Koronavirus keçirən xəstələrin 80 faizinin xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmadığı ortaya çıxıb. Onların tədricən və uzunmüddətli bərpa olunmaları lazımdır.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə kardioloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru Simon Matskeplişvili danışıb. Onun sözlərinə görə, koronavirus keçirən xəstələr çox vaxt özlərini tamamilə sağlam hiss etmədiklərindən şikayət edirlər.
“Bu gün postkoronavirus sindromunun təyin edilməsi və onun düzgün müalicəsi virusun özünün müalicəsindən az əhəmiyyət daşımır. Kiminsə yuxusu pozulur, kimlərdəsə baş ağrısı və ya əzələ ağrıları, aritmiya və ürək-damar xəstəlikləri müşahidə olunur, bəziləri isə mədə-bağırsaq problemlərindən şikayət edir. Beləliklə, postkoronavirus sindromu bir-biri ilə əlaqəsi olmadığı düşünülən çox geniş simptomları əhatə edir.
COVID-19-u keçirən insanların 80 faizi xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmır: tədricən yaxşılaşmaları lazımdır. Bir insan nə qədər yüngül xəstələnirsə, postkoronavirus sindromu bir o qədər uzanır”, – ekspert əlavə edib.
Xatırladaq ki, həkimlər koronavirusun fəsad sayına görə qripi iki dəfə üstələdiyini bildirmişdi. Eyni zamanda, COVID-19-un əsas xüsusiyyətlərdən biri də nevroloji və zehni təbiətin ağırlaşmalarıdır.