Eynek

Kişilərə ən çox yaraşan 5 eynək modeli

Baxış sayı: 996

Həm gözlərinizi günəşin zərərli şüalarından qoruyur, həm də gözəl zövq sahibi kimi görünməyinizə kömək edir. Əlbəttə ki, söhbət yayın əvəzolunmaz aksesuarlarından biri olan eynəklərdən gedir. Bu məqaləmizdə fərqli üz quruluşuna malik kişilər üçün ən yaxşı 5 eynək modelindən danışacağıq:

1) Aviator modellər

Aviator adı ilə tanıdığımız və 30-cu illərdən bu yana ən zövqlü modellərdən biri sayılan bu eynəklər damla formasındakı şüşə və metal çərçivədən ibarətdir.

Bu model eynəkləri yumru, düzbucaqlı, kvadrat, oval, tərs üçbucaq, bir sözlə bütün üz quruluşuna sahib kişilər istifadə edə bilər. Əgər üz quruluşunuzu müəyyənləşdirə bilmirsinizsə, bu modeli seçə bilərsiniz.

2) “Wayfarer” modellər

“Ray-Ban” tərəfindən bizə təqdim olunan ikonik “Wayfarer” eynək modelləri 1950-ci illərdən bəri həyatımızdadır. Uniseks dizaynı ilə seçilən bu eynək modeli kişilərin gündəlik istifadəsi üçün idealdır. 

Bu eynək modelini düzbucaqlı, kvadrat, tərs üçbucaq və oval üzə sahib kişilər rahatlıqla istifadə edə bilərlər. Yumru üz quruluşuna malik kişilərə isə tövsiyə olunmur.

3) Yumru çərçivəli modellər

Retro görüntü formalaşdırmaq istəyirsinizsə, yumru çərçivəli eynəklər sizə kömək edəcək. Bir vaxtlar Elton Condan Con Lennona qədər dövrünün bir çox moda ikonaları tərəfindən istifadə olunan bu modellər son illərdə yenidən öz populyarlığını qazanıb.

Amma bu modeldən istifadə edərkən son dərəcə diqqətli olmalısınız. Bu modellər bütün kişilərə yaraşmır. Xüsusilə, kvadrat və düzbucaqlı üz quruluşuna sahib kişilərə yaraşan bu eynək yumru, oval üzlü kişilərdə çox pis görünə bilər.

4) “Klabmaster” modellər

 Kişilərin ən çox istifadə etdiyi eynək modelləri siyahısında bu modelə yer verməsək, olmaz. Şüşələrinin üst hissəsindəki dəmir detalı ilə fərqlənən bu modellər “Ray Ban”, “Persol” markalarının da ən sevdiyi və ən çox istehsal etdiyi eynək modelidir. 

Bəs kimlər bu modeldən rahatlıqla istifadə edə bilər? Düzbucaqlı, kvadrat, üçbucaqlı və oval üz quruluşuna sahib kişilərə yayın keyfini bu model ilə çıxarmağı məsləhət görürük.

5) İdman üslublu modellər


Sırada xüsusilə idman və açıq hava fəaliyyətlərinə həvəsli olan kişilər üçün ideal bir model var. Göz ətrafını örtərək günəşdən tam qoruma təmin edən bu eynəklər, uzun müddət günəş altında qaldıqda ən böyük xilaskarınıza çevriləcək.

Bu tip eynək modeli də bütün kişilər tərəfindən istifadə edilə bilər. Qısacası, idman üslübunda modellərə bütün kişilər sahib olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir