ilham-ferize

Sevgiləri dastana dönənlər

Baxış sayı: 490

Dünyanın bir çox ölkələrində sevgililər günü 14 fevral tarixində qeyd olunsa da, 2003-cü ildən etibarən Azərbaycanda 30 iyun milli Sevgililər Günüdür. Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

Onlar 1989-cu il iyunun 30-da vağzalı sədaları altında ailə həyatı qurublar. Evliliklərindən heç bir il ötməmiş, 1990-cı ilin 20 yanvar hadisələri zamanı İlham hazırkı “20 Yanvar” dairəsində düşmən gülləsinə tuş gələrək şəhid olub. Fərizə isə bütün bu yaşananlara tab gətirə bilməyərək özünə qəsd etmək qərarına gəlir. Birinci dəfə özünü yandırmaq istəyir, amma qarşısını alırlar. Qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkə içir və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur. Bətnindəki körpəni də özü ilə məzara aparır…

Fərizənin etdiyi qəsd yox, İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi və bu gün onlar birlikdə  Şəhidlər Xiyabanında əbədi yuva salıblar. Sevgiləri tariximizin ən möhtəşəm abidəsini yaradıb. Ailə quran gənclər onların məzarını ziyarət edir, xeyir-dua alır, əhd-peyman bağlayırlar. Bu tarix sevginin böyüklüyü, Fərizənin isməti, mərdliyi, dəyanəti, vəfası, cəsarətidir. İlhamla Fərizənin hekayəsi nə qədər kədərli sonluqla bitmiş kimi görünsə də, onların hekayəti əslində bitməyib. 31 ildir onların sevgisi dillər dastanı, gələcək nəsillərə sevgi nümunəsidir.

ilham ve ferize

Bu dastanla böyüyən “İlham və Fərizə”ləri 44 günlük Vətən müharibəsi zamanı da çox gördük. Bu müddətdə də həyat, ömür-gün yoldaşını içi qan ağlaya-ağlaya, mərdliklə çiyinlərində daşıyan əsl Azərbaycan xanımlarını tanıdıq.

Vətən uğrunda canını verən igid oğullarımız və həmin igidlərin arxasında dayanan mərd və ismətli qadınlarımız, məhəbbət və sədaqət bayramınız mübarək olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir