mehebbet

Məhəbbət Kazımovun oğlu: “…atama bircə bu, qismət olmadı” – MÜSAHİBƏ

Baxış sayı: 3. 771

Ötən gün Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun vəfatından iki il ötdü. Artıq iki ildir aramızda olmasa da, sevilən sənətkarın xatirələri onu sevənlərin yaddaşındadır. Məhəbbət Kazımovun anım günündə onu bir daha yad etmək, eləcə də bəzi məqamlara aydınlıq gətirmək məqsədi ilə əməkdar artistin oğlu Rəşid Kazımovla həmsöhbət olduq.

 

–         Məhəbbət Kazımovun ölümündən iki il ötdü. Atanızın ölümü ilə barışa bilmisinizmi?

–         Bu, Allahın əmri idi. Deməli, qismət belə imiş. İndiki məqamda barışıb-barışmamağımın elə bir önəmi yoxdur. Atamın vaxtsız ölümü ilə barışsam da, barışmasam da, içimdə daim bir boşluq var və bu boşluq heç zaman dolmayacaq.

 

–         Məhəbbət Kazımovun vəfatından sonra həyatınızın ən çox hansı məqamlarında boşluq hiss edirsiniz?

–         Sırf hansısa məqamı qeyd etmək çətindir, çünki belə demək mümkünsə, 2014-cü ilin 27 yanvarından mənim həyatım bütövlükdə boşluq içərisindədir.

 

–         Ölümündən öncə sizə son sözü nə olmuşdu?

–         Daim öz məsləhətlərini verirdi. Ancaq atamın ani ölümü son anda nəysə deməsinə imkan vermədi.

 

–         Məhəbbət Kazımovun oğlu olmaq sizin çiyinlərinizə hansı yükü qoyur?354360_14

–         Bu yükdən daha çox məsuliyyətdir. Ancaq gözəl məsuliyyətdir. Bu hiss bizi hər işi gördükdə iki dəfə düşünməyə vadar edir.

 

–         Müsahibələrinizin birində demişdiniz ki, atanızın ölümündən sonra onun mobil telefonundan siz istifadə edirsiniz və ona gün ərzində yüzlərlə zəng gəlir. Bu hal indi də davam edirmi?

–         Bəli, indi də atamın mobil nömrəsinə zənglər gəlir. Məhəbbət Kazımovun şəxsiyyətinə və sənətinə hörmət edənlər indinin özündə də onu yad edir.

 

–         Məhəbbət Kazımovun elə bir arzusu var idimi ki, indi onu siz həyata keçirmək istərdiniz?

–         Demək olar ki, bütün arzularını reallaşdırmışdı. Bircə Laçına qayıtmaq ona qismət olmadı. Ancaq işğalda olan yurdumuzu azad etmək bizim borcumuzdur. Laçın ermənilərdən azad olunanda rayonumuzun bir ovuc torpağını onun məzarına gətirmək istəyirəm ki, ruhu şad olsun.

 

–         Ölümündən sonra sənət yoldaşlarından gözlədiyiniz münasibəti görə bilirsinizmi?

–         Bəli, onun sənət yoldaşlarından tam səmimi, isti münasibət görürəm. Hər birinə minnətdaram və hamısına hörmətlə yanaşıram.

 

–         Yeri gəlmişkən, vaxtilə onun haqqında qumarda külli miqdarda pul uduzması, davamlı içki içməsi, eks duet ortağı Könül Kərimova ilə küsülü olması və s. kimi şayiələr yayılmışdı. Bu söz-söhbətlərə özünün və sizin münasibətiniz necə idi?

–         Bilirsiniz, həyatda hörmət qazanmış şəxslər olduğu kimi, insanların rəğbət bəsləmədiyi adamlar da var və belə adamlar həmişə hörmətli kişiləri ləkələmək istəyiblər. Yəni bu cür söyləntilər şayiədən başqa bir şey deyildi.

Mehebbet

–         Atanızın Fəxri Xiyabanda dəfn olunmayacağını gözləyirdinizmi?

–         Bilirsiniz, heç kim onun ölümünü gözləmirdi. Atamın vaxtsız vəfatından sonra elə vəziyyətdə idik ki, heç kim bu haqda düşünmürdü. Təbii ki, Azərbaycanın əməkdar artisti olan bir adamın Fəxri Xiyabanda dəfn olunması daha yaxşı olardı. Fəxri Xiyabanda dəfn olunmasa da, xalqın sənətkarı kimi dəfn olundu.

 

–         Həmin vaxt belə söz-söhbətlər yayılmışdı ki, M.Kazımovun Fəxri Xiyabanda dəfn olunmasına icazə verilməyib.

–         Bu suala cavab verə bilməyəcəm.

 

Söhbətləşdi: Tural Məmmədov

“Gencaile.az”

mehebbet 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir