urek

Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar

Baxış sayı: 695

COVID-19 virusuna yoluxanlarda bir sıra ağırlaşmalar qeydə alınır. Onlardan biri də ürəklə bağlı ağırlaşmalardır. Məlumatlara görə, kardioloji fəsadlara daha çox rast gəlinir. İnvaziv kardioloq, Mərkəzi Gömrük Hospitalının həkimi Emin Hacıbalayev kardioloji ağırlaşmalar barədə danışıb.

Beləliklə, həkimin fikirlərini təqdim edir:

Bir ilə yaxındır ki, bütün dünya səhiyyəsi COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu müddət ərzində yeni məlumatlar, yeni müalicə protokolları və bu virusa qarşı peyvəndlər əldə olunub. COVID-19 xəstəliyinin kəskin fazasında miokard infarktı, ağ ciyər arteriyasının tromboemboliyası və aşağı ətraf damarlarının trombozu kimi ürək-damar sistemində ağırlaşmalar baş verə bilər.

Eyni zamanda, bu xəstəlikdən sağalmış insanlarda bəzi simptomların qalması və narahatlığın davam etməsi mümkündür. Belə vəziyyət COVID-19 xəstəliyinin uzanmış və ya xronikləşmiş variantı adlandırılır. Bu zaman insanlarda başgicəllənmə, təngənəfəslik, ürəkdöyünmə və ürək nahiyəsində ağrılar, ümumi halsızlıq, əzələ ağrıları, iy və dad bilmənin uzun müddət bərpa olunmaması və saç tökülməsi kimi simptomlar müşahidə oluna bilər.

Kardioloji ağırlaşmalardan biri miokarditdir. Miokardit ürəyin orta əzələ qatının iltihabı deməkdir. İltihab dərəcəsi və davamiyyəti hər bir pasiyentdə fərqli ola bilər. Miokardit əvvəllər qrip kimi kəskin virus xəstəlikləri zamanı müşahidə olunurdu. Lakin COVID-19 xəstəliyində miokardın zədələnməsi fərqlənir. Belə ki, miokardı təşkil edən əzələ hüceyrələri – sarkomerlər ciddi şəkildə zədələnir, sanki bıçaqla kəsilmiş kimi bir vəziyyət alınır.

2020-ci ilin iyun ayında Almaniyada aparılmış tədqiqat zamanı COVID-19 xəstəliyi keçirən insanlarda Cardio-MRI müayinəsi aparılıb. Tədqiqatda iştirak edən pasiyentlərin orta yaşı 49 olmuş, xəstəlikdən sonra maksimum 67 gün keçmiş və pasiyentlərin yalnız 33%-i xəstəxanada müalicə almışdı. Bu tədqiqat zamanı müayinədən keçən insanların 60%-də ürəyin iltihabı aşkar edilib.

Həmçinin, COVID-19 xəstəliyi keçirən pasiyentlərdə kontrol qrupla müqayisədə ürəyin atma fraksiyası daha aşağı və ölçüləri daha böyük olub. COVID-19 xəstələrinin 20%-də, kontrol qrupun isə 7%-də miokard fibrozu aşkar edilib. Maraqlı və xoşagəlməz hal odur ki, bu dəyişikliklər hətta COVID-19 xəstəliyini simptomsuz və yüngül keçirən insanlarda da qeydə alınıb.

Miokarditin əsas simtomları aşağııdakılar ola bilər:

  • Ürək nahiyəsində ağrılar
  • Ürəkdöyünmə, aritmiya
  • Təngənəfəslik
  • Hərarətin qalxması

 

Miokarditin ağırlaşmaları həyatı təhlükəli aritmiyalar, ürək catişmazlığı, qəfləti ölüm kimi hallar ola bilər. Bütün bunları nəzərə alaraq, COVID-19 xəstəliyindən bərpa olunan pasiyentlərin, həmçinin, miokardit şübhəsi olan pasiyentlərin minimum instrumental və laborator müayinələrdən (EKQ, EXO-KQ, troponin) keçmələri məsləhət görülür.

Ehtiyac olarsa, daha dərin müayinələr – MRT, EKQ-Holter və koronar angio müayinələr də aparılmalıdır. Digər vacib məsələ, belə pasiyentlərdə fiziki aktivliyin 3-6 ay ərzində məhdudlaşdırılmasıdır. Unutmayın ki, vaxtında həkimə müraciət etməklə ağır fəsadların qarşısını almaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir