Ağstafada yaşlı qadın ailə üzvləri tərəfindən döyülüb. Rayonun Yenigün kənd sakini, 1934-cü il təvəllüdlü Xədicə Abbas qızı Əliyeva kürəkəni və nəvəsi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Psixoloqlar son zamanlar məişət zorakılığının artdığı qənaətindədirlər. Psixoloq Aydan Nəzərovanın bildirdiyinə görə, son vaxtlar ailədə zorakılıq hallarıyla tez-tez rastlaşırıq: “Ailədə zorakılıq faktlarının səbəbləri müxtəlif ola bilər. Məsələn, mal bölgüsünün, pulun, qızılın üstündə ailədaxili mübahisələr zorakılıq həddinə çata bilər. Ailə üzvləri bir-birindən qisas almaq məqsədilə də zorakılıq tətbiq edir. Qısqanclıq da mübahisələrə, zorakılığa və daha ağır faicələrə yol açır”.
Ailədə kişi həyat yoldaşına xəyanət edirsə, təbii ki, evdə dava salacaq. Həyat yoldaşı onun gözünə pis görünməyə başlayır. “Ailədə uşaqların tərbiyəsilə də bağlı mübahisələr yaranır. Məsələn, ata uşağın hər sözü ilə razılaşır, ağılsız hərəkətlərinə göz yumur, ana isə buna qarşı çıxırsa, bunun üstündə dava böyüyə bilər. Ailəyə qayınana, qayınata və başqa qohumların müdaxiləsi də ailədaxili münaqişələrə gətirib çıxarır”.
Psixoloqa görə, əgər ailədə kiminsə psixi pozuntusu varsa, şəxsiyyəti parçalanıbsa, psixi, nevroloji problemləri varsa, bu zaman da insanlar səbəbsiz yerə əsəbiləşə, zorakılıq tətbiq edə bilirlər. Belə insanların özündən asılı olmayaraq ailə üzvlərinə əl qaldırdıqları hallar olur.
Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, ailədə zorakılığın artmasının səbəbi ilk öncə ailədə qurulmuş sistemdən irəli gəlir: “Əgər bir ailədə sistem pozulubsa, burada ailə üzvlərinin psixoloji gərginliyi nəticəsində psixoloji pozğunluq da var. Zorakılığa meyl uşaqlıq illərindən şüuraltı qavramalardan irəli gələn zorakılıqdır. Məişət zorakılığının kökü fərqli ola bilər: ər və arvad arasında olan zorakılıq, ananın və ya atanın övladına qarşı etdiyi zorakılıq. Kişinin həyat yoldaşına məişət zorakılığı tətbiq etməyinin səbəbi uşaq vaxtından valideyn tərəfindən düzgün tərbiyə edilməməsi, öz atasının da anasına qarşı zorakılıq etməsindən irəli gələ bilər. Nevroloji və ya psixoloji pozuntu nəticəsində bu tip kişilər gələcəkdə ailə qurmuş olurlarsa, “vaxtıykən mənin anam dözüb” deyərək, həyat yoldaşına, sonda ağlayan uşağına da əl qaldırırsa, bu, artıq onda ilk öncə yaşadıqlarının acısını çıxarmaq üsullarından biridir”.
Həmsöhbətimizin dediyinə görə, bəzən oğlan uşaqlarını tərbiyə edərkən onların qadına qarşı olan münasibətini düzgün tərbiyə etməyən valideynlər var ki, gələcəkdə işgəncə verən ailə başçısının təməlini qoyurlar. “Xanımlar var ki, uşaqlıqda atasının anasına qarşı etdiyi işgəncəni görür və bunun nəticəsində öz həyat yoldaşı ilə qurduğu düzgün olmayan davranışı nəticəsində də ailə sistemini pozmuş olur. Bir növ həyat yoldaşını ona zorakılıq etməyə qıcıqlandırır. Eləcə də, uşaqlıqda psixoloji durumu pozulmuş ana öz övladına zorakılıq edir. Övladını düzgün tərbiyə edə bilmir, düzgün davranışa malik olmayan bir vətəndaşın yetişməsinin səbəbkarı olur”.
Rüstəmova qeyd edir ki, məişət zorakılıqlarının digər səbəbləri cəmiyyətdə baş verən çatışmazlıqlardır: “Pulsuzluq, kasıbçılıq ailədə gərginliyin, aqressiv davranışların artmasına gətirib çıxarır. Ailə başçısı pul qazana bilmədikdə evə gəldikdə həyat yoldaşının kiçik bir şikayəti, etirazı, narazılığı ona əl qaldırmağa səbəb olur. Bütün bunların hamısı psixologiyası yerində olmayan, zəif xarakterli insanın davranışına xasdır”.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, adətən zorakılıq ailədə hökmranlığı saxlamaq, digər ailə üzvünü və ya ailə üzvlərini itaətdə saxlamaq, onları idarə etməkdən ötrü törədilir. Belə ailələrdə sevgi, etibar, qorunmaq hissi əvəzinə qorxu, təlaş, zorakılıq yaşanır. “Ailədaxili zorakılıq fiziki olduğu kimi, psixoloji da olur. Məişət zorakılığına yalnız qadınlar deyil, kişilər, uşaqlar da məruz qalır. Emosional zorakılıq zamanı ailədə dözülməz şərait yaradılır, bir və bir neçə ailə üzvünü idarə etmək üçün psixoloji təzyiqlər edilir”.
Vəkil Aynur Musayeva bildirir ki, məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə hər hansı şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir: “Məişət zəminində fiziki zorakılıq qeyd olunan şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasından ibarətdir. Məişət zəminində psixi zorakılıq qeyd olunan şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir. Ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər və götürülənlər, birgə yaşadığı hallarda digər qohumlar, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın məişət zorakılığına qarşı qanunvericiliyin müddəaları ilə müdafiə edilmiş şəxslərdir”.
Musayeva qeyd edir ki, məişət zorakılığı barədə vətəndaşın verdiyi şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən baxılır: “Zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə zərər çəkmiş şəxsə narahatlıq gətirən hərəkətlərin edilməsi qadağan edilə bilər”.
Vəkilin dediyinə görə, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər: “Qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər”.
A.Musayeva əlavə edir ki, zərərçəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri təşkil olunur: “Yardım mərkəzlərində zərər çəkmiş şəxslərin hüquqi və tibbi yardımla təmin edilməsi, onların sosial müdafiəsi üçün sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında köməklikliyin göstərilməsi, zəruri hallarda onların müvəqqəti sığınacaqla təmin olunması işləri aparılır”.
Aynurə Məmmədova