Hər kəs pis yuxu görə bilər: yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq hər bir adam. Ancaq alimlər deyirlər ki, qadınların və kişilərin qorxulu yuxuları bir-birindən fərqlənir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, müşahidələr nəticəsində kişilərin daha çox təbii fəlakət (subasma, zəlzələ) və fantastik hadisələrə, qadınların isə şəxsi həyatlarına aid kabus gördükləri aydın olub.
Monreal Universitetinin psixoloqları deyirlər ki, kişiləri daha çox fiziki ziyan gətirən hadisələr barədə yuxular narahat edir. Maraqlıdır ki, şəxsi münaqişələr barədə olan yuxular daha emosional cavab doğurur, yəni qadınlar daha güclü psixoloji zərbə altına düşürlər.
Bu nəticə 572 nəfərin müşahidəsindən sonra ortaya çıxıb. İnsanlardan yuxularını yazmaq xahiş olunub (cəmi 10 min yuxu). Yuxuların ən “populyar” mövzusu səhv etmək qorxusu, hücum, yaxud izlənmə qorxusu olub. Maraqlıdır ki, soyuq tər içində oyanmaq üçün elə də çox qorxmaq gərək olmayıb. Bəziləri kədər, utancaqlıq, günahkarlıq duyarkən, yaxud da iyrənərək yuxudan ayılıblar.