Bəzən psixoloji və ya qeyri-mürəkkəb reflüks adlanan qusmaya körpələrdə tez-tez rast gəlinir və bu adətən (amma həmişə yox) normaldır.
Bir çox körpələr bəzən qusur, çünki onların həzm sistemi tam inkişaf etməyib və bu da mədədəki qidanın qida borusuna axıb qayıtmasını asanlaşdırır.
Körpələr adətən südü sürətlə içdikdə qusurlar. Körpə sürətlə və ya aqressiv şəkildə süd əmdikdə və ya ananın döşündə süd çox olduqda qusma baş verir. Körpənin qusduğu qidanın həcmi, əslində olduğundan çox görünür. Əgər körpənin fikri yayınıqdırsa (ətrafa baxmaq üçün döşü ağzından çıxarırsa) və ya döşdə kürlük edirsə, o hava uda və daha tez-tez qaytara bilər. Bəzi körpələr diş çıxardıqda, iməkləməyə başladıqda və ya bərk qidalara keçdikdə daha çox qusur.
Statistikaya nəzər yetirək (təkcə südəmər yox, bütün körpələr üçün):
– Qusma adətən körpə yedikdən dərhal sonra baş verir, həmçinin qidalanmadan 1-2 saat sonra da baş verə bilər.
– 0-3 aylığında olan körpələrin yarısı gün ərzində ən az 1 dəfə qusur.
– Qusma adətən körpə 2-4 aylığında ikən güclənir.
– Bir çox körpələr 7-8 ayında ikən qusmaların sayı azalır.
– Əksər körpələr 12 aylığında ikən daha qusmur.
Əgər sizin körpəniz halından məmnundursa, çəkisi yaxşı artırsa, narahatçılıq keçirmədən qusursa və çox vaxt gümrahdırsa – qusma tibbi səciyyə daşımır.
Həddən artıq qusmanın bəzi səbəbləri
– Süd ehtiyatının çox olması və ya südün döşə güclü gəlmə refleksi reflüksəbənzər simptomlara səbəb ola və adətən sadə tədbirlərlə müalicə oluna bilər.
– Qidaya qarşı həssaslıq, həddən artıq qusmaya səbəb ola bilər. Buna ən çox səbəb körpənin və ya ananın rasionunda inək südü məhsullarının olmasıdır. Diqqət yetirin: körpə ana südündən başqa qida – süni uşaq qidası, bərk qidalar (dənli bitkilər də daxil olmaqla), vitaminlər (flüorid, dəmir və s.), dərman, bitki tərkibli preparatlar qəbul edirmi? Ana hər hansı dərman, ot, vitamin, dəmir və s. qəbul edirmi?
– Qastro-ezofageal Reflüks xəstəliyindən əziyyət çəkən körpələr adətən çox qusurlar.
– Südəmər körpələrdə nadir hallarda rast gəlinsə də, yeni doğulmuş körpələrdə müntəzəm fəvvarə şəklində qusma, mədə nasazlığı sayılan cərrahiyyə əməliyyatı tələb edən pilorik stenozun əlaməti ola bilər. Bu, oğlanlarda qızlardan 4 dəfə daha çox rast gəlinir və simptomlar adətən 3 və 5-ci həftələr arasında meydana çıxır. Gündə ən az bir dəfə fəvvarə şəklində qusan yeni doğulmuş körpəni həkimə göstərmək lazımdır.
Mənim uşağım daha çox qusmağa başlayıb – nə baş verir?
Bəzi ayca böyük körpələr, bir müddət cüzi qusduqdan və ümumiyyətlə qusmadıqdan sonra, daha çox qusmağa başlayırlar. Bunun təqribən 6 ayına yaxın baş verməsinə tez-tez rast gəlinir, baxmayaraq ki, hər ayda baş verə bilər. Əgər körpə tez-tez qusursa (xüsusilə əgər körpə özünü yaxşı hiss etmirsə), bu mədə-bağırsaq sisteminin xəstəliyinin əlaməti ola bilər.
Əgər körpə özünü yaxşı hiss edirsə, onda səbəblər aşağıdakılar ola bilər:
– Çox güman ki, buna səbəb, körpənin sizin südünüzdəki hər hansı qidaya qarşı həssaslığı deyil. Lakin, əgər siz rasionunuza yeni qida daxil etmiş və ya son zamanlar müəyyən qidanı böyük miqdarda yemisinizsə, səbəb bu ola bilər. Qusmaya, körpənin yediyi qidalar ananın yediyi qidalardan daha çox səbəb ola bilər. Körpə bu yaxınlarda bərk qida yeməyə başlayıb və ya yeni qidanın dadına baxıb? Siz və ya körpəniz yeni dərman qəbul edirsiniz? Siz və ya sizin körpəniz vitaminlər qəbul etməyə başlamısınız və ya vitaminlərinizi dəyişmisiniz?
– Körpə son zamanlar həmişəkindən daha çox kürlük edir/və ya ağlayır? Əgər belədirsə, ola bilsin ki, o həmişəkindən daha çox hava udur və bu da onun qusmasına səbəb olur.
– Qusmaya səbəb, körpənin diş çıxarması da ola bilər. Diş çıxardıqda, körpələrin ağzından daha çox su axır və onlar bu əlavə ağız suyundan xeyli udurlar – bu isə əlavə qusmaya səbəb ola bilər.
– Soyuqdəymə və ya allergiyalar körpənin selik udmasına və daha çox qusmasına səbəb ola bilər.
– Körpə inkişaf sıçrayışı dövründən keçir və süd əmdikdə daha çox hava udur, xüsusilə əgər o son zamanlar südü “acgözlüklə” əmirsə qusma halları baş verə bilər.
– Süd ehtiyatı çox olduqda və ya süd döşə sürətlə gəldikdə, inkişaf sıçrayışından sonra qusma meydana gəldiyi anaların nəzərinə çarpır.
Ümumiyyətlə, əgər qusmağına baxmayaraq, körpəniz sağlamdır və özünü yaxşı hiss edirsə – çəkisi yaxşı artır, kifayət qədər yaş/çirkli bezi çıxırsa – o zaman bu, tibbi bir problem deyil.
Qastro-ezofageal Reflüks Xəstəliyi
Az sayda körpələr Qastroezofageal Reflüks Xəstəliyi adlanan reflüks səbəbindən diskomfort və digər ağırlaşmalar yaranır. Bu cür körpələri bəziləri “arıq çığırqanlar” adlandırırlar. Reflüks genetik olaraq da keçə bilər. Bu xəstəliyə, xüsusilə vaxtından öncə doğulmuş (tam inkişaf etmədikləri üçün) və digər səhhət problemləri olan körpələrdə rast gəlinir. Reflüks adətən 12-14-cü aylarda artır.
Reflüksün aşağıdakı əlamətləri var – o müxtəlif dərəcələrdə ola bilər, odur ki, dəqiq diaqnoz üçün həkim müdaxiləsinə ehtiyac var:
– Tez-tez qaytarma və ya qusma; qusduqda diskomfort hissi.
– Çeçəmə, boğulma, tez-tez gəyirmə və ya hıçqırma, nəfəsdə xoşagəlməz qoxu.
– Körpə diskomforta görə kürlük edə və az yata bilər.
Kəskin reflüksün xəbərdarlıq əlamətləri:
– Qidalanma ilə əlaqəli dayanmadan və ya kəskin şəkildə kürlük etmə və ya ağlama.
– Çəkidə az artım, çəkinin itirilməsi və ya inkişafdan qalma. Yeməkdə çətinlik. Döşdən/qidadan imtina.
– Udmada çətinlik, boğaz ağrısı, səs batması, xroniki burun/sinus tutulması, xroniki sinus/qulaq infeksiyaları.
– Qusduqda, qanlı və ya yaşıl/sarı mayenin gəlməsi.
– Sandifer sindromu: körpə reflüks ağrısını azaltmaq üçün xüsusi mövqe ala və boynunu və belini əyə bilər – bu, qida borusunu uzadır və diskomfort hissini azaldır.
– Tənəffüsdə çətinlik: bronxit, fısıldama, xroniki öskürək, pnevmaniya, asma, aspirasiya, apne, sianoz (göyərmə).
Reflüks, ya körpələrin həddən az yeməsinə (əgər onlar qidalanmanı qidalanmadan sonrakı ağrı ilə əlaqələndirirlərsə və ya udqunduqları zaman ağrı hiss edirlərsə) və ya həddən artıq yeməsinə (çünki, əmmə mədə möhtəviyyatının mədədə qalmasına səbəb olur və ana südü turşuluğu neytrallaşdıran təbii maddə olduğu üçün) səbəb ola bilər.
Reflüks barədə əldə edilən cari məlumatlar göstərir ki, 12 aydan kiçik körpələrdə reflüksün müayinə və müalicəsi, yalnız qusmanın, az çəki artımı və ya çəki itkisi, kəskin boğulma, ağciyər nasazlığı və ya digər ağırlaşmalarla müşaiyət olunduğu halda nəzərə alınmalıdır.
Reflüksdən şübhələndikdə, bir çox həkimlər ilk əvvəl müxtəlif reflüks dərmanlarından (müayinə (təhlil) aparmadan) istifadə edirlər ki, dərmanların uşağın simptomlarını yaxşılaşdırıb-yaxşılaşdırmadığını aşkar etsinlər. Əgər təhlil aparılacaq olunsa, 24 saat pH zond təhlili, uşaqlarda reflüksün təhlilində “qızıl standart” hesab edilir; bu, qida borusunun aşağı hissəsindəki turşuluq səviyyəsini ölçmək üçün körpənin boğazından salınan borudur. Bariumun udulması (yuxarı mədə-bağırsaq təhlili) ağır proses deyil (körpə barium məhlulu udur, daha sonra rentgen olunur) lakin, körpələrdə reflüksün müayinəsi üçün çox da effektiv deyil, çünki bir çox uşaqlara barium verildikdə, onlarda reflüks baş verir.
Əmizdirmə üçün məsləhətlər
– Körpənizi tez-tez, yəni o, süd əmmək istəyini nə vaxt büruzə versə, əmizdirin. Bu az, lakin tez-tez əmizdirmələr zamanı içdiyi südü daha tez həzm edəcəkdir.
– Körpəni yarı-dik və ya oturaq vəziyyətdə əmizdirin və ya körpə üstünüzə uzanıqlı vəziyyətdə yarı-oturaq şəkildə uzanın. Dik əmizdirmə mövqelərindən istifadə edin.
– Kürlü, həvəssiz körpələrlə çoxlu bədən təmasında olun, onu hərəkətli şəkildə (yırğalayaraq, gəzişərək), çimərkən və ya körpə yuxulu ikən əmizdirin.
– Onun hava udmasının qarşısını almaq üçün, döşdən yaxşı tutduğuna əmin olun.
– Körpəyə bir döşü tamamilə boşaltmasına imkan verin (körpə özü döşdən ayrılana və ya yuxulayana qədər gözləyərək), daha sonra digərini təklif edin.
– Döşləri dəyişmək üçün, fəal şəkildə əmən körpəni döşdən ayırmayın. Döşləri tez-tez dəyişmək həddən artıq qusmaya səbəb ola bilər.
– Körpə tez-tez süd əmmək istəyirsə, döşləri hər əmizdirmə zamanı yox, bir neçə saatdan bir dəyişin.
– Körpənizə təkcə döşünüz dolu ikən doymaq üçün yox, həm də döşünüz boş ikən, rahatlanmaq üçün döş verin, çünki bu cür əmmə şəkli, qıcıqlanmanı azaldır və mədənin boşalmasını sürətləndirir.
– Qidalanmadan dərhal sonra körpəni zərurət olmadıqca sərt şəkildə və ya möhkəm tərpətməyin və oynatmayın. Körpəni dik vəziyyətdə saxlamağın ona daha çox köməyi ola bilər. Bu şəkildə, o daha asan gəyirəcəkdir.
– Həmişəki kimi, körpənizə diqqət yetirin və reflüks simptomlarını yüngülləşdirmək üçün nəyin daha yaxşı işə yaradığını müəyyən etmək üçün onun davranışını izləyin.
Qusmanı/reflüksü azaltmaq üçün nə edə bilərəm?
Əmizdirin! Reflüks, südəmər körpələrdə daha az rast gəlinir. Bundan əlavə, reflüksdən əziyyət çəkən südəmər körpələr gecələr, süni uşaq qidası ilə qidalanan uşaqlardan daha qısa və daha az reflüks tutmaları keçirir. Südəmizdirmə həmçinin reflükslü körpələr üçün ona görə ən yaxşı qidadır ki, ana südü mədəni daha tez tərk edir, odur ki, südün qida borusuna qayıtması üçün daha az vaxt olur) və o geri qayıtdıqda daha az qıcıqlanmaya səbəb olur.
Uşağınız nə qədər sakit olsa, reflüks bir o qədər az olur.
Uşağınızı siqaret tüstüsündən tamamilə uzaq tutun, çünki bu, reflüksə səbəb olan ən başlıca amillərdəndir.
Kaffeinin qəbulunu azaldın və ya tamamilə kəsin. Ananın rasionunda həddən artıq kaffein, reflüksa səbəb ola bilər.
Bütün reflüks hallarında allergiyadan şübhələnmək lazımdır. Pediatriya üzrə icmal məqaləsinin verdiyi məlumata əsasən, 1 yaşdan kiçik uşaqlarda baş verən reflüksun yarı faizi, inək südündə olan zülala qarşı allergiya ilə əlaqəlidir. Müəllif qeyd edir ki, simptomlar oxşardır və tövsiyyə edir ki, pediatrlar reflüksdən əziyyət çəkən bütün uşaqların inək südünə allergiyası olub-olmadığını yoxlasınlar. Allergiyalı uşaqlarda adətən qusma ilə bərabər digər simptomlarda mövcud olur.
Qatılaşdırılmış qidalar
Ana südünü və ya süni uşaq qidasını qatılaşdırmaq üçün əlavə edilən yarma, illər boyunca reflüksün müalicəsində istifadə olunub, lakin onun istifadəsi ziddiyyətlidir.
Bu müalicə işə yarayırmı? Qatılaşdırılmış qidalar qusmanı azalda bilər, lakin aparılan araşdırmalar zamanı reflüksun göstəricilərində azalma müşahidə olunmamışdır (məsələn, “səssiz reflüks” hələ də mövcuddur). Donna Sekerin fikrincə, “Qatılaşdırılmış qidaların effekti daha çox müalicəvi yox, kosmetik səciyyə daşıya bilər (geri axmanın azalması nahardan sonra yatmanın çoxalması). Qatılaşdırılmış qidalar qidalanmadan sonra öskürəyin artması ilə əlaqələndirilir və həmçinin mədənin boşalma vaxtını azalda və reflüks epizodlarını və aspirasiyanı artıra bilər. Nəzərə alın ki, düyü yarması ana südündə təbii şəkildə mövcud olan amilaza maddəsi (həzm edən enzim) səbəbindən, ana südünü effektiv şəkildə qatılaşdırmır.
Bu qidalar uşağın sağlamlığı üçün faydalıdırmı? Əgər siz qidaları qatılaşdırırsınızsa, körpənin nə qədər yediyinə nəzarət edin, çünki, bu halda körpə ümumilikdə daha az süd içə və beləliklə daha az qidalandırıcı maddə qəbul edə bilər. Körpəyə vaxtından əvvəl yarma və digər bərk qidalar verilməsinin tövsiyyə olunmamasının bir sıra səbəbləri var: 3 ayından əvvəl, düyünün və ya tərkibində qlüten olan digər yarmaların uşaqlara verilməsi, körpələrin I qrup diabet xəstəliyinə tutulması riskini artırır.
Bundan əlavə, reflükslü körpələr allergiyalara, tənəffüs və qulaq infeksiyalarına qarşı daha çox müdafiə olunmalıdırlar, lakin, araşdırmalar göstərir ki, bərk qidaların uşağın rasionuna vaxtından əvvəl yeridilməsi, körpənin bütün bu xəstəliklərə yaxalanma riskini artırır.
Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com
Tərcümə edən: Xumar Ərşadlı
Vib.az