MURAD ARIF

Murad Arif: “Susa bilmirəm, mən valideynəm, övlad böyüdürəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 716

Bəstəkar-müğənni Murad Arif  “Yeni Müsavat”a müsahibəsində yaradıcılığındakı yeniliklərdən, şou-biznesin hazırkı durumundan və ailə həyatından bəhs edib. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

 

– Yayın ikinci ayını yaşayırıq. Amma siz hələ də iş başındasınız. Deyə bilərik ki, bu, “Oppalar”ın uğurudur?

– “Oppalar”dan oxuyan oğlan – Murad Arif özü istirahətə vaxt tapmır. Mahnı çıxandan həyat məni yaxşı mənada yorur. Ağır rejimim var, tələbatlı, lazımlı olmaq məni xoşbəxt edir.

– Nə zamansa, tükənəcəyinizi düşünürsünüz?

– Düşünürəm ki, nəfəs aldıqca istəklərim artır. Getdikcə daha da lazımlı oluram, yeni, böyük işlərə imza atıram. Tükənmək haqda heç düşünmürəm.

– “Oppalar” çıxanda çoxları dedi ki, elə bil uşaq mahnısıdır, bu nə addır?

– “Oppalar” böyüklərin də istifadə etdiyi kəlmədir.  “Oppalar”  həm uşaqların, həm böyüklərin mahnısıdır. Mahnını istənilən yerə yozmaq olar. Mən  fərqli fikirlərə müdaxilə etmirəm. “İnstagram”da 200-ə yaxın video paylaşmışam ki, insanlar “Oppalar”ı ifa edir, dinləyir, rəqs edir, əylənir. Hər kəsə xitab edən mahnı ifa etdiyim üçün sevincliyəm.

Mahnının alt mənasına gəldikdə isə bütün mahnılarımda alt məna var. Onların bəzilərini cəmiyyət çözə bilib, bəzilərini isə hələ də heç kim anlamayıb. “Bu şəhər ikimizə dar” – burada söhbət hansı şəhərdən getdiyini demirəm, çünki bu mənim hekayəmdir.

– Hansı şəhər sizə dar olub?

– Bəzən dünya mənə dar olur, heç yerə sığışmıram. Bu bir sevgi anıdır. Bütün şəhər sizin üçün 1 nəfərdən ibarətdirsə, siz ayrılmısınızsa,  şəhər sənə dar olur.

– Ayrılıqlara tez öyrəşirsiniz?

– Mən sevgidə heç vaxt ayrılmamışam, ilk və son sevgim həyat yoldaşımdır. Sevərək üzüyümü barmağımda daşıyıram. Ayrılıq nəğmələri qısa müddətli qığılcımlardan, məişət zəminində yaranan mübahisələrdən sonra yaranır. O zaman işin hər tərəfini düşünürsən, “Sənə ehtiyacım var”,  “Səninlə çox çətin mənə, sənsiz daha da çəkilməz” (Damlalar) yaranır.

Dostluqlarda, qardaşlıqlarda, yoldaşlıqlarda itirdiyim şəxslər olub. Deməzdim ki, zamanında asan idi, indi isə asandır. Çünki səadəti ailəmlə yaşayıram. Mənim üçün bütün bir komada toplaşan 6-7 insan bir yanadır. Ona görə dost dediyim naqislik etsə, mənə zərər verməyəcək. Çünki səadət dost-tanışda deyil, ailədədir.

– Batil inanclarınız varmı?

– Həyat enerjidən ibarətdir. Bizim baxışlarımızın, oturuşumuzun, sözümüzün enerjisi var. Hamısının  gücünə inanıram. Qorunmağın tək yolu özünü pak saxlamaqdır. Mən meditasiya ilə zamanında maraqlanmışam, arıqlamaq kurslarına yazılmışdım. Orada deyirdilər ki, 1 qurtum da spirtli içki içmək olmaz. Deyirdim ki, 1 az içsəm, sonra idman etsəm, kalori gedəcək. Dedilər ki, anlamırsan, spirtli içki ruhunu zəhərləyəcək, düşüncənə zərbə vuracaq. Kökəlmək mədə məsələsi deyil, göz-nəfs məsələsidir. Alkoqolla nəfsin, şəxsiyyətin zədələnir. Mən alkoqol qəbul edənlərə nə isə demirəm, onlara sataşmıram. Sözümü səhv başa düşməsinlər. Sadəcə, mənə deyilənləri danışıram.

– “Oppalar” mövsümün ən “hit” və müzakirə olunan mahnısıdır. Lətifə Soyuöz “Atv maqazin onlarla” verilişində dedi ki, Murad sanki mahnı yazmağı unudub, “Opplar”a ancaq çimərlikdə qulaq asmaq olar.

jWdLWhb7Bv3MJJaZtt3AQra1LkfPzc8otPMGzEgVhZPtAd53QBWU.jpg (250 KB)

– Hər kəsin xoşuna gəlmək olmur. Mənim mahnımı, şəxsiyyətimi müzakirə edən insanların bəzisi  səmimiyyəti ilə bəyənməyib, rəy söyləyir, bir qismi paxıllıqdan boş danışır. Bu mənim auramı zədələmir, işlərimə təsir göstərmir. Mən hansı mütəxəssisin sözü ilə işlərimdə düzəliş edəcəyimi gözəl bilirəm.  Bu, mənim vokal, muğam müəllimlərimdir, dəyər verdiyim bəstəkarlardır. Onların hansı işimi bəyənmədiyini bilirəm. Mənfi rəylər “Oppalar”a olan sevgini dəyişmir. Hazırda sentyabr üçün yeni mahnı üzərində işləyirəm.

–  Roza Zərgərli isə verilişdə belə bir ifadə işlətdi: “Murad istedadlıdır, uğurları qarşıdadır, amma ”star” deyil. Sizcə, “star” kimə deyilir?

– Rozanın təsəvvüründə “star” necə olur bilmirəm. “Star” sözünü sevmədiyim üçün Rozanın fikirləri məndə qıcıq yaratmır. Yəqin ki, “star” geyimləri saç düzümü ilə seçilən, davamlı konsert verən, medianın gündəmində olan, açıq şəkildə həmkarlarını sındıran ifaçıya deyilir.

– Toyların ən çox arzulanan müğənnisisiniz. Bəs Murad Arif konsert üçün nə zaman çalışmağa başlayacaq?

– Konsert vermək çox çətindir. Azərbaycanda cəmi 3-4 müğənninin əlaqələri, imkanı, dostları konsert verməyə imkan verir. Məndə dostcanlılıq, görünür, azdır. Mən kimlərisə ətrafıma yığıb deyə bilmərəm ki, filankəs dostumuzdur, de, sponsor olsun. Bunu edə bilmirəm. Konsert maliyyədir. Bir konsert üçün ən azı 100 min lazımdır. Ailə babası, 3 yerdə ev saxlayan biri kimi rahatlıqla 150 mini cibimdən çıxardıb konsertə xərcləyə bilmərəm. Bunu təşkilatçılar, prodakşınlar etməlidir. Konsert vermək istəyirəm, amma yaxın 2-3 ildə görünmür.

 

“Susa bilmirəm, mən valideynəm, övlad böyüdürəm”

 

– Azərbaycanda tamaşaçı reallığı da var ki, xarici müğənni üçün 300 manatından keçib bilet alır, amma yerli sənətçilərə 30-40 manat verməyə əli gəlmir…

– Təəssüf ki, belədir. Bizə qıymırlar. Birlik, dəstək, inam yoxdur, mənfi axtarırıq. Baxırsan ki, həkimdir, müəllimdir. Mahnı işıq üzü görən kimi böyük post yazır. Ay qardaş, xoşun gəlmir, səhifəni izləmə. Nə məcburdur ki, könül bulandırırsan? Şərh yazmağa sərf etdiyin vaxtı övladlarına ayır, kitab oxu, açıq havada gəz.

– 2018-ci il qalmaqallarla  gəldi və davam edir. Qalmaqalları izləyirsinizmi? Şou-biznesimizi necə dəyərləndirirsiniz?

– İlin təsirindəndir. Mənim də adım qalmaqallarda hallandı. Bu gün bizim Rəhim Rəhimlinin başçılıq etdiyi “MUZ TV”miz, Chatbox və “ARB ulduz” kanallarımız  var. Digər kanallarımız da mahnılarımızı, kliplərimizi yayımlasalar, inkişafı görəcəklər. Bir az da mənim sayəmdə, artıq müğənnilərdə klip çəkməyə meyllilik yaranıb. İşləmək lazımdır. Mən işləyirəm, həm də işlədirəm. Baxırlar ki, Murad klip çəkdi, faydasını gördü, onlar da çəkirlər.

– Vətəndaş mövqeyi olan bir neçə müğənnidən birisiniz. Sosial şəbəkədə yazdığınız tənqidi statuslar başınıza bəla olubmu?

– Mən bu məsələdə bəzi media orqanlarından şikayətçiyəm. Bir neçə dəfə başlıqların qurbanı olmuşam. Bu yaxınlarda bir sosial mesaj göndərdim ki, sosial güvənciniz yoxdursa, aztəminatlı ailəsinizsə, doğulacaq uşaqlarınızın sayını öncədən düşünün, qorunun. Düşünün ki, necə uşağa sevgi, çörək, təhsil verə biləcəksiniz. Bu, cəmiyyətimiz üçün vacib mesajdır. “İnstagram” səhifələri mənim qalstuklu, “jırnı” sifətli, həyatdan və özündən razı şəklimi veriblər. Elə bil, uşaqlıqda cırıq ayaqqabıları mən geyinməmişəm. Şəkilimlə çoxuşaqlı qadının fotosunu birləşdirib, yazıblar: “Murad Arif deyir ki, pulunuz yoxdursa, doğmayın”. Həmin fotonun altında minlərlə söyüş vardı. Bu cür şeylər adamı təəssüfləndirir. Bir müsahibəmdə demişəm ki, evim mənim üçün məbəddir, hər adam ora girə bilməz. Yazıblar ki, Murad Arif deyir ki, evimə yaxın qohumlarım da girə bilməz.  Bu məsələlər insanı yorur. Vətəndaş mövqeyinə gəldikdə isə artıq buna dur demək istəyirəm. Mənə deyirlər ki, sənin filan idarənin rəisi ilə nə işin var, niyə tənqid edirsən? Bəlkə oğlunun toyuna səni çağıracaq, sus.  Deyirəm ki, susa bilmirəm, mən valideynəm, övlad böyüdürəm. Mənim İsveçdə hər bir şəraitim var, sabah çantamı toplayıb, gedə bilərəm. Amma mən bu dildə danışıram, bu vətəni sevirəm, bu mühitdə uşaq böyüdürəm. Ona görə əyər-əskikləri demək borcumdur.

– Murad Arif kinli biridir?

– Kinli deyiləm. Lakin mənə qarşı edilən pislik və yaxşılıqları unutmuram. Sadəcə, çürükçü deyiləm. Mənim məhkəmələrə, davalara, qalmaqallara ayıracaq vaxtım yoxdur. O vaxtı ailəmə ayıraram.

– Ailə demişkən, ev işlərində həyat yoldaşınıza yardım edirsiniz?

– Yoldaşıma tapşırmışam ki, sözü açıq de. “Sən mənə kömək etmirsən” kəlmələri mənə heç nə demir. De ki, filan qabı mətbəxə qoy, xalçanı yumağa ver. Kömək edirəm. İlyarımdır ki, təqdimatlara, məclislərə getmirəm. Bir yerdən pul qazanmıramsa, ora getmirəm, vaxtımı ailəmə sərf edirəm. Evdə hər bir şeyə müdaxilə edirəm. Evdə nəyin harada yerləşdiyini, oğlumun, qızımın bağça müəlliminin adını bilirəm. Uşaqlarım “Youtube” kanalında nəyə baxıb, bağçada nə yeyib və s. Mən detalçıyam.

– Həyat yoldaşınız sizin hansı xüsusiyyətinizi bəyənmir?

– Telefona, internetə bağlı olmağımı bəyənmir. Bu da işimdir. Haqqımda yazılanları izləməliyəm. O, ancaq buna qıcıqlanır. Deyir ki, burada deyilsən. Işimizin məcburiyyətidir.

– Özünüz özünüzdə nəyi bəyənmirsiniz?

– Tənbəlliyimdən şikayətçiyəm. 1 ildə 5 klip çəkən oğlan özündən şikayətçidir. Düşünürəm ki, Murad Arif daha çox idmanla məşğul ola, daha çox mahnı yaza bilər.

– Kişi sənətçilərin xarici görünüşünə müdaxilə etməsi də müzakirə olunan məsələlər arasındadır.

– Mənim üst dişlərim çarpaz idi. Dostum Elnur Həsənlinin sayəsində bir müdaxilə prosesi yaşadım, ön dişlərim düzəldi. Birinci kursa qədər ağır həyat yaşamışam, qulağımın qarşısında özü boyda artıq ət vardı. Məhəllədə də, məktəbdə də hər zaman psixoloji təzyiqlər, lağ-lağı ilə rastlaşmışam. 1-ci kursda dedim ki, kompleksimdir, əti kəsdirdim. İnsan özünü rahat hiss edirsə, hər hansı prosedurdan keçə bilər. Bir də baxırsan ki, cavan oğlandır, üzünə botoks etdirib. Düşünürsən ki, gəncsən, nə vacibdir? Bir yandan da ağlına gəlir ki, o, özünü elə rahat hiss edir, sənə nə? Sən onun yaşadığı həyatı yaşamırsan. O, dəyişiklik edib rahat olursa, özü bilər. Saç boyamaqdır, sırğa taxmaqdır, bu cür şeylərə mənfi münasibət bəsləmirəm.  İnsanlar azad olmalıdır, öz seçimlərini etməlidir. Mən bunun tərəfdarıyam.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir