Səs-küyün insan orqanizminə təsiri hazırda dünyada ən aktual problemlərdən biridir. Təbii səslər (dəniz dalğasının, yarpaqların, küləyin səsi, şəlalə axını, çayın şırıltısı və s.) insana xoş təsir edir, onu sakitləşdirir. Amma bu əks təsir də göstərə bilər. Küy – müxtəlif tezlikli və intensivlikli səslərin qarışığıdır ki, insan orqanizminə neqativ təsir göstərir.
Həkim Amaliya Rəhimova bildirir ki, şəhər əhalisi küydən daha çox əziyyət çəkir, çünki bu təsir davamlı, müxtəlif və qaçılmazdır:
“Avtomobillər, inşaat sahələri, təmir işləri, siqnallar, səs-küylü qonşular… Küy eşitmə qabiliyyətini zəiflədir, sinir sistemini qıcıqlandırır, çoxsaylı xəstəliklərin yaranmasına yol açır. Küyün səviyyəsi desibel ilə ölçülür. Meşədə – 12-26 dB, pıçıltı ilə danışıq- 20-30 dB, adi söhbət – 40-50 dB, küçədə -75-85 dB, zavod-fabrikdə -75-115 dB, təyyarə qalxarkən- 120-130 dB vəs”.
Həkim bildirir ki, insan orqanizmi səs-küyə fərqli reaksiya göstərir:
“68 – 92 dB səs-küyə məruz qalma sinir sisteminin müəyyən xəstəliklərinə səbəb olur. Səs səviyyəsinin 84 – 88 dB-li keçməsi qan təzyiqinin artmasına səbəb ola bilər. Nəqliyyat və tikinti işlərindən gələn səslər insana daha pis təsir göstərir. Məsələn, əgər yaşadığınız evin yaxınlığında hansısa şirkət illərlə bina inşa edir, sonra orda təmir işləri başlayırsa, üstəlik, ev geniş prospektin 4 yol ayrıcındadırsa, sağlamlığa bunun mütləq bir təsiri olacaq. İnsan bunu birbaşa tikinti faktı və ya intensiv avtomobil hərəkəti ilə əlaqələndirmir, amma uzaq perspektivdə problemin yaranmasında rolu danılmazdır”.
Bəs, səs-küy hansı yolla sağlamlığa neqativ təsir edir?
“Orqanlarda pozulmalar neyro-humoral mexanizm ilə inkişaf edir. Maksimal həddi aşan səs-küy (məsələn, istehsalatda) və nisbətən aşağı desibelli, amma uzunmüddətli küy güclü stressordur. Hipotalamo-hipofizar-böyrəküstü sistem xroniki küy zamanı qanda stress hormonlarının (adrenalin, kortizon, noradrenalin) istehsalını artıraraq, qan damarlarının tonusunun artmasına, onların spazmına, toxuma və orqanlarda işemiya, hipoksiya, asidoza səbəb olur. Ardınca distrofik, degenerativ pozulmaların inkişafına təkan verilir ki, bu da genotipik və fenotipik xüsusiyyətdən asılı olaraq müxtəlif sindrom və xəstəliklə təzahür edə bilər. Sadə dillə desək, kimin irsiyətdən harası zəifdir, ora daha çox zədələnəcək”.
Amaliya Rəhimova deyir ki, 110 dB və ya daha çox küy tam karlığa səbəb ola bilər:
“Səs səviyyəsi yüksək və çox yüksəkdirsə, eşitmə həssaslığı bir-iki ilə azalır. Orta səs-küyün təsirindən eşitmə itkisi, demək olar ki, hiss olunmur. Bu halda eşitmə həssaslığının azalması 7-12 ilə inkişaf edir. Bir sıra elmi tədqiqatlar yüksək səs-küylü bölgələrdə böyüyən uşaqların oxu, yaddaş və danışıq məsələsində yaşıdlarından geri qaldığını; 50 yaşdan yuxarı insanlarda infarkt riski yüksəldiyini göstərir.
Uzun müddət səs-küyə məruz qalan insan “küy xəstəliyinə” tutula bilər. Xəstəliyin kliniki təzahürləri spesifik (korti orqanında (qulaqda) olan dəyişikliklər) və qeyri-spesifik, yəni bütün orqan və sistemlər tərəfindən yaranan simptomlara ayrılır. Xəstəliyinin obyektiv əlamətləri: eşitmə həssaslığının azalması; mədədə turşuluğun azalması və həzm sisteminin funksiyalarında pozulmalar; ürək-damar problemləri; endokrin sistemin müxtəlif pozulmaları. Subyektiv əlamətlər: qulaqda ağrı, cingilti, səs; qıcıqlığın artması; mədə ağrısı; yaddaşın azalması və qismən itirilməsi; tez-tez başgicəllənmə; şiddətli baş ağrıları; yorğunluq; iştahsızlıq”.
Küyün təsirindən necə qorunaq? Həkim bəzi məsləhətləri verir:
1. İmkan daxilində gündə 1-2 saatı tam sakitlikdə keçirin. Səs-küy yalnız eşitməyə deyil, həm də sinir sistemini zədələdiyindən hər gün ən azı 1-2 saat tam sükut içində keçirmək, texnoloji cihazlardan ayrılıb, televizoru, kompüteri unudub meditasiya etmək faydalıdır
2. Daha tez-tez təbiətdə olun. Yarpaqların səssiz titrəyişi, quşların gözəl nəğməsi səs-küylü şəhərə ara verməyə və rahatlığın bərpasına kömək edəcək. Stressdən sonra eşitmə hüceyrələrinin bu cür təbii şəraitdə daha sürətli sağaldığı sübut edilmişdir.
Pəncərələri dəyişin, ikinci qat pəncərə qoyun. Döşəmənin, tavanın, divarların səs izolyasiyası küçə səs-küyünü və yaxın ətrafın səsini minimuma endirəcək
3. Musiqiyə çox yüksək səslə qulaq asmayın. Çox yüksək musiqi səsi qulaqları həmişəlik zədələyə bilər.
4. Keyfiyyətli və düzgün seçilmiş qulaq tıxacları təxminən 25-35 dB səs-küyü aradan qaldıra bilər (qulaqcıqların insan sağlamlığı üçün təhlükəsiz materiallardan hazırlandığına əmin olun).
5. Mebellərin yerlərini dəyişin. Evinizdəki səs-küy izolyasiyasının səviyyəsini artırmaq məqsədilə böyük şkafı divara çəkin, yatağı divardan mümkün qədər uzaqlaşdırın.
6. “Ağır” materialdan hazırlanmış pərdələr küçə səs-küyünü boğa bilər.
7. Yerdə ağır xalça aşağıdan gələn səs-küyün qarşısını alacaq.
Eşitmə gigiyenasına hər zaman riayət etmək vacibdir: onu itirmək çox asan, bərpa etmək isə çətindir.