Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə demişdi.
Şöbə müdiri həçminin bildirmişdi ki, ötən il valideynlər artıq uşaqlarına forma aldıqları üçün məcbur edilməmişdi:
“Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, “forma istəmirik”. Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq”.
Forma ilə getmək məcburidir, yoxsa?
Elnur Əliyev qeyd etmişdi ki, növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək.
“Məktəblərin artıq böyük hissəsi artıq forma seçimi edib. Konkret saylar tədris ilinin sonunda açıqlanacaq. Qərarda açıq-aydın qeyd olunub ki, formalarla bağlı yekun qərarı məktəblərin pedoqoji şuraları verməlidir. Məktəblər özlüyündə kifayət qədər müstəqil qurumdur. Sadəcə biz tövsiyə edirik ki, məktəblilərin formada dərsə gəlməsi daha müvafiqdir”, – deyə şöbə müdiri qeyd etmişdi.
E.Əliyev onu da əlavə etmişdi ki, artıq məktəbli formaları ilə bağlı istehsalçı müəssisələrə məlumatlar verilib:
“Nə qədər məktəbin seçim etdiyi, təxminən nə qədər şagirdin forma alacağı öz əksini tapıb. İstəyirik ki, valideynlər almaq istədikdə rahatlıqla formanı tapa bilsinlər”.
Bəs görəsən tikiş müəssisələri növbəti tədris ilinə qədər məktəblilərin formaya olan təlabatını ödəyə biləcəkmi?
Artıq istehsala başlanılıb
Bu sualla öncə müvafiq sahədə ixtisaslaşmış tikiş müəssisələrindən olan Bakı Tikiş Evinə (BTE) müraciət etdik. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirdi ki, bu il kifayət qədər vaxt olduğundan, məktəbli formalarının xammalının gətirilməsi, istehsalı ilə bağlı problem olmayacaq.
E.Əzimovun sözlərinə görə, artıq BTE-də məktəbli formalarının istehsalına başlanılıb. Müəssisə səlahiyyətlisinin sözlərinə görə, BTE-nin təlabata uyğun məktəbli forması istehsal etməyə potensialı var.
“Lazım olan qədər parça gətirmişik. Nə qədər məktəbli forması istehsal etməyimiz tələbdən asılı olacaq. Nə qədər tələb olacaq o qədər də istehsal edəcəyik”, – deyə E.Əzimov bildirib.
Onun sözlərinə görə, istehsalla yanaşı yeni mağazaların da açılmasına başlanılıb:
“On beş – on altı mağazamızı açmağı nəzərdə tutumuşuq. Eyni zamanda istehsal davam edir. Hazırda satışda da müəssisəmizin istehsalı olan məktəbli formaları var”.
Kim ucuz satarsa…
Məktəbli formalarının qiymətinin dəyişməyəcəyini də bildirən Əzizov deyir ki, hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz polesterdəndir və onların qiyməti isə 25 manatdır. Onun sözlərinə görə, ötənilki qiymətlər dəyişməyib.
Müəssisə rəsmisi bildirir ki, forma istehsalı üçün tərkibi 60 faiz yundan ibarət parçalar əvvəldən sifariş verilməlidir. Çünki, parçalar iki ay müddətində toxunaraq rənglənib göndərilir.
Şöbə müdiri vurğulayır ki, qoyulan qiymətdən aşağı məktəbli forması satılırsa, bu həmin məhsulun keyfiyyəti barədə şübhələnməyə əsas verir.
“Yun parçaların bir metri 10 ABŞ dollarından ucuz gəlmir. Bu isə 17 manat edir. Biz isə ətək və şalvarlara 25 manat qiymət qoymuşuq. Mənim fikrimcə, ƏDV, gətirmə, daşınma, istehsla xərclərini hesablasaq bu o qədər də yüksək qiymət deyil. Əgər haradasa bu qiymətdən aşağı satılacaqsa, deməli parçanın keyfiyyətindən şübhələnməyə əsas var”
Bazarda məktəbli forması istehsalı ilə məşğul olan başqa istehsalçıların da olduğunu söyləyən. Əzizov bildirir ki, məktəblər rəng seçərək sifariş verir. Tikiş müəssisələri isə həmin sifarişləri yerinə yetirir.
1,7 milyon şagirdi kim geyindirəcək?
Təhsil eksperti Kamran Əsədov bildirir ki, respublikada fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1,7 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir.
Onun sözlərinə görə, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar verildikdən sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz!
K.Əsədov onu da bildirir ki, məktəbli formasının istehsalı prosesinə ölkədəki bütün tikiş müəssisələri qoşulmalıdır. Bu zaman rəqabət mühiti məktəbli formalarının vaxtında istehsalına və keyfiyyətinə müsbət təsir göstərəcək.
Bu il forma istehsalında rəqabət var, qiymətlər isə…
Bakı Tekstil Fabrikindən də məktəbli forması istehsalının davam etdirildiyini bildirdilər. Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva bildirir ki, fabrikdə məktəbli formalarının kütləvi istehsalına başlanılıb.
Onun sözlərinə görə, ötən tədris ili məktəbli formaları ilə bağlı qərar gec verildiyindən vahid məktəbli formasına tam keçid baş tutmadı. Bu tədris ilindən isə məktəbli formalarının istehsalına vaxtında başlanıldığından satışında problem yaranmayacaq.
S.Babayeva məktəbli formalarının qiymətlərinin dəyişməyəcəyini də vurğulayır.
Xatırladaq ki, 2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri”ni təsdiqləyib. Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib.
Məktəblərin seçimindən asılı olaraq formalar aşağıdakı rənglərdə hazırlana bilər: tünd boz, tünd göy, tünd qəhvəyi və xaki rəngli şalvar və ətəklər, həmçinin, ağ, göy və bej rəngli polo tipli köynəklər. İstehsalçılar yun, polyester və pambıq parçalardan istifadə etməlidirlər.
Martın 1-dən məktəblərin pedaqoji şuralarına rəng sxemini seçmək həvalə edilib. Şagirdlər müəllimlər şurasının növbəti qərarına qədər bir neçə il seçdikləri formanı geyinməlidirlər. Nəticədə, paytaxt məktəblərinin əksəriyyətinin qərarı ilə seçim mavi və boz rənglərdə aşağı geyimə, eləcə də ağ və mavi tonlarda üst (polo tipli köynəklər) geyimə verilib.
Zülfiyyə Quluyeva