ders

Kişi müəllimlər problemi

Baxış sayı: 352

Kişi müəllimləri məktəblərə qaytarmaq üçün stimullaşdırıcı işlər görmək lazımdır.

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvi Etibar Əliyev deyir

Deputat qeyd edir ki, Müəlllimlərin İşə Qəbulu İmtahanında (MİQ) kişi müəllimlərin balı çatmasa da, sinifləri boş qoymaq düzgün deyil. Onları məktəblərə göndərmək lazımdır. Həmin müəllimlər növbəti ildə də imtahandan keçə bilərlər.

Etibar Əliyevin sözlərinə görə, hazırda orta məktəbdəki müəllimlərin 80 faizindən çoxunu qadınlar təşkil edir.

E.Əliyev bu kontekstdə fənn müəllimlərinin çatışmazlığı probleminə də toxundu:

“Rayonlarda elə məktəblər var ki, orada nəinki kişi müəllim mövcuddur, hətta fənn müəllimləri belə yoxdur. Bir də görürsən ki, coğrafiya müəllimi biologiya dərsi deyir, ya da sinifər boş qalır. 21-ci əsrdə belə bir halın olması heç də ürəkaçan deyil”.

Millət vəkilinin sözlərinə görə, elə dövrlər olub ki, müəllimlər çox yüksək əməkhaqqı alıblar və müəllimlərin böyük hissəsini də elə kişilər təşkil edib. Bu da təhsilin keyfiyyətinə birmənalı şəkildə müsbət təsirini göstərib. Sonradan kişi müəllimlər kütləvi şəkildə məktəbləri tərk ediblər.

“Hazırda məktəblərdə kişi müəllimlərinin say azlığının əsas səbəblərindən biri maddi vəziyyətlə əlaqədardır”, – o, deyib.

Bu gün kişi müəllimlərinin çoxunun repetitorluqla məşğul olduğunu vurğulayan deputat, bu səbəbdən də onların məktəbdə az maaşa dərs demək istəmədiyini bildirib.

“Düşünürəm ki, kişi müəllimlərin məktəbdə olmağı daha faydalı olardı. Müəyyən dövrlər çətinlik çəkdik. Amma bununla belə, düşünürəm ki, kişi müəllimlər məktəbləri tərk etməməli idi”, – deputat deyib.

İxtisas seçimlərindən söz açan E.Əliyev bildirir ki, ali məktəbə qəbulda da qızlarla müqayisədə oğlanlar arasında müəllimlik ixtisası seçənlərin sayı azdır:

“Gələcəkdə bu faiz nisbətini artırmaq lazımdır. Bu gün bəzi ixtisaslar ixtisara düşür. Anlamaq lazımdır ki, xüsusən də rayon yerlərində ən yaxşı peşə müəllimlikdir. Kişi cinsindən olan müəllimlər rayonlarda haradasa işləyir işləsin, müəllimlikdən daha yüksək əmək haqqı ilə təmin olunmayacaqlar”.

ders

 

Təhsil üzrə ekspert İlqar Orucovun fikrincə, son zamanlar belə yanlış fikir formalaşıb ki, guya müəllimlik qadın peşəsidir:

“Bu düşüncələr də kişilərin müəllimlik ixtisasına marağını azaldır. Bu halın qarşısını almaq üçün ali məktəblərə ixtisas seçimində də oğlanları müəllimlik ixtisasına təşviq etməliyik. Qadın-kişi xarakterinin fərqliliyinə əsaslanaraq deyə bilərəm ki, kişi müəllimlər xüsusən də oğlanların psixoloji durumuna müəyyən təsir edir”.

Orucov hesab edir ki, təşviqedici addım olaraq, müəllimlərə sosial qayğı gücləndirilməlidir: “Əmək haqqı artırılsa, bu amil kişi müəllimlərinin sayına təsir edə bilər”.

2021-ci il sentyabrın 1-ə olan statistikaya görə, Azərbaycanda 143.216 müəllimdən 22.559 nəfəri kişi, 120.657- i isə qadındır. Bakıda kişi müəllimlərin sayı 2597, qadın müəllimlərin sayı isə 30323 nəfərdir. Regionlarda isə kişi müəllimlərin sayı 19962, qadınların sayı isə 90334 nəfərə çatır.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir