istilik

“Azəristiliktəchizat”la abonentlərin müqavilə məsələsi necə tənzimlənəcək?

Baxış sayı: 441

“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. İstehlakçılar zəruri sənədləri – mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surətini “Azəristiliktəchizat”ın əməkdaşlarına təqdim etməklə müqavilə bağlaya bilərlər.

 

Açıq qalan suallar

Məlumatda qeyd edilən bir məqam xüsusilə diqqət çəkir: Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. O zaman sual yaranır – bəs abonent müqavilə bağlamaq istəmirsə? Ümumiyyətlə, abonentlə müqavilə bağlanılmasında məqsəd nədir? Bu yenilik sözügedən sahəyə hansı dividendlər verəcək?

Əsas məqam odur ki, “Azəristiliktəchizat” müqaviləni bağlamaq istəməyənlərlə bağlı hansı alternativ tədbir görüləcəyinə dair heç bir məqama toxunmayıb.

Sirr deyil ki, hazırda Bakı şəhərində istilik təchizatı ilə bağlı əksər binalarda sistem ümumidir. Yəni bir mənzildə istiliyi kəsmək üçün ən azından bütöv bir blokun istiliyi kəsilməlidir. Borcu olan, müqavilə imzalamayan abonentin fərdi qaydada istiliyini kəsmək praktiki olaraq mümkün deyil.

Sakin müqaviləni imzalamasa…

Qaranlıq qalan suallarla bağlı sorğumuzu cavablandıran “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı bildirdi ki, öz maraqları daxilində olan müqaviləni imzalamaqdan sonadək imtina edən sakinlərlə bağlı aidiyyəti üzrə addım atılacaq: “Biz sakinlərin bu müqavilədən imtina edəcəyini gözləmirik. Amma kimsə hansısa fərdi səbəbdən imzalamaq istəməsə, onun istilik enerjisindən istifadəsi qeyri-qanuni hesab ediləcək. Bu halda binanın layihələndirilməsindən asılı olaraq fərdi qaydada həmin abonentin istilik təchizatını dayandırmaq mümkün olsa, dayandırılacaq. Yox, mümkün olmasa, ən son halda qurum həmin abonenti məhkəməyə verəcək”.

 

Bir nəfərə görə hamı cəzalandırılacaq?

E.Basqallı qeyd edib ki, bir nəfər abonentə görə başqa abonentlərin istilik sisteminin kəsilməsi olmayacaq: “Amma yenə qeyd edirəm ki, bu hallar gözlənilən deyil. Müqavilədə sakinlərin ziyanına olacaq bir durum yoxdur ki, imzalamaq istəməsinlər. Ümumilikdə biz 180 mindən çox mənzilə istilik veririk. Müqavilə bağlanılması prosesinə artıq başlanılıb. Bu proses bir qədər zaman alacaq”.

Bəs ekspert necə düşünür? Bu müqavilədə sakinlərin ziyanına və xeyrinə olacaq məqamlar hansılardır?

Məqsəd abonent sayını dəqiqləşdirməkdir

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, “Azəristiliktəchizat” ASC sovet dövründən qalan binalara xidmət göstərir, çox az sayda yenitikililərdə mərkəzləşmiş istilik sistemindən istifadə edilir: “Əksər hallarda yeni tikilən binalarda kombi sistemindən istifadə olunur. Köhnə binalarda istilik təchizatını “Azəristiliktəchizat” ASC həyata keçirir. Keçid dövründə istilik qurğuları, radiatorlar və hətta boru xətləri sökülüb atılmışdı. Sonra “Azəristiliktəchizat” ASC yenidən həmin binalara istilik təchizatını vermək üçün bu problemi aradan qaldırdı. Amma bəzi binalarda bu istilik boru sistemləri bərpa edilmədi. Buna görə də fərdi qaydada hər bir mənzil sahibi ilə ayrılıqda müqavilə bağlanılması nəzərdə tutulub.

Müqavilənin məzmunu isə Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Bu müqavilənin bağlanmasında məqsəd abonentlərin dəqiq siyahısının müəyyən edilməsidir. Artıq texniki siyahıyaalma prosesi başa çatacaq”.

 

Müqavilədən imtina müəyyən məsuliyyət yarada bilər

R.Osmanlı qurumla abonentlər arasında bağlanacaq müqavilənin xidmət keyfiyyətinə təsiri barədə də danışıb: “Bəzən qurumlar bu kimi hallarda göstərilən xidmət səviyyəsinin, keyfiyyətinin artırılmasından çox, digər istiqamətlərə diqqət yönəldirlər. Keyfiyyəti artırmaq dedikdə sənədləşmə keyfiyyətinin deyil, göstərilən xidmətin əsas götürüləcəyinə ümid edirəm.

Müqavilə bağlamaq istəməyən abonentin məcburi qaydada cərimə olunmasından söhbət gedə bilməz. Xidmət abonentə təklif olunur, vətəndaş da bu xidməti istəsə alır, istəməsə almır. Yox, əgər vətəndaş göstərilən xidməti alır, lakin müqavilə bağlamaqdan imtina edirsə, bu halda cərimə nəzərdə tutulur”.

 

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir