Konservlesdirilmis qida

Konservləşdirilmiş qida zərərlidirmi?

Baxış sayı: 617

Konservləşdirilmiş qida dedikdə xüsusi emaldan keçmiş və bu səbəbdən istifadə müddəti uzanan məhsul nəzərdə tutulur.

Lakin bu gün biz əsasən oksigenin təmas etmədiyi təzyiq altında istilik emalına məruz qalmış ət, quş əti, balıq və tərəvəzlər haqqında danışacağıq. Bura məşhur güvəç, yağda sardina, konservləşdirilmiş göbələk və daha bir çox qida aiddir. Qidanın bu üsulla qorunub saxlanılması üç əsrdən də əvvəl Fransada icad edilib.

Konservləşdirmə texnologiyasının tədricən təkmilləşdirilməsi uzun yürüşlərdə olan orduları ərzaqla təmin etmək, ərzağın uzun müddət saxlanması kimi problemləri həll edib. Bütün bunlara baxmayaraq, konservlərə şübhə ilə yanaşılır. Belə qidaların zərərli ola bilmə ehtimalı insanları qorxudur. İstehlakçını narahat edən digər məsələ konservlərin tərkibinə daxil olan “əlavə” maddələrdir. Təbii konservlərin tərkibində yalnız xammal (ət, balıq və s.), duz, şəkər və ədviyyatlar olmalıdır. Konservləşdirilmiş yemək öz şirəsində deyil, yağdadırsa, bu, pəhriz saxlayan insan üçün zərərli ola bilər.

“Qəlyanaltı” konservləri (konservləşdirilmiş tərəvəz və göbələklərin əksəriyyəti) ilə bağlı vəziyyət daha mürəkkəbdir. Onlar çox vaxt artıq qızardılmış və ya hisə verilmiş olur və nəticədə onların tərkibində müəyyən miqdarda xərçəng əmələ gətirən maddələr əmələ gələ bilir.  Unutmayın ki, istehsal normalarını pozan, yaxud keyfiyyətsiz xammalı bankaya qoyub istehlakçını aldadan vicdansız istehsalçılar da var.

Ona görə də alış-veriş zamanı özünü bazarda sübut edilmiş istehsalçılardan və ya düzgün dövlət standartlarına malik bankada olan konservləri almaq tövsiyyə olunur. Bununla yanaşı bankanın özünə diqqət etmək lazımdır. Qablaşdırmada heç bir zədə və ya sızma olmamalıdır. Yəqin, hər kəs bilir ki, qabı şişmiş konservi almaq olmaz . Bu, botulinum bakteriyası tərəfindən istehsal olunan zəhərli bir toksinin yığılmasından xəbər verə bilər. Bu qidanın rasionda istifadəsi ölümlə nəticələnə bilər. Ona görə də ekspertlər hesab edir ki, konservlər normalara uyğun istehsal və istifadə olunduqda orqanizm üçün təhlükəli deyil.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir