Müasir dövrdə psixologiya elmi daha da inkişaf etməkdədir. Bildiyimiz kimi, respublikamızın məktəblərinin böyük əksəriyyətində psixoloq fəaliyyət göstərir. Lakin məktəbdə baş verən bütün neqativ halların qarşısını təkcə psixoloq ala bilməz. Bu günün tələbi ondan ibarətdir ki, ailə ilə məktəb birlikdə fəaliyyət göstərsin. Əgər bu birlik düzgün şəkildə qurularsa, ailədə və məktəbdə sağlam münasibətlər formalaşar.
Tərbiyənin təməli ailədə qoyulmasına baxmayaraq, məktəb həmin tərbiyəni formalaşdırır və istiqamətləndirir. Bu gün bir reallıqdır ki, bəzi məktəblərdə çətin tərbiyə olunan şagirdlərin sayı artmaqda davam edir. Bu isə bir çox hallarda ondan irəli gəlir ki, valideynlər övladlarına kifayət qədər vaxt ayırmır, onları dinləmir. Övlad hər hansı bir hadisəni anası ilə bölüşmək istədikdə, “işim var, sonra danışarıq” kimi ifadələr işlədilir. Halbuki valideyn anlamır ki, bu sözlərlə övladının özünə olan inamını və güvənini qırmış olur.
Əgər valideynlər övladları ilə dost münasibəti qura bilsələr, onlara zaman ayırsalar, bu gün evdən qaçan, özünü evdə rahat hiss etməyən və risk qrupuna meyilli uşaqların sayı xeyli azalar. Məktəblərdə isə problemli ailələrin övladları ilə fərdi söhbətlərə vaxt ayrılmalı, onlara psixoloji dəstək göstərilməlidir. Müəllimlər şagirdləri dinləməyə çalışmalıdırlar. Dinlənilən hər bir şagird özünü tək hiss etmir və zərərli vərdişlərdən uzaqlaşmağa başlayır.
Bu gün məktəb psixoloqu ilə yanaşı, hər bir müəllim də şagirdlərin daxili dünyasına yol tapmalıdır. Şagirdlər vətənpərvər ruhda tərbiyə olunmalıdırlar. Ay ərzində keçirilən tədbirlərdə isə onların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
44 günlük Vətən müharibəsi zamanı vətənpərvər oğullarımızdan bütün dünya danışdı. O cümlədən, Avropa mətbuatında Azərbaycan qadınlarından və müəllimlərindən — onların yetişdirdiyi vətənpərvər oğullardan bəhs olundu. Azərbaycan qadınının vətənə, anaya, torpağa, milli-mənəvi dəyərlərə hörmət hissini necə aşıladığını bütün dünya mətbuatı qeyd etdi.
Eşq olsun Azərbaycan qadınına!
Eşq olsun Azərbaycan müəlliminə!
Psixoloq Sədaqət Soltanova