idi. Biz Ağsu rayonunda yaşayanda atam “Neftçi”nin SSRİ çempionatındakı matçlarını izləmək üçün Bakıya gəlirdi. Onun futbola olan marağı mənim futbolçu olmaq istəyimə problem yaratmamasını şərtləndirirdi. Hərçənd məni kəndimizdən şəhərə oxumaq üçün göndərmişdilər, amma futbolçu oldum. Baxmayaraq ki, anam mənim futbolda zədə almağımdan çox qorxurdu.

 

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Mən müəllim olmaq istəyirdim, çünki o vaxt indikindən fərqli olaraq, müəllimlərin nüfuzu yüksək idi. Həm də mənim valideynlərim müəllim idilər ki, bu da məndə həvəs yaradırdı. Anam isə məni həkim kimi görmək istəyirdi. Ancaq mənim ürəyim yumşaq olduğundan bunu bacarmazdım.

 

– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

– Mən ailə quranda o qədər də tanınmırdım, çünki çox tez evlənmişəm. Amma onu deyim ki, futbolçu ilə ailə qurmaq hər qadının işi deyil, çünki futbolçular adətən evdən kənarda olur və bu, evin bütün yükünün qadının üzərində olması deməkdir. Mən ölkənin tanınmış futbolçularından biri olandan sonra isə qazandığım bütün uğurlarda yoldaşımın da payı var idi, çünki o ən çətin məqamlarda mənə dəstək olurdu. Bu dəstək indinin özündə də davam edir.

 

-İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

– Bu baxımdan heç bir problem yaşamamışam, çünki mənim həyat yoldaşım məni heç bir qadının başa düşməyəcəyi qədər anlayırdı. Bilirdi ki, mən tanınmış adamam, ancaq onu da başa düşürdü ki, mən ailəmə hər şeydən daha çox dəyər verirəm.

KAMAL– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

– Məncə, heç bir mənfi cəhəti yoxdur. Müsbət tərəfləri isə yetərincədir. Əvvəllər hamı deyirdi ki, gec evlənmək daha yaxşıdır, amma mən evin tək uşağı olduğum üçün orta məktəbi bitirən kimi valideynlərim məni evləndirmişdi. Futbolçunun ailə qurması pis vərdişlərdən uzqlaşması, belə demək mümkünsə, “avara-avara” gəzməyi tərgitməsi, ən əsası da bütün gücünü meydanda sərf etməsi baxımından əhəmiyyətlidir.

 

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Tam səmimi deyirəm ki, evdə son söz mənimdir, ancaq elə şeylər də var ki, buna birgə qərar veririk.

 

– Futbolçu kimi evdən kənarda çox olmusunuz. Hətta Ukraynada legioner həyatı da yaşamısınız. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?

– Həm oynadığım, həm də yaşadığım yerlərdə ciddi problem yaşamamışam. Yaxşı futbolçu üçün həmişə yaxşı da şərait yaradırlar. Evdən kənarda olanda daha çox ev yemekləri üçün darıxıram.

 

– Övladlarınızı sıxmağın tərəfdarısınız, yoxsa sərbəstlik verməyin?

– Elə məqamlar var ki, orda sərbəstlik vermək lazımdır. Elə hallar da var ki, əksinə davranmaq gərəkdir.

K. Quliyev– Xasiyyət baxımından hansı sizə bənzəyir: oğlunuz, yoxsa qızıarınız?

– Hər üç övladım xasiyyətcə mənə bənzəyir.

 

– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Ukraynada legioner həyatı yaşayanda ayağımın sınmasına təəssüflənirəm. Bu hadisə mənim karyeramın ən yaxşı dövründə baş vermişdi. Bəlkə də bu zədə olmasaydı, daha da irəliyə gedəcəkdim.

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– “Neftçi”də oynadığım vaxt idi. Əhməd Ələsgərov komandaya baş məşçi təyin olundu. Əhməd Lətifoviç gəldiyi ilk gündən məni həmişə oynadığım yox, əks cinahda yoxlamaq qərarı verdi. Həmin ərəfədə də ulduzumun təzə parlayan vaxtı idi, əla formadaydım. Hamı məndən danışır, tərifləyirdi. Özümü ulduz saydığımdan Əhməd müəllimə mövqeyimi dəyişdiyi üçün etiraz etmək qərarına gəldim. Özündənrazı halda otağına gedib “mənə bu cinahda rahatdı, burda daha yaxşı oynayıram, cinahımı dəyişmə” deməkdən çəkinmədim. Əslində mənim üçün fərqi yox idi, harda oynayırdım. Sadəcə, prinsip xatirinə mənə daha rahat olan cinahda oynamaq istəyirdim. Mərkəzə qoysalar da, başımı aşağı salıb futbolumu oynayacaqdım. Bir gün oyunöncəsi toplantıda guya baş məşqçinin qərarına etiraz olaraq, ayağımın ağrıdığını bəhanə edib oynaya bilməyəcəmi söylədim. İclasdan sonra bazadakı otağıma gəldim. Həmin gün də narın yağış yağırdı. Özlüyümdə fikirləşirdim ki, artıq komanda oyuna yollanıb. Bazada tək qaldığımı düşünüb, qara balonkanı geyib meydanın ətrafında qaçmağa başladım. Qaçışdan sonra pilləkənlərlə yuxarı qalxıb-düşürəm, müxtəlif hərəkətlər edirəm. Hava yağışlı olduğundan qaçmaq, idman etmək özümə də ləzzət edir. “Sürüşmə” fəndi etməkdən xoşum gəlirdi deyə, təkbaşına meydanda bu hərəkəti edirəm, nəm otun üstündə sürüşür, durub qaçıram və yenidən 3 metrə “sürüşmə” fəndi edirəm. Sən demə, komanda hələ bazadan çıxmayıbmış. Əhməd müəllim məni pəncərədən görüb və bütün futbolçuları başına yığaraq kənardan baxırmış. Mən də məşqə necə aludə olmuşamsa, heç kimi görməmişəm. Dəli kimi idman etdiyimi görən Lətifoviç üzünü futbolçulara tutaraq, “na neqo smotrite, kak beşennıy sudak” (ona baxın, sanki vəhşiləşmiş sudakdı) söyləyib. Bir də onda ayıldım ki, hamı mənə əl çalır. Özümü necə itirdimsə, bilmədim nə deyim… Hamı getdi, yalnız baş məşqçi və mən qaldım. O gündən sonra məni nəinki əsas heyətə salırdı, heç adımı protokola da yazmırdı. Bir gün çağırdı ki, operatorun yanında dayanacaqsan. Və tapşırıq verdi ki, kim ötürmə edəcəksə, onun adını çəkəcəksən. İndi hamı məşq edir, mən də şərhçi kimi ötürmə verənlərin adlarını bir-bir çəkirəm. Bundan ağır cəza ola bilməzdi. 1, 2, 3, 4 oyun… Mənə şans vermir. Daha dözə bilmədim, getdim yanına və “məni bağışlayın, səhvimi başa düşdüm, futbol oynamaq istəyirəm” dedim. Tərs-tərs üzümə baxıb, gedib komanda ilə məşqə qoşulmağımı istədi. Sonradan rəhmətliyin ən çox istədiyi futbolçulardan biri oldum və məni ilk dəfə Portuqaliya ilə oyunda milliyə dəvət etdi.

kamal

– Söhbət millidəki ilk oyunumdan düşmüşkən, bir əhvalat da danışım. Azərbaycan milli komandasındakı debüt oyunum maraqlı anlarla yadda qalmışdı. Portuqaliya yığması ilə Bakıdakı oyunun ikinci hissəsində stadionun işıqları yanmamış və ya bilərəkdən yandırılmamışdı. Həmin vaxt AFFA ilə bağlı müəyyən problemlər var idi. Düzü, nə o vaxt, nə də indi sözügedən məsələlər məni maraqlandırmayıb, çünki bizim işimiz futbol oynamaq idi. UEFA ilə əlaqə saxlayan rəsmilər ya meydan sahiblərinə məğlubiyyət verilməsini, ya da qarşılıqlı razılıq əsasında matçın ertəsi günə keçirilməsini tələb etdilər. AFFA-nın o dönəmki prezidenti Fuad Musayev həm UEFA, həm də Portuqaliya futbol federasiyası ilə yaxşı münasibətdə olduğundan oyunun sonrakı günə keçirilməsinə nail oldu. Növbəti gün keçirilən qarşılaşmada baş məşqçimiz rəhmətlik Əhməd Ələsgərov mənə Luis Fiqoya qarşı oynamağı tapşırmışdı. Oyun boyu onun hücumlarda iştirak etməsinə, ötürmə verməsinə, sürətli keçidlərinə və s. mane olmağa çalışırdım. Xatırlayırsınızsa, onun topu bir ayağından digərinə keçirməklə etdiyi keçidlər var idi. Epizodların birində mənə qarşı da həmin fəndi tətbiq etdi. Sürüşərək topu ayağından çıxarmaq istəsəm də, gecikdim. Belədə Fiqodan topu almaq üçün başımla müdaxilə etdim. Belə demək mümkünsə, sürüşmə fəndini başımla həyata keçirdim. Bu anda Fiqo xeyli təəccüblənmişdi. Hər halda, başla sürüşmə fəndi edən futbolçu görməmişdi. Buna görə də həmin epizodun ardından məni baş hakimə göstərərək oyundan sonra dopinq testinə aparılmalı olduğumu bildirdi. Mənə tərəf gələndə isə ingilis dilində “sən dəlisən, belə də futbol olar?” dedi. Həmin vaxt ulduz oyunçulardan təşkil olunan Portuqaliya millisindən bir xal aldıq. Oyunun nəticəsi kimi Fiqo ilə mübarizəmiz də mənimçün yaddaqalan oldu. Hətta matçdan sonra formalarımızı da bir-birimizə hədiyyə etdik. Onu da deyim ki, mən “Neftçi”də işləyəndə Avropa Liqasında “İnter”lə Milandakı matçın öncəsində Fiqo ilə qarşılaşdıq. Onunla görüşüb bir az söhbət etdik. Tərcüməçimiz vasitəsi ilə ona millidəki mübarizəmizi və məlum epizodu xatırlatdım. Daha sonra 1999-cu ildəki qarşılaşmadan sonra mənə hədiyyə etdiyi formanı ona göstərdim və birlikdə şəkil çəkdirdik.

 

 

Söhbətləşdi: Tural Məmmədov

 

quliyev

qk




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir