Faiq Agayev

Məşhurların şəxsi həyatına müdaxilə nədən qaynaqlanır?

Baxış sayı: 1. 239

Əksər teleaparıcılarımızın reytinq xatirinə son vaxtlar məşhurların həyatlarındakı müəyyən məqamları efirdə açıb-tökmələri haqda çox danışılır. Bu dəfə   bu məqamlara elə tanınmışların fikrini öyrənmək üçün bir neçəsi ilə həmsöhbət olduq.

Sorğumuna  ilk münasibəti xalq artisti Faiq Ağayev bildirdi. Faiq Ağayev yetərincə savadlı, intellektual səviyyəsi üstün dərəcədə olan bir şəxsdir. O, hər bir mövzuda açıq debata girməyi bacaran, keyfiyyətli fikirləri ilə doğrunu söyləyən Azərbaycanın mədəni, sözünübilən vətəndaşı kimi tanınır.

O söylədi:

“Adətən tanınmış şəxslərin şəxsi həyatlarının gündəmə gətirilməsini jurnalistlər onunla əsaslandırırlar ki, həmin şəxslər  ictimai fiqur olduqları üçün bu mövzu  hər kəs üçün maraqlıdır və bunu bilmək cəmiyyətin haqqıdır. Ola bilər. Ancaq buna bir halda yol vermək olar – əgər istənilən tanınmış adamın şəxsi həyatı cəmiyyət üçün ictimai təhlükə xarakteri daşıyırsa. Bütün digər hallarda bunu etmək yasaqdır. Azərbaycan Respublikasının Konstitusiyası var. Konstitusiyamızın 32-ci maddəsinin 3-cü bəndində bu haqda dəqiq izah var. Orda deyilir ki, “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”. Bu bəndə əməl etməmək qanun pozuntusudur. Danışdığımız mövzu “sarı” jurnalistikada daha çox tətbiq olunur. Bu da bəllidir ki, reytinq xatirinə – oxunmaq və baxılmaq üçün. Bu, çox acınacaqlıdır. “Sarı” jurnalistika bütün dünyada məhz bu tip materiallarla dəstəklənir. Burada İP davası gedir, öz resurslarına daha çox baxış kütləsi yığmaq məqsədi daşıyır. Ən gülməlisi isə odur ki, onlar üçün mövzu qıtlığı var deyə, bu üsula əl atırlar. Buna baxmayaraq, o yöndə çalışan jurnalistlər iddia edirlər ki, guya toxunduqları sözügedən mövzu yetərincə ciddidir və baxılma, oxunma sayı daha çoxdur. “Daha çox” həmişə yaxşı demək deyil. Məncə “daha çox” məsələsi vacib olan taleyüklü məsələlərdə öz əksini tapmalıdır. Bizim ölkəmizin müxtəlif sahələrdə müxtəlif problemləri var. Onların həlli ilə həm dövlət, həm vətəndaş cəmiyyəti, eləcə də fəal fərdlər məşğuldur. Tamaşaçını, oxucunu kiminsə şəxsi həyatının toxunulmaz hissəsi ilə yedizdirib, doyuzdurmaq lazım deyil. Bu, mənəviyyatla oynamaqdır. Bir sözlə, bu gün istər mətbuatda, istərsə də telekanallarda tanınmışların heysiyyatı üzərindən reytinq xatirinə şou qurmağı mənəviyyatımızın dərin dərəyə sürüklənməsi kimi qiymətləndirirəm”.

faiq  agayev

 

Aparıcı, müğənni və bəstəkar Murad Arif də sözügedən mövzuya özünəməxsus şəkildə münasibət bildirib. Savad, tərbiyə baxımından bir çox göz önündə olan məşhurlardan seçilən, dəyər verilən Murad Arifin fikrincə hər yetənin iddiasına efir vaxtı ayırmaq doğru deyil:

“Belə çıxır ki, sabah istənilən adam, istənilən məşhur haqda ağlagəlməz iddia  ilə TV-yə, mediaya gələcək, verilişlər iddianı ictimailəşdirəcək, ertəsi gün 784 dənə saytda “Filankəs sən demə belədir” başlıqları yazılacaq. Arada 125 429 söyüş, təhqir, qarğış dolu şərhlər yazılacaq. Bundan sonra da ha, vəkil tut, ha, məhkəmə aç…. Gecdir artıq. Adın çıxınca, canın çıxsın misalı… Çox ehtiyyatlı olmaq lazımdır. Mən şəxsən, kimisə səhv suçlasam, vicdan əzabından ölə bilərəm. O cür məqamlarda hər tərəfin öz doğrularını öyrənmək lazımdır. Yoxsa, “Gəl studiyaya, cavab ver!” ədası etik deyil”.

MURAD ARIF

Çoxu xatırlayır ki, Nazilə Səfərli məhz belə bir xoşagəlməz halın qurbanlarındandır. Elə bu səbəbdən onun da mövzu ilə bağlı fikirlərini aldıq. Tanınmış şairə, filoloq Nazilə Səfərli reytinq xatirinə tanınmışların həyatını efirə daşıyan aparıcı və verilişlər haqda bunları dedi:

“Öncəliklə reytinq sözü birbaşa pul deməkdir. Yəni pulu birinin həyatının üzərindən qazanmaqdır. Reytinq dalınca düşən hər bir aparıcı pulgirdir. Bu, bir yana. Digər məsələ – başqasının şəxsi həyatına soxulmaq daxili yoxsulluğun əlamətidir. Belə insanlar başqasının şəxsi həyatında eşələnməklə ömür sürür. Fikir verirsizsə, bütün cahil insanlar qeybətə meyillidir – dəxli yoxdur, istər ali təhsil almış olsun, istər yox. Belə insanlar həm də öz eyiblərini görməyəcək qədər səfehdirlər. Fikirlərimin konkret ünvanı yoxdur. Amma dediklərim və deyəcəklərimdən istəyən adam öz payını götürə bilər… O ki qaldı konkret efirlərdə baş verənlərə, əgər hər hansı aparıcı istər bilərək, istər bilməyərək, reytinq xatirinə hansısa tanınmışın ailəsini sözün əsl mənasında alt-üst və biabır edirsə, eləcə də göz yaşlarına səbəb olursa və bunun da müqabilində özü ağılda toplumu ayağa qaldırırsa, bu, birbaşa televiziya rəhbərinə zərbə, xəyanətdir. Buna dostluq altda düşmənçilik deyilir. Səbəbi – aparıcı gəlib kanal rəhbərini inandırır ki, təqdim etdiyi verilişdə hər hansı tanınmışın şəxsi həyatı ilə bağlı qalmaqallı mövzu ortaya qoysa, yaxşı reytinq qazanacaqlar. Üstəlik də bildirir ki, bunun müqabilində yaxşı pul gəliri olacaq. Kanal rəhbəri də ona inanır və razılıq verir. Lakin bilmir ki, bunun pis fəsadları ola bilər və səsi sonradan çıxanda həmin kanal cahilliyi təbliğ edən kanal kimi tanınır. Kənardan bu, çox pis görünür. İnsanlarda belə təəssürat yaranır ki, həmin kanal evyıxan, şantajçıdır. Təəssüf ki, kanal rəhbərləri belə şeylərə yol verir. O ki qaldı bir müddət əvvəl mənimlə bağlı verilişlərin birində aparılan müzakirələrə, haqsız yerə çox böyük zərbə aldım! Tək mən deyil, yaxınlarım da zərbə aldılar! Anam şəkər xəstəliyi tapdı, atam isə insult keçirdi. Bütün bunları nəzərə alaraq deməliyəm ki,  kimsənin bunu bizə yaşatmağa haqqı yox idi. Ata və anama vurulan zərbəni heç vaxt bağışlamayacağam”!

Nazile Seferli

Mövzumuza son olaraq psixoloq aspektindən baxmaq istədik. Buna görə də ölkənin tanınmış psixoloqlarından olan Rəvan Soltana müraciət etdik. R.Soltan maraqlı fikirləri ilə mövzumuza nöqtəni qoydu:

“Bildiyimiz kimi insan həyatı əsas iki hissəyə ayrılır: şəxsi həyat və peşəkar həyat. Şəxsi həyatımıza daxil olan canlı və cansız predmetlər toplusuna isə biz birmənali şəkildə emosional bağlı olduğumuz üçün onlar bizim dəyərlərimizə çevrilir. Məhşur bir Hollivud aktyorunun “siz yeganə Hollivud aktyorusunuz ki, ailəniz haqda mediada yazılmayıb. Niyə?” – sualına onun “Çünki o, mənim şəxsimdir, kənar nəfərin müdaxiləsi artıq şəxsiliyi pozur” şəklində cavabı sözün yaxşı mənasında medianı təəccübləndirmişdi. Demək istədiyim budur ki, insanların şəxsi həyatına obyektiv əsas olmadan müdaxilə etmək etik anlam ve normativlərə birmənalı şəkildə zidd olduğu təqdirdə bu hal təkrarlı bir duruma çevrilmişdir. Sanki, dəyərlər dəyərsizləşdirilib. Bir kəsdən və vəziyyətdən istifadə etmək normaldır, normal olmayan ondan sui-istifadə etmək və olunmaqdır. Bir şəxsin xalq qarşısında, bir kütlə yaxud bir kəsə qarşı sərgilədiyi səmimiliyindən sui-istifadə etmək nə şəxsi, nə də biznes-etik normalarına xasdır.

Image result for psixoloq rəvan soltan

 

Yekun olaraq senzura mövzusuna toxunmaq istərdim. Senzura – həm də “sərgilədiyin davranış və fəaliyyətinin başqa şəxs və şəxslərin dəyərlərinə zidd olmalı deyil və onları narahat etməli deyil” anlamını verir. İstənilən seqmentasiyalı kəslərin şəxsi həyatına məhz obyektiv səbəb, şəxsi icazəsi olmadan bu və ya digər şəkildə müdaxilə etmək qeyri-etik, tətbiq olunduğu təqdirdə isə qeyri-senzur hal almış olur ki, bu da cəmiyyət üçün, gənclərimiz və ümumən, gələcək nəsillərimizin mental, motor və s. kimi düşüncə bacarıqlarının inkişafı üçün yalnış təbliğat metoduna çevrilir. Bu da arzuolunmaz nəticələrin yaranması üçün əsaslı səbəb sayıla bilər. Bir şəxsin həyatının onun icazəsi olmadan ictimaiyyətə işıqlandırılması və hələ bu işıqlandırmanın kinayəli formada və maddi maraq çərçivəsində edilməsininin qiymətləndirilməsini isə oxucularınız daha dəqiq verə bilərlər”.

 

Azər NƏSİBOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir