yuxu

“Kişiliyin bitməsi”, 50 yaşın qorxusu, qarşısı alınmayan proses – KİŞİLƏR, OXUYUN

Baxış sayı: 1. 978

İnsan yaşa dolduqca bədən gücdən düşür, enerji tükənir. Cinsindən asılı olmayaraq müəyyən yaşdan sonra hamilə qalma ehtimalı azalır, spermanın tərkibi zəifləyir.  Qadınlarda bu dövrü menopauza (klimaks), kişilərdə isə andropoz adlandırırlar.

Kişilərdə bu dövr özünü müxtəlif əlamətlərlə büruzə verir. Bəzi kişilər özünü gənc oğlan kimi aparır, bəziləri isə tənbəlləşib, yaşlandığını qəbul etməyə başlayır.  Andropoza girən kişilər çox zaman özünə hələ cavan olduğunu sübut etmək üçün  müxtəlif qadınlarla münasibətə girməyə başlayır. Hər qadında özünü sınadıqca, özünə inamı artır və ətrafa “mən hələ cavanam”, – deyə meydan oxuyur.

Andropoz latın dilində “andro” və “pause” sözünün birləşməsindən yaranıb. Hərfi mənası kişiliyin bitməsi demək olsa da, prosesin özü kişiliyin azalması prosesidir. Yəni bu dövrdə kişilik bitmir, azalır. Cinsi həvəsin azalması, əmək qabiliyyətinin zəifləməsi  və mənəvi doyumsuzluq yaranır. Zamanla andropoza girən kişidə seksual funksiyanın azalması, səhər ereksiyalarının olmaması, yorğunluq, hirs, depressiya, orqan yağlanması, ürək-damar, tənəffüs sistemi xəstəlikləri, şəkər, müvəffəqiyyətsizlik, cinsi əlaqə zamanı ölmə qorxusu, monotonluq, arzuların azalması meydana gəlir.

ABŞ sosioloqlarının apardıqları araşdırmalar zamanı müəyyən edilib ki, andropoz  dövründə olan kişilər özlərini həddən artıq riskli aparırlar. Avtomobili sürətlə idarəetmə, aldatmalar, yüksək dozada viaqra istifadəsi, birdən-birə yaranan idman istəyi kimi hərəkətlərlə özlərinə hələ cavan olduqlarını sübut etməyə çalışırlar. Bu yaşda olan kişilərin ən böyük qorxusu iqtidarsızlıq və cinsi həyatdakı gücsüzlükdür.

58 yaşlı A. N. bildirir ki, kişilərin andropoza girməsi haqda eşitdiyi üçün yaş keçdikcə qocalmaqdan qorxurmuş: “Elə bilirdim ki, andropoz dövründən sonra mən heç kimə lazım olmayacağam. Yəni bunu məndən yaşca böyük dostlarımdan və internet saytlardan öyrənmişdim. Hansısa androloqun qəbuluna düşmək ağlıma gəlmirdi. Mənim üçün 55 kişiliyin bitmə yaşı idi. Əslində bu qorxu bütün kişilərdə var. Ancaq etiraf etməyə utanırlar. Hər şey mənasını itirmişdi. İşə də getməyə həvəs yox idi. Elə bu dövrdə bir xanımla tanış oldum və həyatım dəyişdi. O, mənim ikinci ailəmdir. O, məni androloqa getməyə də məcbur etdi. Və mən anladım ki, həyat davam edir”.

Həkimandroloq Kamil Baxşıyevin sözlərinə görə, andropoz çox zaman 50 yaşından sonra başlayır. Amma bu o demək deyil ki, hər kişi 50 yaşdan sonra andropoza girməlidir. Andropozun başlamasının yaşı genetik xüsusiyyət daşıyır: “Andropoz özünü cinsi istəkdə azalma, güc itkisi, yorğunluq, halsızlıq, yuxusuzluq, depressiya, əzələlərdə azalma, sümüklərin əriməsi, erkən boşalma, ereksiya problemi,  boyun qısalması, əmək qabiliyyətinin zəifləməsi, yeməkdən sonra mürgüləmə, əsasən də qarın nahiyəsinin yağlanması kimi əlamətlərlə özünü göstərir”.

Andropoz testesteron istehsalı prosesində zəifləmə və qanda testesteronun azalması prosesi nəticəsində psixoloji, fiziki və cinsi simptomlar sistemidir. Həkim bildirir ki, andropozu müəyyən etmək üçün qan analizi verilir. Bu analiz səhər 8.00-10.00 arası verilməlidir. Çünki səhər saatlarında kişilik hormonları yüksək səviyyədə olur.

K. Baxşıyevin sözlərinə görə, andropoz dövründə kişilərdə bir çox sağlamlıq problemləri meydana gələ bilir. Bu dövrdə kişilərdə daha çox prostat xərçəngi  müşahidə edilir. Andropoz dövründə kişilərdə prostat böyüməsi hiss edilirsə, heç bir həkim andropoz üçün testesteron müalicəsi aparmır. Çünki testesteron prostat xərçəngini qidalandırır: “Andropoz heç bir müalicə ilə qarşısı alına bilinməyəcək bir prosesdir. Yəni, bu, təbiətin insan həyatı üçün qoyduğu mərhələdir. Kişilərin 60 faizində 45 yaşından sonra bu proses yavaş-yavaş başlayır. Proses spirtli içki və siqaret aludəçilərində daha tez başlayır. Hər bir kişi heç olmasa, 6 aydan bir androloq müayinəsində olsa, andropozu ləngitmək olar. Əgər bir pasient hər 6 aydan bir eyni həkimə müraciət edirsə, həkim zamanla xəstəsinin orqanizmini öyrənir və lazım gəldikdə dərmanlarla müdaxilə edə bilir. Buna görə də özünüzdə sadalanan əlamətləri müşahidə etdiyiniz zaman həkiminizə müraciət etməyə başlayın. Həkim qan analizləri götürdükdən sonra lazım olarsa, testesteron müalicəsinə başlaya bilər. Əgər prostatınızda böyümə varsa, müalicə edilər və ya əməliyyat yolu ilə problem aradan qaldırıla bilər. Həkimlə ünsiyyətdə olma təkcə andropozu gecikdirmir, həm də ömrünüzü uzadır. Sadəcə hər zaman eyni həkimə müraciət edin ki, sizi öyrənə bilsin”.

İsveçrədə “kişiliyin bitməsi” – andropoz üzərində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu proses ilk olaraq kişinin beynində başlayır. Yəni çox zaman kişilər sağlamlıqlarının qayğısına qalmayıb, həyatı necə oldu yaşayır və orta yaşda mənən yorulmuş, sağlamlıqlarını itirmiş vəziyyətdə olurlar. Buna görə də alimlər 35 yaşından sonra hər bir kişiyə gündə yarım saat idman, həftədə ən az 4 dəfə seks və  sağlam qidalanmağı məsləhət görürlər. Kişi sağlamlığının qayğısına nə qədər çox qalarsa, andropozu bir o qədər gecikdirmiş olar. Odur ki, əziz kişilər, sağlamlığınıza diqqət edin! (lent.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir