Koronavirus

Koronavirus “irəliləyir”- təhlükəli ştam proqnozları

Baxış sayı: 371

Bir çox ekspertlər 2022-ci ilin yay aylarında pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar verirdilər. Amma bu proqnozlar özünü doğrultmadı. Əksinə, yeni, daha təhlükəli ştamların olacağı barədə xəbərlər yayılır… Ötən dövrü qısaca xatırlasaq, pandemiyanın bir neçə tarixi hadisə ilə yadda qaldığının da fərqinə vararıq. Dünyada koronavirus 2019-cu ilin sonlarından yayılmağa başladı.

O zamandan bəri bütün dünya ölkələri bu virusla mübarizəyə qalxdı. Azərbaycan isə bu dönəmdə hər iki cəbhədə “vuruşmağa” məcbur oldu: 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ savaşı, eyni zamanda tüğyan edən koronavirus pandemiyası. Düzdür, erməni vandalizmindən və virus səbəbindən ölənlərin sayı az olmadı… Amma itkilərin olmasına rəğmən ölkəmiz hər iki cəbhədən üzüağ çıxdı. Pandemiya dövrü yalnız Qarabağ savaşı ilə də yadda qalmadı. 2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsi də pandemiya dövrünə təsadüf etdi. Müharibənin ilk vaxtlarında Ukraynada koronavirus sürətlə yayıldı, bir yandan müharibədə itkilər, digər tərəfdən də virus qurbanları. Bu müharibə hələ də bitməyib. Pandemiyanın davam etdiyi bugünlərdə Azərbaycan yenidən Qarabağda antiterror əməliyyatlarına başlayıb, ermənilərin avqustun 3-də başladığı təxribata cavab verib. Görünən odur ki, tarixə yazılan hər üç savaş pandemiya dövrünə təsadüf etdi. Koronavirus isə bitmək istəmir, əksinə, yenidən alovlanmağa doğru gedir. Pandemiya dövrü bizə daha hansı “sürprizləri” göstərəcək, bunu da yaşayıb görəcəyik…

Amma görünən odur ki, ekspertlər pandemiyasız mərhələyə keçidin 2022-ci ilin əvvəlində başlanacağını düşünsələr də, ancaq koronavirusun yüksək mutasiyaya uğramış “Omikron” variantı ortaya çıxdı və gözləntilər alt-üst oldu. Təhlükələr hələ qalır. “Omikron”un hazırda dominantlıq edən alt növlərini üstələyəcək yeni variantların ortaya çıxıb-çıxmayacağı bilinmir. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, immunitetdən daha çevik yayınmağa, daha ağır xəstəlik törətməyə qabil virus variantlarının ortaya çıxması ən pis ssenari olardı. Qurumun London İmperial Kollecinin modeli əsasında hazırladığı hesabatda vurğulanır ki, yeni variantlarla bağlı bütün ssenarilər gələcəkdə daha böyük epidemiya dalğalarının baş verəcəyinə işarə edir.

Alimlərin proqnoz verməsini çətinləşdirən bir mühüm məqam da odur ki, peyvənd kombinasiyalarının, gücləndirici dozaların, həmçinin əvvəlki yoluxmalar nəticəsində qazanılmış immunitetin adamları qarşıdakı aylarda qoruyub-qorumayacağı bilinmir, həmçinin buster doza kampaniyalarının nə dərəcədə effektli olacağı bəlli deyil.

Azərbaycanda isə baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Dəyişikliklə COVİD-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Qeyd edək ki, yoluxma artıq 500 üzərindədir və ölənlərin sayında da artım var. Baş nazirin qərarı da göstərir ki, koronavirus xəstəxanalarında işləyən həkimlərin hələ qarşıda görəcəkləri işlər çoxdur. Qapanma olmasa da, qadağalar qayıda bilərmi?

Eyni zamanda “Omikron”un yeni alt variantları nə ilə fərqlənir? Pasiyentlər daha çox nədən şikayət edir? Ağır vəziyyətdə olanlar əsasən hansı kateqoriya insanlardır? 4-cü doza vaksin tətbiq edilməlidirmi?

Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı  fikirlərini belə açıqladı: “Qadağaların qayıtması vəziyyətə uyğun veriləcək qərarlardan asılıdır. ”Omikron”un yeni alt variantları daha çox yoluxuculuğunun yüksək olması ilə fərqlənir. Risk qrupunda olan şəxslərdən fərqli olaraq sağlam insanlarda yüngül keçir. İlkin simptomlarında boğaz ağrısı üstünlük təşkil edir. Əvvəlki variantlardan fərqli olaraq bəzi hallarda xəstəlik hərarətsiz də keçə bilir. Buna görə də bəzən xəstə COVİD olmaq ehtimalını uzaq görür, müayinə olunmur. Ağırlaşmaların çoxluğu hər zamankı kimi əsasən həssas, risk qrupunda olan insanların payına düşür. Bu da onların bu dövrdə daha çox özünü qorumasına səbəbdir”. İnfeksionist əlavə edib ki, vaksinasiyadan yaradılan immunitet bu xəstəlikdə davamsızdır: “Yəni müddət keçdikcə zəifləyir. Hər kim sonuncu doza vaksinindən 6 aydan artıq müddət keçibsə, artıq praktik olaraq COVİD-ə qarşı qoruyuculuğu olmur. Buna görə də vaksinasiya qadağalarının gətirilib-gətirilməməsindən asılı olmayaraq bu şəxslər bilməlidir ki, vaksinsiz davam etmək bu dövrdə onlar üçün təhlükəlidir”.

Bəs görəsən, proqnozlarda deyildiyi kimi, yeni ştamlar, yeni qadağalar olarsa, buna hazırıqmı? 

Bir gün kriptovalyuta balonları partlasa, fəsadları ağır

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı bunları dedi: “Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə edilə bilər. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq. Təbii, bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu, iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərini də salacaq, nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə PUL lazım olacaq. Başqa vaxt olsaydı, ”qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də  təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsir, çox pis olacaq.  Bu il iqtisadiyyatın gül-çiçək açdığı 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ildir. Odur ki, “Qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir