Ötən tədris ilində Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi hallarla bağlı komissiyaya daxil olan məlumatların 194-ü şagirdlərin xəsarət alması ilə bağlı olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, ötən il 27 şagirdi maşın vurub.
Qeyd edək ki, məktəblilər arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilsə də, hər il xeyli sayda şagird yol nəqliyyat hadisələrinin qurbanı olur. Xüsusilə paytaxtda şagirdlərin yollarda yol nəqliyyat hadisəsinin qurbanı olmasına tez-tez rast gəlinir.
Valideyn Nigar İsgəndərova bildirir ki, Nizami rayonunda yerləşən 220 saylı məktəbin ətrafında səkilər yoxdur. Şagirdlər məcbur olub yolun kənarı ilə gedib-gəlirlər. Bu isə piyada məktəblilərin həyatını təhlükəyə atır. Valideyn bildirir ki, dəfələrlə AAYA-a müraciət etsələr də, hələki problem həll olunmayıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, şagirdlərin yol qəzalarına tuş gəlməsinin səbəbi aidiyyatı qurumlardır. Onun sözlərinə görə, bu halların qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblərin ətrafını müayinə etməlidir: “Bu gün bəzi məktəblərin ətrafındakı yollarda xətt çəkərək, sarı yanan işıqlar qoyulsa da, əksər məktəblərin yaxınlığındakı yollarda şagirdlərin təhlükəsizliyi təmin olunmayıb. Yol hərəkətinin təşkili Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Yollarda nişanların quraşdırılması ilə bağlı təklifləri BNA verir. Bu işi icra edən qurum isə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir”.
Ekspert deyir ki, burada yol polisi əməkdaşlarının da məsuliyyəti var. Onlar ərazidə daim xidmətdə olduqlarından, nöqsan və qüsurları gördükcə raport yazıb rəhbərliyə təqdim etməlidirlər. Sonda bu barədə BNA-a müraciət olunmalıdır.
Amma E. Muradlı şagirdlərin avtomobillə vurulmasında sürücülərin məsuliyyətinin də rol oynadığını söyləyir. Deyir ki, bəzi hallarda sürücülərin kobud qayda pozuntusu nəticəsində şagirdləri məktəblərin yaxınlığında maşın vurur. “Sürücü bilə-bilə ki, yaxında məktəb var, avtomobilə 20-30 km sürət əvəzinə 60-70 km sürət seçirsə, belələrini sürücülük hüququndan məhrum etmək lazıdmır”.
E. Muradlı həmçinin qeyd edir ki, məktəblərə gedən yolların bəzilərində səki yoxdur. Bu da şagirdlərin yol nəqliyyat hadisələrinin qurbanı olmasına təkan verir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bu ittihamları qəbul etmir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni tədris ili başlayandan 100-dən çox məktəbin qarşısında piyada təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb. Onun sözlərinə görə, bu daha çox Bakıətrafı qəsəbələrdə yerləşən məktəblərdir: “Məktəblərin ətrafı eyni səviyyəli piyada zolaqları təmin edilib. Zəruri olan yerlərdə piyadalar üçün işıqforlar quraşdırılıb. Məktəblərin qarşısında 30 km sürət limiti qoyulub. Bəzi yerlərdə qabarıq piyada keçidləri salınıb. Məktəblərin tərafında piyada təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi davam etdirilir”.
M.Ağayev həmçinin qeyd edir ki, orta məktəblərin ətrafında səki olmayan yerlərdə səkilərin salınması ilə bağlı işlər aparılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Bakı şəhərində şagirlərin yol qaydaları ilə bağlı maarifləndirildiyini söyləyir. Onun sözlərinə görə, məktəblərdə şagirdlərə yol hərəkəti qaydaları izah edilir. Onun sözlərinə görə, ötən 9 ay ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb. DYP rəsmisi deyib ki, bu ilin yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində ümumi qəzalardan 3-ü motosiklet nəqliyyat vasitəsi ilə baş verib, 1 nəfər vafat edib, 4 nəfər xəsarət alıb: “Moped nəqliyyat vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yük avtomobillərinin iştirakı ilə 11 hadisə qeydə alınıb, 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”.
A. Əsgərli bildirir ki, 16 yaşadək (uşaq da daxil) yeniyetmələr arasında 23 yol nəqliyyat hadisəsi olub, 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
Onun sözlərinə görə, ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb. 2021-ci ilin 9 ayında hadisələrdə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir.
Zülfiyyə Quluyeva