cheeses1

Keyfiyyətli pendiri necə ayırd etmək olar?

Baxış sayı: 2. 161

Pendir məişətdə gündəlik istifadə etdiyimiz yüksək qidalılıq dəyərinə və pəhriz əhəmiyyətinə malik qida məhsullarındandır. Tərkibində zülal, yağ, mineral duzlar, vitaminlər, fermentlər və digər bioloji fəal maddələr var.

Pendir yüksək kalorili qida məhsuludur. O, südün mayalanmasından əldə edilir. Böyüklər və kiçiklər tərəfindən sevilən pendiri hazırlamaq elə də çətin deyil. Əziyyəti bir o qədər də böyük olmayan pendirlər düzgün hazırlanıb, düzgün şəraitdə saxlanılarsa, faydalı qida məhsulu sayıla bilər. Pendirlərin hazırlanması zamanı istifadə edilən südün tərkibi, istehsal prosesi, əlavə olunan dadvericilər, bakteriyalar, göbələklər, sonrakı emalı, duzda saxlama və yetişmə vaxtından asılı olaraq dadına görə müxtəlif pendir növləri əldə edilir. Pendirlər bərk, yarımbərk, yumşaq, toz və ərinmiş şəkildə mövcuddur.

Pendir alarkən əsasən onun keyfiyyətinə və saxlanma şəraitinə mütləq fikir vermək lazımdır. Çünki köhnə və keyfiyyətsiz pendir qəbul etmək zəhərlənmə ilə nəticələnə bilər.

cheeses1

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də vətəndaşlara pendir alarkən diqqətli olmağı məsləhət bilir. Bu məhsulları alarkən istehlakçı bəzi məqamlara fikir verməlidir. Ən təhlükəli məqam pendirin keyfiyyətinin korlanması, onun üzərində kif göbələyinin əmələ gəlməsidir. Ticarət şəbəkəsində duzlu pendirlər çəlləklərdə 6-8 dərəcə temperaturda və 80-85% nisbi rütubətdə saxlanılmalı və hər 10-15 gündən bir çəlləklər çevrilməlidir.

Saxlama zamanı duzlu pendirlərdə bir çox proseslər baş verir. Bu zaman pendirin tərkibində olan şəkərin miqdarı azalıb tamamilə yox olur, turşuluq əvvəlcə artır, 30 gündən sonra isə tədricən azalır. Bir sıra pendir növləri üçün saxlama müddəti istehsalçılar tərəfindən müəyyən edilir. Ümumiyyətlə, pendirləri istehsal olunduğu tarixdən etibarən 2-3 ay müddətində saxlamaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu müddət duzlu suda yetişən pendirlər üçün son həddir. Bundan sonra pendirin həddindən artıq şor dada düşməsi və həll olan maddələrinin yuyulması nəticəsində onun keyfiyyətinin itməsi baş verir. Mağazada soyuducu olmayan şəraitdə isə bütün pendirləri 5-10 gün, soyuducu olduqda və ilin qış fəslində bərk qursaq mayalı

və duzlu suda saxlanan pendirləri 15 gün, qəlyanaltı pendirləri 5 gün, ev pendirini 1,5 gün saxlamaq olar. Ev şəraitində isə pendir otaq temperaturunda saxlanmalıdır. Pendirin keyfiyyətini müəyyən etmək üçün onun bir parçasını kəsib 90 dərəcə temperaturda saxlamaq kifayətdir. Əgər o dağılmayıbsa, demək məhsul bütün tələblərə cavab verir. Qabığının partlaması, kiflə örtülməsi, iylənməsi, acılaşması pendirin aşkar keyfiyyətsizlik əlamətidir və belə məhsulın satışı qadağandır.

Terapevt Zöhrab Kərimovun sözlərinə görə, qidalar arasında pendir ən faydalılarından hesab olunur. Süd məhsullarından sayılan pendir hər yaşdan olan insanlar üçün vacib qida məhsuludur. Ən sağlam pendir yağı azaldılmış və yağsız süddən alınan pendirdir. Hər gün tam yağlı pendir əvəzinə yağsız və yağı azldılmış pendir yeyən uşaqlar bir həftə ərzində 10 qr daha az doymuş yağ qəbul edir ki, bu da uşaqların çox sevdiyi və əl çəkmələri çox çətin olan 3 ədəd hamburqgerdəki doymuş yağın miqdarına bərabərdirr: “30 qr masarella, ağ pendir, Holland pendiri və ya yarım stəkan lor pendirinin tərkibində uşağın 1 gündə qəbul etməli olduğu kalsium normasının ən azı 25%-i mövcuddur. Pendir zülal və minerallarla zəngindir. Buna görə də daha çox uşaqlar, hamilə qadınlar və süd verən analar üçün çox faydalıdır. Pendir vərəm xəstələri və sınıqlar üçün də faydalıdır. Amma pendiri bütün xəstəliklərdə istifadə etmək məsləhət görülmür. Pendir təzyiqi aşağı olanlar üçün də xeyirlidir. Onlar səhər yeməyinə yağ və pendir yesələr bütün günü özlərini gümrah və yaxşı hiss edəcəklər. Pendir hamı üçün faydalı deyil. Dietoloqlar mədə xəstəlikləri zamanı kəskin dada malik olan pendirləri istifadə etməyi məsləhət görmürlər. Amma pendirin faydaları daha çoxdur. Müntəzəm olaraq istifadə dəriyə, maddələr mübadiləsinə, boy artımına təsiri edir”.

Pendir zülalı və onun parçalanması məhsulları orqanizm tərəfindən 98-99% mənimsənilir. Orqanizm tərəfindən gündəlik tələb olunan heyvan mənşəli zülalların yarıya qədəri pendir zülalının hesabına ödənilə bilər. Pendir həmçinin, fosfor-kalsium duzları ilə zəngin olduğu üçün uşaqların qidalanmasında geniş istifadə olunur. Həmsöhbətimizə görə, valideynlər kiçikyaşlı uşaqlar üçün pendirin uyğun növünün seçilməsində diqqətli olmalıdırlar. “Hər bir ölkə pendirin uşaqlara verilməsinə yaş həddi tətbiq edir. Məsələn, Böyük Britaniyada uşaqlara adətən 6 ayından, ABŞ-da 8-9 ayından sonra, bəzi ölkələrdə isə hətta 12 ayından sonra pendir yeməsi tövsiyə olunur. Hər ehtimala qarşı körpələrə 1 yaşından sonra pendirin verilməsi daha məsləhətdir”. /Ekspress.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir