Zülal tozları sonsuzluğa səbəb olur

Baxış sayı: 1. 760

Zülal tozları əzələ gücünü və görünüşünü inkişaf etdirmək istəyən insanların, xüsusən də gənclərin ən çox seçdiyi məhsuldur. Məşq edərkən qida rasionlarını zülal tozları ilə zənginləşdirənlər, həqiqətən də, gözlə görünə bilən bir yaxşılaşma, inkişaf hiss edirlər.

Bəziləri isə yaxşılaşmanı hiss etdikcə, daha çox zülal tozlarından istifadə etməyə başlayır. Lakin bu, çox zaman əks təsirlə nəticələnir. Belə ki, zülal tozları orqanizmdə bir çox problemə səbəb ola bilir.

Paytaxt apteklərində zülal tozu satışına rast gəlmək mümkündür. Tibbi cəhətdən orqanizm üçün çox zərərli hesab edilsə də, bunun satışına heç bir qadağa yoxdur.

Əczaçı Zemfira Əlibəyovanın sözlərinə görə, zülal tozunun insan orqanizminə zərəri və satışı barəsində rəsmi qadağa olmadığından bu məhsul bütün apteklərdə satılır: “Zülal tozunun insan orqanizmi üçün zərərli olması və satışına qadağa barədə bizə heç bir rəsmi məlumat verilməyib. Zülal tozu həkim resepti ilə satılmır”.

Əczaçı bildirir ki, hər hansı bir zülal tozunu almadan əvvəl bədən üçün nə qədər zülal lazım olduğunu həkimlə məsləhətləşmək lazımdır. Əzələ böyüdücü zülal tozlarının mənfi təsirləri ilə qarşılaşmamaq üçün istifadəyə az miqdarla başlamaq lazımdır.

Mütəxəssislərə görə, zülal tozları çox istifadə edildiyi zaman sümük əriməsinə səbəb olur. Zülal tozu qan dövranını gücləndirir və bədəndə olan kalsiumu sümüklərdən kənarlaşdırır. Bunun nəticəsində də sümüklər zəifləyir və sümüklərdə qırılma, şikəstliklərin meydana gəlməsinə səbəb olur. Həddən artıq zülal tozu qəbulu qaraciyər və böyrəyə də zərər verir.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, həddən artıq zülal tozu bədəndə olan az miqdarda karbohidratla, bədənə yığılmış yağları əridir. Bu da qaraciyər və böyrəyə böyük təsir göstərir. Və eyni zamanda bədəndə maddələr mübadiləsini pozur. Zülal çox olduğu zaman böyrək zülalı metobolizə edə bilmir, yüklənir və bu da böyrək çatışmazlığına səbəb olur. “Zülal tozu qəbul edən şəxslər ürəkbulanma, qusma, sidik ifrazı zamanı qan və s. bu kimi əlamətlər hiss edəndə başa düşməlidirlər ki, bu, böyrək çatışmazlığının əlamətidir və həddən artıq zülal tozu qəbulu nəticəsində yaranıb”.
Müsahibimiz bildirir ki, həddən artıq zülal tozu istifadəsi maddələr mübadiləsində əhəmiyyətli rol oynadığından qaraciyərə böyük zərər vurur. Zülal tozu istifadəsindən sonra mədənin sağ üst tərəfində ağrı, gil rəngli nəcis və dərinin və gözlərin saralması qaraciyər probleminin əlamətidir. “Zülal tozu ürək xəstəliklərinə, həzm problemlərinə, kalori artımına, qəbul etdiyiniz dərmanların təsirinin azalmasına səbəb olur”.

Zülal tozunun cinsi həyata da mənfi təsiri böyükdür. Adətən gənclər protein qəbuluna 20 yaşından sonra başlayır. Bu da zamanla orqanizmin çökməsinə səbəb olur. Məsələn, 10 il davamlı protein qəbul edən şəxsdə 30 yaşında cinsi problemlər ortaya çıxır. Protein qəbulu sonsuzluğa da səbəb olur.

Zülal tozu gənc yaşlarında infarkt riskini artırır. Çox zaman protein istifadəçiləri qəfil ürək dayanmasından dünyasını dəyişir.

M.Abbasovaya görə, protein həddində qəbul edildiyi zamanı bir o qədər böyük fəsadı olmur. Amma zülalı toz şəklində qəbul etməkdənsə təbii qida məhsullarında qəbul etmək daha yaxşıdır. Onun dediyinə görə, apteklərdə satılan dərmanlar sənədləşdirilmiş, yoxlamadan keçsə də, istifadəsindən əvvəl həkim müayinəsindən keçmək lazımdır. “Əgər orqanizmdə zülal ehtiyacı varsa, bu dərmanlardan həkim məsləhəti ilə istifadə etmək olar. Ancaq bəzi gənclərimiz bu kimi məhsulları apteklərdən deyil, internet saytlarından sifariş edirlər. Bu, həqiqətən, orqanizm üçün çox təhlükəlidir. İstifadə edən şəxsin sağlamlığında problem yarandığı təqdirdə şəxs hara şikayət edəcəyini də bilmir”.

İradə Cəlil




1 şərh “Zülal tozları sonsuzluğa səbəb olur

  1. Məhəbbət

    Zəhmət olmasa bir iki elmi araşdırma gösterin.protein tozlarının içinə hər hansı firma zərərli maddələri çox qatırsa bu protein tozunun günahı deyil.protein tozunun yuxarıea qeyd etdiyiniz zərərlərinə dair arasdirma yəqin ki yoxdur.zərərli qida yoxdur ,zərərli miqdar var təbii ki çox qəbul zamanı problem cixacaq.hər şeydə olduğu kimi.amma norma da problem olmaz.yagsiz bədən kütləsinin 1.6-2 qatı qədər protein idmançıya bəsdir.əgər inanmırsızsa araşdırın.bu videonu izləyin (https://youtu.be/9G6JJB4j6IU) açıqlamalar qismində 19 araşdırma var(ingiliscə).həmdəki həkimlər bəzən xəstələrə belə verir bu “zəhəri”.xoş günlər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir