Heç bir maddi qarşılıq güdmədən işləmək mənasını verən könüllülük, həm şəxs, həm də karyera inkişafı baxımından bir çox üstünlüklərə malikdir. Karyera hədəflərinizə uyğun olan təşkilatlarda təcrübə qazanmaq daha yaxşı olsa da, əslində hər cür könüllülük fəaliyyəti çox faydalıdır. Gəlin, karyera baxımından könüllülük işinin 8 faydasına baxaq:
1) Könüllü olaraq işləmək CV-də diqqəti cəlb edəcəkdir. Çox insanın könüllü fəaliyyətlə məşğul olmadığını nəzərə alsaq, belə bir təcrübəyə sahib olmaq sizi həmyaşıdlarınızdan ayıran xüsusiyyət olacaqdır. Çünki bu, bir çox insanın sahib olmadığı motivasiyaya sahib olduğunuzu ifadə edir.
2) Könüllülük, cəmiyyətə fayda vermək üçün işləmək deməkdir; bu isə sizə özünüzü faydalı və daha yaxşı hiss etdirəcək. Eynilə yaşlı birinə kömək etdiyiniz və ya parkda zibil topladığınız zaman hiss etdiyiniz kimi. İşiniz nə olursa olsun, bir parçası olduğunuz cəmiyyətə fayda verirsiniz. Başqalarına kömək etmək sizə ciddi bir şəkildə şəxsi məmnunluq hissi yaradacaqdır.
3) Könüllülük, yaxşı vaxt idarəetmə qabiliyyətiniz olduğunu göstərir. Çünki bir yandan oxuyur ya da işləyir və digər sosial fəaliyyətlərinizi edərkən, digər tərəfdən, qarşılığında pul almadığınız işləri etmək yaxşı vaxt idarə etməyi tələb edir.
4) Könüllü olmaq çox vaxt komandanın bir hissəsi olmaq mənasını verir. Bu, xüsusilə iş yerindəki digər işçilərlə yaxşı ünsiyyət qurma qabiliyyəti axtaran işəgötürənlər üçün çox vacib bir detaldır. Həmçinin, cəmiyyətdə könüllü fəaliyyətində olan bir çox şirkətin olduğunu nəzərə alsaq, könüllülük təcrübəsinə sahib olmaq bu şirkətlər üçün bizi fərqləndirən bir xüsusiyyət ola bilər.
5) Könüllülük fəaliyyətləri eyni zaman da əlaqələrinizi də genişləndirəcəkdir. Qurduğunuz münasibətlər iş axtararkən və ya tövsiyə məktubuna ehtiyacınız olduqda çox faydalı ola bilər. Bundan əlavə, harada könüllü olmağınızdan asılı olmayaraq, sizinlə ortaq maraqları olan bir sosial əlaqə mühitinə düşəcəksiniz.
6) Bacarıqlarınızı artıra və yeni bacarıqlar qazana bilərsiniz. Könüllülük sizi tez-tez yaradıcı olmağa təşviq edir.
7) Könüllülük yeni karyera alternativləri tapmaq imkanı verir. Özünüz üçün düzgün karyera yolu axtararkən iştirak edəcəyiniz müxtəlif fəaliyyətlər bu baxımdan sizə çox kömək edəcəkdir. Bu, bəzi karyera seçimlərinin əslində düşündüyünüzdən çox fərqli olduğunu görməyə imkan verir.
8) Könüllülük vəzifələri adətən liderlik tələb edir. Fəaliyyətə başlayarkən bu fikirləşdiyiniz kimi olmaya bilər, ancaq bütün təşkilatlar könüllülərə iş məsələsində etibar etmək istəyirlər. Digər tərəfdən, bir çox könüllülər arasında mütləq lider lazımdır və bu siz ola bilərsiniz. Bəlkə də əvvəlcə bu cür məsuliyyəti öz üzərinizə götürmək istəməzsiniz, ancaq liderlik təcrübəsi qazanmaq mütləq sizə müsbət təsir edəcəkdir.
Bütün hallarda, könüllülük iş karyeranıza böyük töhfə verəcək. Sizi iş dünyasına hazırlamaqla yanaşı, daha güclü bir fərd halına gətirəcək