Tənha qadınlardan çox yazılıb. Elə mən özüm indiyədək qadınlardan yazdığım yazıları bir yerə toplasam yəqin ki, kişillər qarşı ədalətsizlikdən utanaram. Çünki tənha kişilər qadınlardan heç də az deyil. Amma onlardan yazmırlar.
Dünya belə qurulub, tənha qadınlar dəstə halına meyl edir və ona görə də onları görməmək mümkün deyil. Hətta tənha qadın tək də olarsa günün günorta çağı sakit dənizdə yelkənli qayıq kimi uzaqdan seçilir. Kişilərsə tənha olanda düşdüyü mühitə uyğunlaşmağı, yəni buqələmun kimi rəngini dəyişdirib ətrafına qarışmağı seçir ki, tənhalığıyla çox da gözə girməsin. Kişi tənhalığı bir mərəz, xəstəlik, sanki utanclı bir şeydir. «Subaylıq sultanlıqdır!» şüarını əlində bayraq etmiş tənhalar alkoqolikin içmək bəhanəsi axtardığı kimi, qumarbazın gizli kazino gəzdiyi kimi nikah perspektivlərindən azad adacıqlar axtarır. Çətinliklə olsa da tapır və subaylıq şüarını və bayrağını ora sancır. Tənha qadınlardan fərqli olaraq onun yaratdığı «azadlıq adası»na arabir qadınlar da gəlir. Muzeyə gəlirmiş kimi gəlir, baxır, bəlkə də bir az qalır, amma mütləq çıxıb gedir.
Kişilər şikayət etmir
Adətim üzrə mövzunun axtarışını İnternetdə gəzirəm. Çoxlu ağrılı, düşündürücü, yaddaqalan həyat hekayələri oxudum. Adətən tənhalıqdan qadınlar yazır, kişilərsə belə yazıların altına şərh yazmaqla özlərini məhddlaşdırırlar. Kişilər arasında bir dənə də ağlayıb-sızlayan, şikayət edənə rast gəlmədim. Çünki bu özü kişi təbiətinə ziddir. Ona görə də təkdirsə kişiyə azad, qadına tənha deyirlər. Kişi tənhalığı ona görə böyük problemdir ki, heç bir tənha kişi kompüterin arxasına keçib ürəyini deşən problemləri yazmaz, kimsəylə bölüşüb ürəyini boşaltmaz. Tənha kişilər barədə əhvalatları çeşidlədikcə düşünürəm ki, onları qorumaq lazımdı. Müasir həyat onlardan ən yaxşılarını sıradan çıxara bilər.
Cəmiyyətdə belə fikir formalaşıb ki, qadın nə qədər ki, cavandı ailə qurmalıdı. Bu narahatlıq kişilərə şamil edilmir. 35 yaşına kimi evlənməyən kişiyə normaq baxırlar. Amma psixoloqlar deyir ki, kişilər də tez evlənməlidi. Bunun həm sağlamlığa, həm də nəsil artırma imkanına birbaşa dəxli var. Subaylıq sultanlıqdı şüarı altında yaşayanların başı zöhrəvi xəstəliklər kimi möhkəm qayaya dəyir və buynuzlarını sındırırlar. Kişinin qeydinə qalmayanı, qayğısını çəkməyəni, üstündə məsulliyti olmayanda onun xasiyyətində fəsadlar əmələ gəlir ki, şəxsiyəytini korlayır. Bəzən bu xisiyyətindən kişi ömrünün sonuna kimi tək qalır. Tək və tənha qoca, bədbəxt və yazıq insan sözlərinin sinonimi kimi səslənməyə başlayır.
Qadınları ara düzəltməklə tənhalıqdan qurtarmaq olursa kişiləri bəzən görüş çıxmağa razı salmaq müşkül olur. Kişilərin əksəriyyəti düşünür ki, seçim etməyi onlar anadangəlmə bacarır və kimsə bu sahəyə öz barmağını qoya bilməz. Tənha kişilər heç vaxt təkliyindən şikayət etməz. Bəlkə də əksinə, ətrafdakı qadınların ona marağından bir qədər qürür duyar.
Tənhalıq xudbinlik doğurur. Öz qanunlarını, öz qaydalarını , öz konstitusiyanı yazanacan həyat dayanıb səni gözləmir. Bəlkə də sən ətrafındakı qadınları saf-çürük edənəcən hardasa sənin adına yazılmış qadının saçı ağarıb qocalır. Əlbəttə, tənhalıq xəyanət etməz. Dostlar kimi, sevdiyin qadın kimi səni atmaz. Nə vaxt istəsən o sənin yanında olacaq. Məsəl var, tənhalığı sevənlər ya vəşhi heyvanlardı, ya da Allahın özüdü. Qalanlarının köməyə, bəzən isə müalicəyə ehtiyacı var.
Simpatik, arzulanan, amma tənha…
Kişilərlə dostluğumdan istifadə edərək apardığım müşahidələri bölüşmək istərdim. Yazıdakı adsız qəhrəmanlarım uydurulmuş obrazlar deyil. Onların arasında tənbəllikdən evlənməkdən qaçan ana uşağı, işləməkdən başı ayılmayan həyatdan uzaqlaşmış adam yoxdu. Onlar hamısı simpatik, savadlı, cəmiyyətdə yerini tutmuş normal kişilərdi. Onların bir ümumi cəhətə var, onlar tənhadır… Tənhalarımı sistemləşdirmək istədikdə bel bir mənzərə alındı:
Yaralı şəhzadə – Onun çoxlu rəfiqələri var. Şəhərlidir, evi, eşiyi, prestijli ali məktəbdə işi də var. İlk baxışdan gəzən qadın xoşbəxtliyi kimi görünən bu kişi də təkdi. Hətta qadınlara erotik qığılcımsız baxır. Bəlkə də ətrafındakı subay qadınlar «Heyif ondan, bəlkə geydir» düşünür. Amma dostları bilir ki, bir neçə il əvvəl arvadıyla ayrılıb və hələ də özünə gələ bilmir. Məhkəmədə evi, maşını əlindən aldığı bir yana gedəndə bu qadın özüylə sevgiyə inamını da apardı. O həyatında sanki bir pauza eləmək, nəfəsini dərmək istədi. Bu pauza yaman uzandı. Evdə anası baş-qulağını aparmasa heç evlənmək fikrini beynindən keçirməz də.
Belə incilər çox vaxt humanitar ziyalılar arasında olur. Onların psixoloji quruluşu buna imkan verir. İlk sevgi daşa dəyəndə, 5-ci sinifdə parta yoladşına sürtülmüş pozan bağışlayanda onu söyəndə içində nəsə bir tel qırılır və onun bitişməsinə onilliklər lazım gəlir. Onun yumşaqlığı qadınları əsəbləşdirir. Nə olsun ki, yeri gəlsə yemək bişirə də, ev yığışdıra da bilir. Qadınlar belə kişilərin başına pərvanə kimi dolanmır.
Deyim ki, bu tip tənhalar natamamlıq kompleksi keçirmir. Hətta güclü qadınlardan da qorxmurlar. Özündən 3 dəfə artıq qazanan qadına rast gələsi olsa «Nə olsun, mən də çoxlu kitab oxumuşam» deyəcək.
Əbədi adaxlı – ABŞ-ın məşhur avtoqonşiki və arvadbazı sayılan Saymon Ouksun bu yaxınlarda buraxdığı kitab yaman səs-nüyə səbəb olmuşdu. Uzun müddət həsəd aparası adaxlı kimi gəzən Saymon onu nəvaziş və kamfortla əhatə etmiş qadına rast gəlincə asudə yaşayırdı. Evlənən kimi o, «Kişilər niyə evlənir» adlı kitabını yazdı. Kitabın məğzini bir cümləyə gətirsək belə fikir alınır: kişilər yaxşı yedizdirən, yuyub yığışdıran və keyfiyyətli seks yapan qadınlara evlənir. Yəni ki, məişətdən baş çıxart və qırçınlı qara corabları ayağına keçirt və səni kimsə mütləq alacaq. Feminizmin beşiyi sayılan bu ölkədə belə sözü ucadan demək olardımı? Kimisi kitabı və onu yazanı söyür, kimisi isə aclıq zamanı buğdanı alan kimi kitabın son nüsğəsinə qədər alıb apapırdı. Bizdə isə hər şey belə deyil.
Bizim kişilər mövcud şəraitə uyğunlaşaraq əl altnda olanlarla evlənirlər. Xalaqızı, əmiqızı kimi tez həll olan variantları hətta çıxsaq da yerdə qalanlardan qara corab gözləmək gülüncdür. Bəzən evində cənnət şəraiti yarada biləcək qadna rast gəlirsə də «Belə qadına evlənməzlər» deyib geri çəkilməyə özlərinə yer saxlayırlar. Belə tənha kişilərin gözü həmişə axtarır. Bəzən 10 il bir yerdə yaşadığı qadınla (məlum səbəblərdən onunla evlənə bilməz. Axı onun birincisi deyildi) elə ilk gündən hər an ayrılacağını düşünərək yaşayıb. «Məni sevir, yaxşı evdar xanımdı, amma nəsə çatışmır» cümləsinin hər il yeni variantını dilinə gətirib axtarmaqda davam edir. Ola bilər ki, hər dəfə özünü təmizə çıxaranda: «Onun mələk kimi xasiyyəti var» deməyi də unutmur. Baxmayaraq ki, 40-ı çoxdan arxada qoyublar. Axı incə zövqü nəfisliyi mətbəx qadınında axtarmağa icazə vermir, o, qeyri-standart, yaradıcı şəxsiyyət axtarır.
Bu tip tənhalar işguzar adamlar arasında rast gəlinir. Onlar ətrafında olmayan nəyisə, kimisə axtarır amma tapa bilmirlər. Onlar həyatına rəng qatacaq bir qadını gözləyirlər. Ola bilər ki, bu qadın yuyub-yığışdırmağı bacarmasın. Bununçün həmişə ehtiyatda gizlədilən qadınlar var. Standartlara uyğun gəlməyən xanımlar onun yanında həmişə nişanlı statusundan uzağa gedə bilməyəcək. Xanımı bir az zirək çıxıb nəsil artırma instinktini işə salsa bəlkə belə tənha kişinin əl-ayağını yığmaq olar. Valideynlər də bir tərəfdən onu çıxışdırıb boynuna evlilik boyunduruğu sala bilər.
Çörək ağacı – bu tip kişilərin təkliyi ən azı 35 yaşadən davam edir. Sonra vicdan əzabın çəkmiş qohumlar onu evləndirsə belə yeni ailənin çoxlu maddi problemləri olur. Çünki onun ömrünün ən gözəl illərini valideynlərini, bacı qardaşlarını, kənarda təsadüfən əmələ gəlmiş uşağını və sair insanları yedirib içizdirməkdən başı ayılmayıb. Zaman kəsiyində onun belinə dırmaşmış bütün bu qohum əşrəba onu sonacaq at kimi minməyi normal hal sayırlar. Bacılarına cehiz düzəldib, qardaşlarını ev-eşik sahibi edəndən, valideynlərinin qocalığını təmin edəndən sonra da onun işləri azalmır. Hiperməsuliyyət hissiylə yaşayan bu tip kişilər daha bir nəfəri, sonra nəticədə yaranacaq 2, bəlkə də 3 nəfəri yedizdirmək qorxusu qarşısında evlənməmyi üstün tuturlar. Bu tip tənhalar yüksək vəzifəyə dırmaşa bilmirlər, çünki belə yüklə karyera qurmaq çətindi. El adəti üzrə evlənəsi olsa onunçün müti, səsi çıxmayan bir qız tapacaqlar ki, pullar həmişə axtığı istiqamətdə axmağa davam etsin. Bəxti gətirsə bic və zirək qadına rast gəlsə gələn kimi bu qadın axan «neft kəməri»nin ağzını qapadacaq və kişinin qohumlarına tüpürmək belə istəməyib eqoistliyi ilə bu problemini tezbazar həll edəcək. Amma yenə də kişinin tənhalığı çətin ki, keçə. Çünki boynunda gəzdirdiyi sərnişin siyahısını yenidən nəzərdən keçirəndə boşalmış yerlərdə mütləq kimsə oturacaq. Oturanlar bu dəfə artıq qan qohumları olmayacaq.
Güclü qadınlar içindən yetişən – Bir də görürsən ki, gözəl, göyçək, bir balaca gəzəyən kişi seçib-seçmələyib 40 yaşın astanasında kifirçənin birini yanına salıb evə gətirdi. Deyən lazım, gəzib dolaşdıqların bundan min dəfə yaxşı idi. Bu necə görməməzlikdi. Qadının taleyində bir az eşələnsən birinci ərindən uşağı da çıxacaq. Bu yaşacan nə oxuyub, nə işləyib. Elə bil lotoreyada udmuş kimi həyatının ən pis anında bədxərcin və gəzəyənin biri toruna düşüb. Bu tip tənha kişilər adətən güclü qadınlar olan kollektivlərdə yaranır. O, hər gün hökmlü, savadlı və gözəl olmaqla yanaşı lap ipləmə xasiyyətli qadınlarla birgə işləyərək zaman keçdikcə belə qadınlara nifrət eləməyə başlayır. Onun qadın barədə fikirlərində ciddi dəyişikliklər yaranır və onun sözünün qarşısında bir kəlmə deyən qadına artıq azğınlaşmış kimi baxır. Məhz belə kişilər 2 sözü bir-birinə calayıb deməyə və 2 eşşəyin arpasını bölə bilməyən qadına rast gəlincə axtarmağında olur. Tapdısa ailə qurub evdə diktatura yaradacaq, tapmadısa qadına nifrət hissiylə ömrünün sonunacan yaşayacaq. Amma ildən-ilə müti qadınların sayı da azalır…
Əbədi tənhalıq – Bu tip kişilər evli kişilər arasından seçilir. Kənardan baxanlarçün hər şey normal görünür. Evi, arvadı, uşaqları, həsəd aparacaq rahat məişəti də var. Hər axşam televizor qarşısında yerini heç kim tutmur, hətta sözünün qarşısında söz deyəni də yoxdu. Amma o, tənhadır. Bəzən bunu heç özünə də etiraf etmir. Bu barəda əclaf fikirlər ona məhəbbətdən olan filmlərə baxanda beyninə girir. Potensial sevgililəri tanıdığı qadınların obrazına bir növ paltar kimi geydirib xəyalında nəsə uydurur. Amma az sonra variantlarn heç birini bəyənməyib tənha həyatını yaşamaqda davam edir. Bu tip tənha kişilərin təbiətcə xəyanətkarı erotik axtarışlarını həyatda, təbiətcə zirək olmayanları isə xəyalında reallaşdırır. Amma bununla tənhalıq hissindən qurtula bilmir. Sanki onun qadını hələ doğulmayıbmış kimi gözləməyində olur.
Yaxşı oğlan – bu kateqoriya tənhalar həyatın hər üzünü görmüş, görkəmli, amma azad yaşamaq istəyən kişi aiddir. Bu fərdlər tənha olmağa məhkumdu. O, seçim edə bilmir, həyat təcrübəsi ona mane olur. Çünki ərinə xəyanət edən onlarla qadınla görüşüb. Cavanlıqda seçim edəndə duyğular köməyə gəlir. Duyğuların zamanı keçəndən sonra belə vacib məsələlərdə ağıl aciz qalır. Hətta düzgün seçim edəndə də razılıq və xoşbəxtlik hissi gəlmir. O özünü məşuq-oynaş münasibəmtərilə bağlamaq istəmir. Pulla gələn qadından yalnız quru seks gözlmək olar, bəşqa heç nə. Qalan qadınlarsa bir gecəlik münasibət istəmir. Ona həmişə potensial ər gözüylə baxırlar. Evli qadınlarla münasibət qorxuludur. Bir gecəyə başlayıb və səhər bitən kiçik sevgi macərası insanın həyatında 1-2 dəfə ola bilər, artıq yox. Ona görə də yaxşı oğlanlar tənhadır.
Kişi tənhalığı təkamül prosesinə təkan verir
Onsuz da qadını tam razı salmaq mümkün deyil. Bu gün ev istəyirsə, sabah brilyant, şuba istəyəcək, birigün hamısından bezib bir qırağa tullayacaq. Rəhmətlik O. Henri demiş qadının sirli məxluq olması fikrini bəşəriyyətə qadınlar özləri sırıyıblar. Onsuz da qadını anlaya bilməyəcəksiz. Kişinin gördüyü ilə paltarın altındak reallığı müqayisə etmək ehtirası sivilizasiyanın dərin köklərinə qədər gedib çıxır. Qadın asılılığından qurtulmaqçün kişilər müşahidə borusu, binokl, elektrik mişarı, tozsovuran, rezin kukla və homoseksualizm kimi tapıntılar ediblər. Kişi tənhalığının təkamül prosesinə verdiyi töhvələrdən cildlərlə kitab yazmaq olar. Tənhalıqdan evin küncünə sığınıb taxtadan Eyfel qülləsinin kiçik modelini balaca mişarla yontmaq olar. Amma kişilərin əksəriyyəti tənhalıqla mübarizədə başqa yollar seçirlər. Onların əksəriyyəti evə gecə hamı yatandan sonra gəlib, sübh tezdən, hamı hələ yatanda getməyi üstün bilirlər.
Etiraf etmək lazımdı, kişilərin çoxu qadınları sevir. Üstəlik pulları da. Arabir pivə içməyi də. Ət yeməyi də, işə getməyi, maşınları, idmanı, televizoru, balıq tutmağı, pornonu, rəngi getmiş maykanı və s. Amma siyahıdan olan bir punktu, yəni qadınları daha iti, ehtirasla, nəbzini itirənədək, bayılanadək, bəzən varidatını havaya sovuranadək sevirlər. Kişilərdən kimi soruşsan deyər ki, «Həyatda qadınsız yaşamaq mümkün deyil!». Mətbəxdə subaylıqdan əmələ gələn abstraksionizm gəldi gedərdi. Aşbazlıq kitabında «Borş» adlandırılmış qırmızı rüsvayçılığı bir həftə hər dəfə bir kasa həcmində içəri ötürsən də olar. Amma qadınsız olmur.
Kişi tənhalığı barədə həkimlərin, psixiatrların yazdıqlarını oxuyanda bütün bəşəriyyətə, dahilər qarışıq bütün kişilərə nifrət etməyə başlayırsan. Amma sadalanan səbəblər arasında birisi var ki, onu qadınlarçün yazmırlar. Kişi tənhalığı ruhi yüksəlmə elementi kimi, şəxsiyyətin kimilləşməsi pilləsi kimi. Bu yolu qadınlar getmir…
Kimin nəyinə lazımdı ki, siz nədən tənhasız?! Buna son qoyun, vəssalam. Sokrat demiş uğurla evlənsəz xoşbəxt olarsız, alınması filosofluq edərsiz.
Gülnarə Rəfiq